STAR zavodunda işlərin 90%-i tamamlanıb: xərclər 6 mlrd. dolları ötüb

Day.Az представляет новость на азербайджанском языке

"SOCAR Türkiyəyə yatırdığı investisiyaların həcmini 19,5 mlrd. dollara çatdırmağı planlaşdırır və bu məbləğdə STAR neft emalı zavodunun tikintisinin maliyyələşdirilməsi önəmli yer tutur".

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, zavodun tikintisi qrafik üzrə irəliləyir. Hazırda zavodun tikintisinin 90%-nin başa çatdığını bildirən SOCAR prezidenti qeyd edib ki, növbəti ilin sentyabr ayından etibarən zavodda istehsal prosesinə başlanılacaq. "Zavodda istehsal olunan məhsullar Türkiyə bazarında satılacaq ki, bu da qardaş ölkənin defisitinin aradan qaldırılması baxımından önəmlidir. STAR zavodunun hesabına Türkiyənin 2,5 mlrd. dollarlıq defisitini bağlamaq mümkün olacaq. Türkiyənin neft-kimya məhsulları sahəsində 11,5 mlrd. dollarlıq defisiti var. Hazırda zavoda hansı məbləğdə vəsaitin yatırdıldığını demək çətindir, lakin bu rəqəm 6 mlrd. dollardan çoxdur", - deyə o qeyd edib.

R. Abdullayev əlavə edib ki, zavodun istismara verilməsindən sonra SOCAR ikinci neft-kimya layihəsinin reallaşdırılmasına başlayacaq. Layihənin ümumi dəyəri 3 mlrd. dollardır. "Bu layihənin reallaşması hesabına Türkiyənin neft-kimya məhsulları sahəsindəki defisiti 3 mlrd. dollaradək azaltmaq mümkün olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.