Avropadakı "İŞİD" terrorunun bəzi gizlinləri

Day.Az представляет новость на азербайджанском языке

"İspaniya Suriya və İraqda "İŞİD"ə qarşı hərbi koalisiyada iştirak edir. Terror aktlarının məhz Kataloniyada baş verməsi isə bir sıra mühüm məqamlardan xəbər verir. Belə ki, bu gün Kataloniya Avropanın heç də ən sakit bölgələrindən hesab edilmir. Bura separatik, İspaniyanın tərkibindən çıxmasına meylli bölgədir. Artıq uzun illərdir burada İspaniyadan ayrılmasına dair çıxışlar, yürüşlər edilir. Ona görə də fikrimcə, Kataloniya terror aktı üçün elə-belə seçilməyib. Hətta problem çözülsə belə, bunu təkcə "İŞİD"in yox, digər qruplaşmaların da üzərinə atmaq olardı ki, guya kimlərsə bunu bilərəkdən edir, onun arxasında müəyyən qüvvələr durur. Yəni bu variantlar da mütləq nəzərə alınmalıydı".

Bunu Milli.Az-a açıqlamasında İspaniyada baş verən son terror hadisələrini şərh edən sabiq xüsusi xidmət orqanı əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib.

A.Nağıyevin qənaətincə, "İŞİD"in məhz terror aktlarını turistik bölgələrdə törətməsi də təsadüfi deyil: "Əslində, Suriya və İraqda "İŞİD"ə qarşı gedən mübarizə heç də sona çatmayıb. Ola bilər ki, bir qruplaşma kimi o, son günlərini yaşasın, lakin dünyanın müxtəlif bölgələrində hələ də "İŞİD"ə biyət edən qüvvələr var. Bundan başqa, "İŞİD" artıq taktikasını dəyişib və təkcə zəbt etdikləri ərazilərdə deyil, digər yerlərdə də terror aktları həyata keçirir.

Bilindiyi kimi, "İŞİD" avtomobillə piyadaları, turistləri vurub öldürmə taktikasından ilk dəfə Fransada Nitsa şəhərində istifadə etmişdi. Daha sonra eyni üsulu Almaniyada və İngiltərədə tətbiq etdilər. Belə terror aktları, həmçinin ölkəyə turist axının qarşısını almağa da yönəldilib. Xatırlayırsızsa, Türkiyədə də turistlərə qarşı belə aktlar törədilib. Bu, həm də həmin dövlətlərə qarşı iqtisadi zərbə hesab edilir. Bundan başqa bu terror aktlarının məqsədi həm hakimiyyətə, eləcə də xüsusi xidmət orqanlarına qarşı inamsızlıq yaratmaqdır. Guya ki, ölkəyə qəbul edilən turistlər də tam şəkildə qorunmur, təhlükəsizliyi təmin edilmir, burada onların həyatı üçün daim təhlükə var".



Onun sözlərinə görə, dövlətlərin heç biri terrordan tam şəkildə sığortalanmayıb: "Çünki xüsusi xidmət orqanları hətta əlindən gələni etsələr belə, terrorçular da öz taktikasını dəyişir, öz prinsiplərini çoxşaxəli şəkildə həyata keçirirlər. Eyni zamanda, terror aktı üçün elə bir vaxt seçilir ki, xüsusi xidmət orqanlarının işlərində müəyyən boşluqlar olur. Yaxud da avtomobili elə yerdə insanların üzərinə sürürlər ki, hər iki tərəfdən bağlı olur və hərəkət yalnız piyadalar üçün nəzərdə tutulur. Bütün bunlar göstərir ki, bu terror aktları əvvəlcədən incəliklərinə kimi dəqiq hesablanıb planlaşdırılıb. 


 

Ekspertin fikrincə, terrorla mübarizə yalnız digər ölkələrin xüsusi xidmət orqanları ilə birgə tərəfdaşlıq şəklində həyata keçirilməlidir: "Hər hansı məlumata çevik reaksiya verilməli, birgə tədbirlər barədə müvafiq planlar hazırlanmalı və bütün proseslərə koordinasiyalı şəkildə nəzarət olunmalıdır. Məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hələ 2 ay öncə terror ola biləcəyi barədə İspaniya tərəfini xəbərdar edib. Lakin terror aktının nə vaxt və harda baş verəcəyi tam dəqiqliklə bəlli olmadığından bir neçə ehtimal irəli sürülə bilər. Amma fikrimcə, Kataloniya bölgəsi həm siyasi, həm iqtisadi, həm də ictimai baxımdan zəif bənd kimi mütləq nəzərə alınmalı idi. Hesab edirəm ki, MKİ-nin məlumatı da bundan ibarət olub".

A.Nağıyev hesab edir ki, "İŞİD"in artıq Türkiyə, Fransa, Almaniya, İngiltərə, Belçika, Fransa, Rusiya kimi ölkələrdə terror aktları həyata keçirə bildiyi nəzərə alınsa, Avropadakı terror həyəcanın bundan sonra da davam edəcəyi istisna deyil: "Hələ Suriyadan Avropaya çoxminli miqrant kütləsi üz tutanda artıq bu haqda düşünməli idilər. Hətta terrorçu-miqrantların arasında hələ uzun illər əvvəl Avropaya köçmüş və həmin ölkələrin vətəndaşlığını almış şəxslər də var. Onların mütləq şəkildə bir-biri ilə əlaqələri var və istənilən terror təşkilatı, eyni zamanda "İŞİD" onların vasitəsilə məqsədinə çatmağı planlaşdıra bilərdi. Göründüyü kimi, bu variantlardan istifadə olunur. Avropada baş verən terror hadisələrini təhlil edəndə görürük ki, dini məsələlər heç də əsas kimi nəzərdə tutulmur. Məqsəd, sadəcə, hakimiyyətdən narazılığı bir daha qabartmaq, həmçinin özünün varlığını və digərlərinə istədiyi kimi təzyiq edə bildikdlərini sübut etməkdir".

Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsində, Barselonada və Kambrilsdə mikroavtobusları adi insanların üzrəinə sürməklə ardıcıl törədilən terror aktları nəticəsində 13 nəfər ölüb, 119 nəfər yaralı var. Xəsarət alanlardan ən azı 18 nəfəri xarici ölkə vətəndaşlarıdır. Görülən əks tədbirlər nəticəsində 5 terrorçu zərərsizləşdirilib. İspaniya polisi Kataloniyadakı teraktların 8 nəfərlik qrup tərəfindən törədildiyini ehtimal edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.