Lerik İcra Hakimiyyətindən su xəttinin partlamasına MÜNASİBƏT

Day.Az представляет новость на азербайджанском языке

Lerik rayon İcra Hakimiyyəti rayon ərazisindəki su xəttində baş verən nasazlıqla bağlı açıqlama verib.

Day.Az xəbər verir kİ, Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, son vaxtlar rayona icməli su verilən xətdə mütəmadi problemlər yaranıb: "Ölkə başçısının tapşırığı ilə Lerik rayonunun içməli su təminatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenilənməsinə başlanılıb. Əslində, bu prosesə 2011-ci ildə start verilib. Amma xətlərdə yeniləmə işlərində bir müddət ləngimələr oldu. Məsələ ilə bağlı müraciətlərimizdən sonra bu ilin yanvar ayında işlər sürətləndirildi. Layihə Dünya Bankının maliyyə vəsaiti ilə həyata keçirilir. Sifarişçi "Meliorasiya və Su Təsərrüfatı" ASC-dir, tikinti isə Türkiyə şirkəti tərəfindən həyata keçirilir. Su xəttinin partlaması artıq adi hal alıb. Son 10 gündə həmin su xətti 3-cü dəfədir ki, partlayır. Hər dəfə 2-3 gün təmir-bərpa işləri aparılır və bu da əhalinin narazılığına səbəb olur. Hazırda kəmərdə yenidən təmir işləri aparılır. Artıq bu dəfə işə mütəxəssislər cəlb edilib ki, problemlər araşdırılsın. Su xəttinin partlamasına borunun keyfiyyətsizliyi də səbəb ola bilər, su xəttindəki yüksək təzyiq də. Hazırda bu məsələ araşdırılır".

H.Məlikov bildirib ki, hazırda əhali alternativ su mənbələrindən istifadə etməklə içməli suya olan tələbatını ödəyir: "Rayonda əhalinin əksəriyyətinin həyətində ehtiyat su anbarı və ya su çənləri var. İçməli suyu oradan istifadə edirlər. Amma xətdə problem yay aylarında baş verdiyindən ağacların suvarılmasında problem yarana bilər ki, bu problemi də aradan qaldırmağa çalışırıq".

Qurum rəsmisi bildirib ki, yaxın iki gün ərzində boru təmir ediləcək və əhali yenidən su ilə təmin ediləcək.

Qeyd edək ki, iyulun 17-də su xəttində baş vermiş nasazlıq nəticəsində Lerik rayonunun mərkəzi susuz qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.