Tələbə köçürülmələri ilə bağlı sənəd qəbuluna başlanıldı

17 июля 2017 14:59

Day.Az представляет новость на азербайджанском языке

Bu gündən ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbuluna başlanılıb.

Day.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə aparılacaq sənəd qəbulu avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçə bilərlər. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müəyyənləşdirilmiş minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qeyd edək ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.