Yayda ən gəlirli biznes sahələri

Day.Az представляет новость на азербайджанском языке

Dünya bazarında yay biznesi adlandırılan bir çox sahələr var ki, işbazlar və biznesmenlər 3-4 ay onunla məşğul olub, böyük pullar qazanırlar. Burada isə ölkələrin iqtisadi və turistik imkanları, eləcə də, digər faktorlar "ən gəlirli biznes" anlayışının şərtlərini dəyişir.

Day.Az İnterAz-a istinadən bildirir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, yay fəslinin ən gəlirli sahələrinə liderliyi digər ölkələrdə olduğu kimi Azərbaycanda da məhz turizm sektoru edir. Bu sahə digər fəsillərlə müqayisədə yayda ən yüksək gəlir gətirən sahəyə çevrilir.

"Yayda ən gəlirli sahə turizmdir. Çünki məhz yayda demək olar ki, hamı istirahətə gedir və yaxud ölkəyə gəlir. Digər sahə isə hesab edirəm ki, nəqliyyatdır. Turizmlə yanaşı bir çox xidmət sektorlarında da, xüsusən də, kafe, restoranların da gəlirlərinin artması müşahidə edilir. Bura da turizmlə əlaqəli olduğundan yayda yüksək gəlir əldə olunur.

Ekspert yay mövsümünə xas olan spesifik sahələr olduğunu da qeyd edir. Onun sözlərinə görə konkret mövsümlə bağlı dondurma, sərinləçdirici içiklər, eləcə də fəsilə uyğun olaraq böcəklər və ağcaqanad dərmanları satışı ilə yaxşı gəlir əldə etmək mümkündür.

"Yayda yüksək gəlir gətirən xidmət sektorundan başqa bir sıra ərzaq məhsullarına da tələbatın artması bu məhsul satışını gəlirli biznes sahələri edir. Bunlar arasında buz, dondurma, meyvə şirələri biznesi xüsusi yer tutur. Qeyd edim ki, digər ölkələrlə müayisədə ət məhsullarına tələbat Azərbaycanda heç də azalmır. Əsasən də kabab üçün təzə ət məhsullarına tələbat artdığından bu biznes sahəsi də yaxşı gəlir gətirir".

Sonda xarici ölkələrdən qonşu Türkiyənin ən gəlirli biznes sahələrini qeyd etmək istərdik. Aradakı fərqi və oxşarlıqlara isə özünüz diqqət yetirin.

Türkiyə saytlarının yazdığına görə, yay aylarında Türkiyədə buz və dondurma satışı da artır. Türkiyəli mütəxəssislərin hesablamasına görə, hətta, gündəlik 200 ədəd dondurma satışı nəticəsində 3 min manata yaxın gəlir əldə etmək mümkündür.

Bunlarla yanaşı qardaş Türkiyədə xeyli populyar olan bir biznes növü də dəniz biznesidir ki, bura daxil olan yaxta kirayəsi küllü miqdarda pul deməkdir. Çünki yaxta otellərdən bezib, bir yerdə yay tətilini keçirmək istəməyən turistlərə alternativ tətil variantıdır. Yaxtalar turistlərlə yanaşı toy, nişan, şirkət yeməkləri kimi tədbirlər üçün də kirayələnir. Yaxtaların bir günlük kirayəsi isə 200 avrodan başlanır. Yaxtanın ölçüsü və içindəki bəzi atributlara görə 2 min avroya qədər arta bilər.

Daha bir orijinal təklif isə kiçik qayıqların kirayəsidir.

Gəlir faizi yüksək olan bir başqa yay biznesi də yay aksessuarlarının satışıdır. Məsələn, Türkiyədə yay aksessuarlarının illik bazarı 250 milyon manatdır. Çimərlik geyimlərindən tutmuş, çimərlik çantasına, başmaqlara, eynəyə qədər bir çox aksessuarlar yayda "yağ" kimi satılır.

Digər sahə isə ev alqı-satqısı ilə məşğul olmaqdır. Bağların və villaların kirayəsi ilə də yüksək qazanc əldə etmək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.