Avropa Liqası: “Qəbələ” “Panatinaikos”la üz-üzə

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ" də növbəti sınağına çıxacaq.

Premyer Liqanın vitse-çempionu Yunanıstan "Panatinaikos"u ilə qarşılaşacaq. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa "Yagelloniya"sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" Afinadakı görüşdə Yunanıstanın tituluna görə ikinci klubunu məğlub etməyə və ya sərfəli nəticə ilə dönməyə çalışacaq.

İki il əvvəl də bu arenada uğur qazanan "Qəbələ" çılğınlığı ilə ad çıxaran "Panatinaikos" fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı - 2:2. İki ildə rəqiblərin heyətlərində ciddi islahatlar baş versə də, meydan sahibləri revanş, təmsilçimiz isə uğurunun ardını gətirmək üçün mübarizə aparacaq.