Elariz: "Xatunun məni parodiya etməyə ixtiyarı yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

Day.Az Müğənni Elariz Məmmədoğlunun Milli.Az-a müsahibəsini təqdim edir:

- Elariz müəllim, müğənnilərin toylardan şikayətçi olduğu bir vaxtda demək olar ki, sizdə bu problem heç olmadı. Bunu İnstagram-dakı gündəlik paylaşımlarınızdan da görmək olur.

- Mən demirəm ki, toylar çoxdur, amma müəyyən qədər var. İnsan hər gününə şükür etməlidir. Toylarımın olmasının səbəbi isə daima insanları maraqlandıran mövzularda yeni-yeni mahnılar yazdırmağımdır. Uzun illər əvvəl qazandığım pərəstişkarlarım var ki, onlar məni bu günkü gündə öz övladlarının, nəvələrinin toyuna dəvət edirlər. Halbuki vaxtilə öz toylarını idarə etmişəm. Bu yaxınlarda oxuduğum "Peykər baxa" adlı ləzgi mahnısı ilə də Dərbəndə, Qusara bir sözlə ləzgilərin yaşadığı yerlərə dəvət alıram.

- Toyları özünüz danışırsınız?

- Toyları mən də danışıram, köməkçilərim də. Hətta İnstagram hesabımda öz şəxsi telefon nömrəmi də qoymuşam. Şəxsən mənə zəng edənlər də olur.

- Deməli, işləyən müğənni acından ölmür.

- Uzun illərin sənətçisi kimi deyə bilərəm ki, acından ölən müğənni yoxdur. Sadəcə olaraq, kiminsə toyu azdır, kiminsə toyu çoxdur, elələri də var ki, ümumiyyətlə yoxdur. Əgər müğənni işləyirsə, öz işinə pul qoyursa, o heç vaxt işsiz qalmayacaq.

- Nadir Qafarzadə bu günlərdə verdiyi müsahibəsində qeyd etdi ki, toy yoxdur. Sadəcə müğənnilər toylarda libas dəyişərək, İnstagram üçün videolar çəkdirib, onu bir neçə gün paylaşırlar. Bu nə dərəcədə doğrudur?

- Vallah nə deyim? Məni başqa müğənnilərin fəaliyyəti bir o qədər də maraqlandırmır. Məni maraqlandıran yalnız öz işimdir. Az-çox müvəffəqiyyət qazanmışamsa, deməli işlərim uğurlu olub.

- Sizi heç vaxt kiminsə "bostanına daş atarkən", kimləsə qalmaqal edərkən görməmişik. Amma bütün bunlara baxmayaraq sizə qənim kəsilənlər də olur. Olmaya sakitliyinizdən istifadə edirlər?

- İşləyən adama həmişə paxıllıq edən çox olur.Ona görə də mənim işimə qənim kəsilənlər əskik olmur. Hərə bir "qulp" qoymaq istəyir. Mən belə şeylərə fikir vermirəm. Başqasının işinə vaxt sərf etmək, ona paxıllıq etmək insanın vaxtını aparır. Onların yerinə olsaydım, həmin enerjini mən öz işimə sərf edərdim.

 

- Xatun bu yaxınlarda verdiyi açıqlamada bildirmişdi ki, Elarizin məni görən gözü yoxdur. Onunla nə üstündə qalmaqal yaşamısınız?

- Xatun bir çox müğənnilərlə yanaşı məni də parodiya etmişdi. Mən isə sadəcə olaraq açıqlama vermişəm ki, sənin məni parodiya etməyə ixtiyarın yoxdur. Çünki mən yalnız professional aktyorların məni parodiya etməsinə icazə verirəm. Hətta elə gənc aktyorlar var ki, onlar məni parodiya edirlər, zəng edib etiraz edirəm. Çünki müəyyən xarakteristikalarım var ki, onlar bunu dərk edə bilmir. Amma professional aktyorlar məni olduğu kimi parodiya edirlər, bu da mənim xoşuma gəlir.

- Hal-hazırda münasibətləriniz nə yerdədir?

- Biz dostuq, onun xətrini çox istəyirəm.O da mənim xətrimi çox istəyir. Sadəcə olaraq, o mənim bu açıqlamamdan sonra bu cümləni işlədib. Mənə elə gəlir ki, onun dediyi bu söz bizim aramızda qalmaqal etməyə səbəb olmayacaq. Hətta biz görüşdük, əvvəlki dostlar kimi çox isti münasibətdə olduq. Biz barışmışıqsa, buna paxıllıq edənlər də olacaq. O məni verilişinə də dəvət edib.

- Eltonla münasibətiniz bəs nə üstündə pozulmuşdu?

- Eltonun günahı böyükdür. Özündən böyük sənətkara söz atıb sataşır. Mənim haqqımda lətifə yaradıb, paylaşır. Guya Habil Əliyev zəng edib məndən söz soruşub, mən ona başqa cürə cavab vermişəm. Rəhmətlik Habil Əliyev mənim haqqımda heç vaxt pis söz deməyib. Hətta bu qalmaqaldan sonra Habil müəllimin həyat yoldaşı zəng edib, and içdi ki, Habil müəllim sənin haqqında heç bir söz deməyib. Bu da adını çəkdiyiniz müğənni tərəfindən mənə qarşı edilən paxıllıqdır. Mən fikirləşirəm ki, müğənnilər mehriban olmalıdır. Elton həmin paylaşımı sonradan İnstagram-dan sildi. Hər halda səhvini başa düşüb silibsə, bu normaldır. Hər insanın həyatda səhvi var. Mənim ürəyimdə bir kin-küdurət yoxdur. Rastlaşsa, nə vaxtsa yaşı az olduğu üçün ondan addım gözləyərəm. Yaxınlaşıb salam versə, salamını alaram.

- Bəzən deyirlər ki, artıq sizin nəsil müğənnilərin dövranı gedib.

-2000-ci ildə verilişlərin birində mənə sual verdilər ki, bu qədər müğənni axını var, qorxmursunuzmu? Mən də cavab verdim ki, xeyr, qorxmuram. Bizim vaxtımızda da 200 müğənni sənətə gəldi, amma 3-4-ü qaldı. Həmişə elə olur, müğənni çox olur, amma səhnə ağır olduğundan hər kəs səhnədə dözüb dura bilmir. Səhnədə ən güclülər qalır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.