Bu görüş ermənilərin bütün səylərini silə bilər

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Azərbaycanla əməkdaşlığı dərinləşdikcə Ermənistana marağı azalır.

"Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərinin korlanması üçün göstərdikləri bütün səyləri heçə endirib silə bilər".

Bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində Soçidə prezident Vladimir Putinlə görüşünü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, son aylar Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlər ortaya çıxıb ki, onların yaranma səbəbləri birmənalı qiymətləndirilmir:

"Xüsusilə də, baxmayaraq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir, Rusiya XİN-i cəmi bir neçə gün əvvəl qəfildən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı diplomatik etikadan kənar bəyanat verməsi sual doğurur. Təbii ki, Azərbaycan XİN-in bununla bağlı kəskin və dolğun cavabından sonra məsələ nisbətən səngidi, amma suallar tam çözülmədi. Digər tərəfdən, Azərbaycan ictimaiyyətində Rusiyanın son aylarda Ermənistanı silahlandırması ilə bağlı böyük narahatlıq var. Söhbət Rusiya tərəfindən Ermənistana qrant əsasında silah-sursatın verilməsinin ikinci hissəsindən gedir. Erməni tərəfi hər vəchlə çalışır göstərsin ki, bu hərbi ilişkilər son nəticədə Azərbaycanın gücünün neytrallaşdırılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Ermənistan tərəfi Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanması üçün əlindən gələni edir və bəzi məqamlarda ortaya çıxan narazılıqların əsas səbəbini də məhz burada axtarmaq lazımdır".   

İ.Vəlizadə bildirib ki, hətta prezidentlərin görüşündə də qeyd edilib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri, yəni Ermənistanı və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib və gələcəkdə heç bir nəticə verməyəcəkdir: "Çox maraqlı vəziyyət yaranır. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması ilə bağlı bəyanatları nədənsə yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinə şərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhz Azərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və ya reaksiya yoxdur. "İskəndər" raketlərinin Ermənistana verilməsi ilə bağlı şərhləri də yenə də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç bir açıqlama olmayıb. Ona görə də raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçün verildiyi müəmma olaraq qalır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycan münasibətləri korlansın".

Ekspertin fikrincə, buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onun intensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, Rusiya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşı, ölkəmizə qeyri-neft sektoruna sərmayə qoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub" nəqliyyat dəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmir yol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər. Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə Ermənistana maraq azalır. Rusiya sərmayələri Ermənistana yox, Azərbaycana axır. Ermənistan Avrasiya İttifaqının üzvü olsa da, bu ona heç nə verməyib. Təzadlı olsa da, bu illər ərzində Azərbaycana yatırılan sərmayələr daha çox olub. Halbuki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün heç bir perspektiv yoxdur. Bundan başqa, Rusiya və Azərbaycan regionda terrorizmlə mübarizədə birgə çıxış edirlər.  Son illərdə iki ölkənin xüsusi xidmət orqanları tərəfindən bir neçə birgə antiterror əməliyyatı keçirilib. Bu əməkdaşlıq həm Rusiyanın Şimalı Qafqaz regionu üçün, həm də Azərbaycan üçün çox önəmlidir. Qısası, birgə maraqlar həddən artıq çoxdur və hər iki ölkə onları inkişaf etdirmək niyyətindədir. Buna baxmayaraq, son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdə müəmma hiss olunurdu. Təbii ki, bunlara aydınlıq gətirmək üçün prezidentlərin görüşməsi və qərar qəbul etməsi lazımdır.

Dövlət başçılarının Soçi görüşü də göstərdi ki, prezident arasında münasibətlər o qədər səmimidir ki, onlara belə məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. Rusiyanın dövlət başçısına kifayət edir ki, Azərbaycan prezidenti xahiş etsin ki, o, Soçiyə gəlsin və onlar bu məsələləri sərbəst şəkildə çözsünlər. Bu böyük göstəricidir. Ermənistan mətbuatı isə bundan çox narahatdır. Səbəb də odur ki, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər bu qədər səmimi olsun. Amma təkcə bircə bu görüş ermənilərin son vaxtlar göstərdikləri bütün səyləri heçə endirib silə bilər".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edilib.

İlkin İzzət

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.