Türkiyə və İran kürdlərə qarşı birgə əməliyyat keçirə bilər

"The Daily Mail" qəzetinin AFP agentliyinə istinadən yazdığına görə, prezident Recep Tayyip Erdoğan deyib ki, kürd silahlılara qarşı birgə Türkiyə-İran əməliyyatlarının keçirilməsi "həmişə gündəlikdə olub".

Bundan bir həftə əvvəl İran Silahlı Qüvvələrinin baş komandanı çox nadir hadisə sayıla biləcək danışıqlar üçün Ankaraya səfər etmişdi.

Məqalədə deyilir ki, Türkiyə uzun müddətdir qadağan edilmiş Kürdüstan İşçi Partiyası - PKK-ya qarşı silahlı mübarizə aparır. Eyni zamanda İranın təhlükəsizlik qüvvələri PKK-nın filialı sayılan Kürdüstana Azad Həyat və ya qısaca PJAK təşkilatına qarşı döyüşür. Hər iki qrupun İraqda yerləşən arxa bazaları var.

"İranla birlikdə təhlükə təşkil edən terrorçu təşkilatlara qarşı birgə əməliyyatın keçirilməsi həmişə gündəlikdə olub" - deyib prezident Erdoğan İordaniyaya səfər ərəfəsində.

Məqalədə belə bir məqama diqqət çəkilir ki, bu bəyanatdan az əvvəl İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri Ankaraya səfər etmiş və verilən xəbərlərə görə Hulusi Akarla kürd silahlılara qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmişdi.

"Türkiyə" qəzetinin yazdığına görə həmin səfər zamanı İran generalı İraqın şimalındakı Qəndil və Sincar rayonlarında kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirmək barədə "gözlənilməz" təklif verib.

Qəzetin tazdığına görə, bu təklif Türkiyə üçün ona görə gözlənilməz olub ki, Ankara artıq xeyli müddətdir Tehranın onu PKK, onun kadr, maliyyə və siyasi fəaliyyəti ilə mübarizədə tək qoyduğundan gileylənirdi.

PKK Türkiyədə, Avropa İttifaqı və ABŞ-da terrorçu təşkilatlar siyahısına daxil edilib.

Erdoğan bu əməliyyatın harada keçiriləcəyini dəqiq deməsə də, sözlərindən belə anlaşılıb ki, söhbət İraqdan gedir.

Prezident təsdiq edib ki, hər iki ölkənin hərbiyyəsi kürd yaraqlılara qarşı vahid döyüş planını müzakirə edib.

Erdoğan deyib ki, PKK həm Türkiyəyə, həm də İrana böyük ziyan vurur və Ankara ilə Tehran bu məsələdə tez bir zamanda ortaq məxrəcə gələ bilər.

Məqalədə xatırladılır ki, əsasən sünni və dünyəvi Türkiyə ilə şiə İran İslam Respublikası arasında son illərdə münasibətlər xeyli gərgin olub.