Firdovsi Umudov: "Dünya çempionatında sürprizlər gözlənilir"

Day.Az представляет новость на азербайджанском языке

Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Firdovsi Umudov bu gün baş tutan məşq prosesindən və millinin heyətini açıqlayandan sonra brifinq keçirib.

Day.Az bildirir ki, təcrübəli mütəxəssis report-un əməkdaşının da suallarını cavablandırıb.

- Heyətdə yer alan gənc güləşçilər dünya çempionatına nə dərəcədə hazırdırlar?

- Komandamız bu ilin əvvəlində Avropa çempionatında, Dünya Kuboku və IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etdi. Kislovodskda Olimpiya İdman Bazasında, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçirdik. Həmçinin, Gürcüstanda Vaxtanq Balavadzenin, Dağıstanda isə Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə iştirak etdik. Bu yarışlarda uğur qazananları heyətə daxil etdik. Məşq proseslərimiz hər zaman yüksək səviyyədə təşkil olunub. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası (AGF - red.) tərəfindən hər cür şərait yaradılıb. AGF-in bazası dünyada ən yaxşılardandır. Bu gün də hazırlığımızı burada davam etdiririk. Güləşçilərimiz il ərzində bazada qida və yataq yerləri ilə təmin olunublar. Qalanı idmançılarımızın öhdəsinə qalır. İnanıram ki, güləşçilərimiz qarşıdan gələn yarışlarda da uğurla çıxış edəcəklər. Mahir Əmiraslanov gənclər arasında dünya çempionu, İslamiadanın qalibidir. Hacı Əliyev olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionudur. Ağahüseyn Mustafayev beynəlxalq turnirlərdə özünü yaxşı tərəfdən göstərib. Hacımurad Ömərov bu il 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Cəbrayıl Həsənov komandanın liderlərindəndir, olimpiya mükafatçısı, Avropa çempionudur. Aleksandr Qostiyev Avropa çempionatının finalçısıdır. Aslanbek Alborovu iki turnirdə yoxladıq, ikisində də "qızıl" qazandı. Cəmaləddin Məhəmmədov zədəli olduğu üçün 125 kq çəki dərəcəsində dünya çempionatında təmsil olunmayacağıq. Heyətdə yer almayıb, zədəsi ciddidir. Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir.

- İranda keçirilən Dünya Kubokunda böyük rolu olan Əli İsayev haradadır?

- O, artıq karyerasını bitirib.

- Gələn ildən çəki dərəcələrinin yenidən dəyişməsi və hamısının olimpiya kateqoriyasına uyğunlaşdırılacağı gözlənilir...

- Bununla bağlı dünya çempionatından sonra Dünya Güləş Birliyi qərarını verəcək. Belə söhbətlər var. Məsələn, bu il yeniyetmələr arasında keçirilən Avropa birinciliyində bütün çəkilərdə hər gün dəyişikliklər oldu.

- Dünya çempionatından neçə medal gözləyirsiniz?

- Proqnoz verməyi xoşlamıram. Yığmanın heyətində yetərincə tanınmış simalar var. Onlar ölkəmizi layiqincə təmsil edəcəklər. Sürprizlər də gözlənilir. Dünya çempionatında heç kimi zəmanət vermək olmur. Məsələn, Cəbrayıl Həsənov İslamiadada ən perspektivli güləşçilərimizdən idi, lakin medalsız qaldı.

- Rəqiblər haqqında məlumatınız varmı?

- Bütün komandalar ideal heyətlə gəlirlər. Hamısı yaxşı kollektivə malikdirlər. Sözsüz ki, onlar da bizi güclü rəqib kimi görürlər. Azərbaycan dünyada güləş, idman ölkəsi kimi tanınır. Yığmamızın tərkibində titullu pəhləvanlar yer alıblar.

- Olimpiya çempionu Toğrul Əsgərovun durumu barədə nə deyə bilərsiniz?

- Toğrul dopinqə görə cəzalı olduğu üçün yığma ilə birgə məşq edə bilməz. Onun kimi idmançılara qapımız hər zaman açıqdır. O, cəzası bitəndən sonra - aprel ayından komandaya qoşulacaq.

- Əsgərovun həm də ciddi zədəsi var...

- Bəli, zədəsini sağaltmaqla məşğuldur. Bu gün idmandan başı çıxmayanlar çox söz-söhbətlər yaradırlar, xırda məsələləri şişirdirlər. Bütün dünya qəbul edir ki, Azərbaycan idman ölkəsidir. Güləşçilərimizin də nəticələri göz qabağındadır. Komandamız hər zaman ilk "üçlük"də yer alıb. Bunu kölgə altına salmaq olmaz. Ola bilər ki, kimsə hansısa sözdə səhvə yol verib, fikrini düzgün ifadə etməyib, onu şişirtmək, şou yaratmaq olmaz. Azərbaycanı sevən insan qazanılan nəticələrə kölgə salmamalıdır. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizin qazandığı 18 medaldan 9-u güləşçilərin payına düşür. İslamiadada ən yaxşı nəticəni Azərbaycan verdi. Dünənə qədər idmançıların pullarını sayanlar bu gün onların aksiyasına haqq qazandırırlar. Baş məşqçi olaraq yığma ilə mən məşğul oluram. Onların nizam-intizamından, hazırlıqlarından, hansı yolda olmalarından xəbərim olmalıdır. Əlbəttə, belə şeylərə göz yuma bilmərəm və etirazımı bildirirəm. İdmançıları da başa salmışıq, cavandırlar. Artıq hər şey öz qaydasına salınıb. Məşqlərimiz davam edir. Biz 90-cı illərdə belə zallar görməmişdik. Həmin şəraiti görməyən güləşçilərimiz indi vəziyyətə başqa cür baxırdılar və bəzi insanlar da onları qızışdırıdı. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.