Azərbaycanda sosial müavinət təyin olunanların sayı açıqlanıb

Day.Az представляет новость на азербайджанском языке.

2017-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda 378 min nəfərə sosial müavinətlər təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaşa görə müavinət alanların sayı 22 min nəfər, əlilliyə görə - 155,9 min nəfər, ailə başçısını itirməyə görə - 43,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,2 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 53,8 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 395 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,8 min ailəsinə 18,3 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2354 nəfər bir yaşadək uşağa görə 2301 ailəyə və beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.

2017-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 52 950 nəfərə, o cümlədən 44 438 uşağın doğulmasına görə, 4394 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2447 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1671 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

 

Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 432 nəfər zərərçəkən kompensasiya alıb.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almış şəxslərin sayı 58,8 min nəfər olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.