Futbol komandasını xilas etmək üçün borca girdi və intihar etdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Adana şəhərində adı hörmətlə anılan futbol fədaisi Bəkir Çınarın ölümündən 7 il keçir.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, Bəkir Çınar 2010-cu ilin avqust ayının 16-da borc aldığı adamların onu izləməsindən yaxa qurtarmaq üçün intihar edib.

2010-cu ildə "Adana Demirspor" klubu ağır maliyyə vəziyyətində qalır və 4 milyon lirə borc ödənilməyəcəyi təqdirdə klubun bütün liqalardan xaric ediləcəyi bildirilir.

Adana futbol klubuna 2-ci il rəhbərlik edən Bəkir Çınar şəhər əhalisinə və iş adamlarına müraciət edərək, komandanı xilas etməyi xahiş edir. Lakin bu müraciət eşidilmir və vəziyyət kritik həddə çatır. Belə olan halda futbol fədaisi sələmçilərdən 4 milyon lirə toplayaraq klubun borcunu öz üzərinə götürür və komandasını xilas edir.

Lakin pulu qaytara bilməyəcəyini görən və sələmçilərin onu izləməsindən təngə gəlmiş 3 uşaq atası Bəkir Çınar intihar edir. "Hürriyet" o zaman yazırdı ki, intihar anına kimi borclar faizləri ilə birlikdə 10 milyon TL-yə çatmışdı.

Qeyd edək ki, həmin vaxt 2-ci liqada çıxış edən "Adana Demirspor" hazırda Türkiyə çempionatının 1-ci liqasında çıxışlarını davam etdirir. Bu gün Adana şəhərində Bəkir Çınarın xatirəsi anılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.