Ziba Mustafayeva: Azercelli 4 milyon abonent seçir, bizsə öz növbəmizdə onlara vicdanla xidmət edirik - MÜSAHİBƏ - FOTO

16 сентября 2017 14:48

Jobs.Day.Az və EMPLOY.AZ yeni HR Breakfast layihəsini təqdim edir. Məlum layihənin məqsədi diqqəti müxtəlif şirkətlərdə və təşkilatlarda HR fəaliyyətinə, o cümlədən əmək bazarında baş verən dəyişikliklərə yönəltmək və hazırda daha çox tələbat olan mövqelər barədə məlumatı təqdim etməkdir.

Layihənin rəhbəri EMPLOY rekrutment-şirkətin təsisçisi Cəmilə Orucovadır.

Qeyd edək, EMPLOY.AZ Azərbaycanda sahibkarlar və iş axtaranlar üçün təsis edilib. Əsas məqsədi işsizliyin azalmasına şərait yaratmaq, əməkdaşlar axtaran təşkilat və şirkətləri peşəkar kadrlarla təmin etmək, həmçinin tələbə və məzunlara karyera yüksəlişində kömək etməkdir. Jobs.Day.Az portalı isə həm sahibkarların, həm iş axtaranların istifadə edə biləcəyi geniş məlumat bazasına malikdir. Baza daima yenilənir, yeni xidmətlər peyda olur.

Diqqətinizə Azercell şirkətinin İnsan Qaynaqları Departamentinin direktoru Ziba Mustafayeva ilə müsahibəni çatdırırıq.

- Ziba xanım, lütfən karyera yolunuz, Azercell-ə qədər harda işləməyiniz barədə danışın. Yaxın 5 il üçün hansı planlar qurursunuz?

- Azercell 2000-ci ildən əsas əmək fəaliyyətimə başladığım şirkətdir. İlk vəzifəm o zamankı Müştəri Xidmətləri şöbəsində Telefon Mərkəzinin təmsilçisi olmuşdur. Sonradan həmin şöbə daxilində müxtəlif vəzifələri, o cümlədən müxtəlif qrupların rəhbəri vəzifəsini icra etmişəm.

- Siz telefon mərkəzi təmsilçisinin karyera pilləsində hansı yüksəkliklərə qədər çata bilməsinin ən gözəl nümunəsisiniz...

- Bəli, Azercell şirkəti genişlənir və böyüyür, bu da, öz növbəsində, karyera və peşəkar yüksəliş üçün yeni imkanlar yaradırdı. Mənə həmişə yeni və mürəkkəb tapşırıqların öhdəsindən gəlmək maraqlı olub.

İnsan Qaynaqları şöbəsində 2004-cü ildən işləməyə başlamışam. Şöbənin müxtəlif sahələrində müxtəlif funksiyalar yerinə yetirmişəm. Biznes Partnyorluqdan başlamışam, sonra Təşkilati İnkişaf bölümünə rəhbərlik etmişəm. Beynəlxalq şirkətlər qrupunun Avrasiya regionuna daxil olan ölkələr üçün bir neçə İnsan Qaynaqları sahəsində əhəmiyyətli regional layihələrini (İstedadların İdarə olunması və Liderliyin İnkişafı kimi sistemlərin qurulması, Təşkilatın Yoxlanılması və Struktura Alınması və s.) idarə etmişəm. Britaniya təşkilatı SIA Group-un sertifikasiyası nəticəsində, liderlik və menecmentlik üzrə aparıcı təlimçi kimi təsdiq olunmuşam. ABŞ-ın HA sertifikasiya institutunun (HR Certification Institute) SPHRı dərəcəsini almışam.

- Telekommunikasiya şirkətində İnsan Qaynaqları üzrə -direktorun işinin özəllikləri digər şirkətlərdə elə həmin vəzifənin işindən nə ilə fərqlənir?

- Zənnimcə, İnsan Qaynaqları sahəsində çalışan hər bir xidmətin  istedadların cəlb edilməsi, inkişafı və təşkilatda saxlanması, liderlik və vərəsəliyin  inkişafı, uğurlu təşkilat strukturunun qurulması, effektiv güzəşt və mənfəətlər, eləcə də, qiymətləndirmə sistemininqurulması kimi oxşar vəzifələri və prioritetləri var. Sözsüz ki, hər sektor, üstəlik şirkətin özü hansı inkişaf mərhələsində olmasından və qarşısında hansı strateji prioritetlər durmasından asılı olaraq, daha spesifik vəzifələrə malik ola bilər. Əlavə olaraq, konkret şirkətin üzərinə götürdüyü  vəzifələrin həllinə yanaşması da fərqli ola bilər.

Bizim şirkətimiz - telekom sektorunu təmsil edir ki, bu da sürətlə baş verən dəyişikliklər  və çoxlu sayda innovasiyalardan xəbər verir. Süni intellekt, koqnitiv analiz, sensorlar, mobil platformalar - bütün bunlar vaxtilə elmi fantastika sayılıb, bu günsə gerçəkliyin əsasını təşkil edir.

- Şirkətinizdə İnsan Qaynaqlarının müasir meyllərindən olan hansı yeniliklər tətbiq edilir?  

- Məsələn, bu və ya başqa vakansiya ilə bağlı elanlarımıza çoxlu sayda ərizələr daxil olur, bu həmçinin, Azərbaycanın regionlarından və ölkə xaricindən də baş verə bilir. Vaxta qənaət etmək, səfərlərin xərcini azaltmaq, ən əsası, namizədlərin qiymətləndirilməsində sistemli yanaşma üçün biz yeni texniki platforma olan video-müsahibə tətbiq etməyə başlamışıq. Bununla yanaşı, şirkətin işə qəbul üzrə mütəxəssisi  canlı müsahibə almaq imkanını seçə və ya namizədlərə təqdim edilməli olan sualları uyğun şəkildə sıralaya, o cümlədən, real zaman rejiminə imkan verən testlər və müxtəlif dərəcəli tapşırıqlar daxil edə bilər. Daha sonra bu məlumatlar işlənib hazırlanır və hesabat təqdim olunur. Qeyd edim ki, haqqında danışdığım üsul kütləvi müraciət və tələbə təqaüd və təcrübə proqramları seçimi zamanı  çox effektivdir.

- Azercell şirkəti haqda ətraflı danışa bilərsinizmi, şirkətdə cəmi neçə əməkdaş var?

- Azercell - mobil rabitə lider olub, ölkənin qeyri-neft sektorunda ən iri vergi ödəyicisidir. Bizi 4 milyon abunəçi seçir, bizsə öz növbəmizdə, onlara vicdanla xidmət göstəririk. Şirkətimiz təkcə səsli rabitə və yüksək sürətli mobil internet xidmətləri deyil, həm də mobil telekommunikasiya sahəsində bir sıra innovativ xidmətləri, o cümlədən M2M texnologiyası əsasında xidmətlər, əlavə dəyər xidmətlərini də təqdim edir. Hazırda 750 əməkdaşımız var. Vaxtilə şirkətimizə müxtəlif ölkələrdən mütəxəssislər cəlb edilib, onların təcrübəsinə yiyələnmişik və, beləliklə, yerli kadr potensialını inkişaf etdirmişik. "Məzunlarımız" hazırda Azərbaycanı müxtəlif ölkələrdə və təşkilatlarda təmsil edərək müxtəlif dərəcəli rəhbər vəzifələr icra edirlər.

- İnsan Qaynaqlarının rolunu 3 kəlmə ilə xarakterizə etməli olsaydınız, bunlar hansı sözlər olardı?

- Zənnimcə, gələcəyin təşkilatının memarı. Bu fikir Frederik Lalunun "Gələcəyin təşkilatlarını kəşf edərkən" kitabından götürülüb. Bu  kitabı gələcəkdə İnsan Qaynaqları funksiyası ilə ilə maraqlanan hər kəsə tövsiyə edirəm. Biz çox maraqlı bir zamanda yaşayırıq, indi texnoloji tərəqqinin səviyyəsi ümumi inkişaf səviyyəsini və biznez məhsuldarlığını üstələyir. Heç də təsadüfi deyil ki, bu dönəm  4-cü sənaye inqilabı adını alıb. Biznesə tətbiq edə biləcəyimiz çoxlu sayda texnologiyalar işlənib-hazırlanıb. Digər tərəfdən, biz informasiyanın tez bir zamanda aktuallığını itirdiyi bir dövrdə yaşayırıq. Bu isə o deməkdir ki, qurulmuş strukturlar, hazırda istifadə etdiyimiz idarəetmə mexanizmləri, hətta, yaxın gələcək üçün belə uyğun gəlməyə bilər. Onlar informasiyanın daha sabit olduğu 20-ci əsr üçün nəzərdə tutulub. İndi təşkilatlar qərarların müstəsna olaraq yuxarıda alındığı və aşağıya ötürülmədiyi son dərəcə iyerarxik quruluşdan uzaq durur. Hazırda təşkilatların çoxunda öz aralarında işləyən komandalar şəbəkəsi yaradılır. Bu isə liderliyin və idarəetmənin rolunun dəyişməsindən, yeni öncəliklərin zəruriliyindən xəbər verir ki, deməli, nəticədə İnsan Qaynaqlarının  işi də dəyişikliyə uğrayır.

- İnsan Qaynaqları departament şirkətin korporativ mədəniyyətinə necə təsir edir?

- Hər bir təşkilatın öz korporativ mədəniyyəti var. Bu, təşkilat əməkdaşları ilə ünsiyyətdən sonra qalan təəssürat,  problemlərin necə müzakirə olunması, qərarların necə alınmasıdır. Hətta, hansısa konkret anlayışlarla formalaşmasa belə, məhz bu, korporativ mədəniyyət sayılır. Bu, insanları təşkilat daxilində birləşdirən prinsiplər, inamlar, dəyərlər toplusudur. Şirkətimizdə formalaşmış dəyərlər sistemi var ki, bu da müştəri xidmətlərində çalışan təmsilçidən  tutmuş şirkət prezidentinədək hər kəs üçün bir model rolunu oynayır..

İnsan Qaynaqları bu dəyərlərin yalnız gözəl kəlmələr və ya təşkilat divarlarında asılmış plakatlarda deyil, gerçək həyatımıza daxil olmasıda  aparıcı rol oynayır.

- Əməkdaşlarınız üçün hansı icbari təlimlər keçirilir, ümumiyyətlə, Azercell işçilərinin inkişafı necə baş verir?

- Fərdi inkişafa yanaşma - bu bizim fəxr etdiyimiz əsas amillərdən biridir. Biz Azərbaycanda "Investors in People" (IIP) (İnsanlara Sərmayə) standartı ilə işləyən yeganə şirkətik. Qısaca onu deyə bilərəm ki, bu, insan kapitalının idarə edilməsi üzrə beynəlxalq standartıdır. Bu standart bizə nə verib və biz inkişaf məsələsini necə nəzərdən keçiririk? İlk növbədə hesab edirik ki, yetkin insan təcrübədə öyrənir, bu səbəbdən biz 70-20-10 prinsipini təqdim edirik. Həmin prinsipə görə, 70% məsuliyyət səviyyəsini artırmaq və səlahiyyətləri genişləndirmək vasitəsi ilə işdə təlim, yeni layihələrin təqdim olunması və s-dir, 20% - sizin şəbəkənizlə qarşılıqlı əlaqə vasitəsi ilə təlim (kouçinq, əks əlaqə, mentorluq) və yalnız 10% bilavasitə təlimlər təşkil edir.

Bununla yanaşı, şirkət hər il əməkdaşların inkişafına 1 milyon manat vəsait xərcləyir. Bizim üçün bu, gələcəkdə izləyəcəyimiz və biznes nəticələri ilə ölçəcəyimiz  insan kapitalına strateji sərmayəsidir.

- Azercell şirkətində cərimələr varmı? Siz əməkdaşlarınızı gecikdiklərinə görə cəzalandırırsınızmı?

- Şirkətimiz demokratik rəhbərlik üslubuna üstünlük verir. Biz əməkdaşlarımıza müəyyən qərarları müstəqil şəkildə çıxarmalarına imkan veririk. Biz öz işçilərimizə etibar edirik. Bizi, ilk növbədə, son nəticə maraqlandırır. Bəli, bizim normalarımız və qaydalarımız var, amma əgər əməkdaş obyektiv səbəblərdən gecikibsə, onu cərimələməyəcəyik. Amma, şübhəsiz ki, bu, qaydaların pozulmasına göz yumduğumuzdan xəbər vermir. Biz gecikmə səbəbini araşdırırıq və bizim üçün ən əsası bunun işə məsuliyyətsiz yanaşmanın nəticəsində baş verməməsi olmalıdır.  Bu bəlkə də, elə bizim fəaliyyət sahəmiz  tərəfindən diktə olunub - şəbəkəni dayandırmaq mümkün deyil, o, sutkada 24 saat işləyir və istənilən an elə bir şey baş verə bilər ki, biz nəticədə əməkdaşı çağırmış olarıq. Biz çevik iş qrafiki tətbiq etmişik və rəhbərliklə razılaşmaya uyğun olaraq, əməkdaşlar öz iş günlərinə nə vaxt başlaya biləcəklərini seçmək imkanına malikdirlər: 8:00-da, 9:00-da, 9:30-da və ya, hətta, 10:00-da. Biz, həmçinin, hazırda ofisdən kənarda - uzaq məsafədən iş imkanları üzərində eksperiment aparırıq.

- Əməkdaşları işə necə həvəsləndirirsiniz?

- Mən daxili motivasiyanın (həvəsin) mövcudluğundan əminəm. Biz təkcə əməkdaşın motivasiyasını artıra biləcək şərait yarada bilərik. Mən Gersberq motivasiyası nəzəriyyəsinin tərəfdarıyam. Məlum nəzəriyyəyə görə, gigiyena amilləri və motivasiya amilləri mövcuddur. Onlar məmnunluğu təmin edir, yoxluqları və ya rəqabət bacarığının olmaması qeyri-məmnunluğa gətirib çıxarır. Motivasiya amilləri - karyera və peşəkar yüksəliş imkanı, kollektiv tərəfindən tanınma, qərarların alınmasında sərbəstlik, sosial statusdur. Biz Azercell-də məhz bu cür motivasiya mühitini inkişaf etdirirk. Peşəkar inkişafa yanaşma barəsində artıq danışmışam. Biz, həm də, əməkdaşların firavanlığının qayğısına qalırıq. Məsələn, tibbi sığorta işçinin özündən əlavə, həmçinin, ailə üzvlərinə təqdim olunur, əməkdaşların stressdən azad olunması üçün yoqa sessiyaları aparılır və s. Biz motivasiyalı əməkdaşın daha məhsuldar olmasına və tam həvəslə  işləməsinə inanırıq.

- Telekommunikasiya sahəsində hansı vəzifələrə həmişə tələbat var? Hazırda şirkətinizdə hansı vəzifələrə qəbul var?

-  Biz vaxtaşırı İT-mühəndislər, sistem memarları, proqramçılar, marketoloqlar, biznes-analitiklər axtarırırq. Biz, həmçinin, abunəçilərə xidmət mərkəzləri və ya satış şöbələrinə tez-tez qəbullar elan edirik.

- Mənə çox maraqlıdır, işə əlil götürürsünüzmü və adətən, hansı vəzifələrə tələbat var?

- Biz, sözsüz ki, əlilliyi olan insanları işə qəbul edirik, amma bununla tələblərimiz dəyişmir. Əməkdaşlarımız arasında müxtəlif şöbələrdə müxtəlif qrup əlillər var.

- Tələbələr və könüllülərlə necə işləyirsiniz? Onların işi necə formalaşır və Siz hansı universitetlərlə əməkdaşlıq edirsiniz?

- Biz ildə bir dəfə tələbə təqaüdü proqramı və ildə iki dəfə yay və qış tələbə təcrübə proqramlarını   keçiririk. Hər iki proqram həm veb saytımız, həm də müxtəlif universitetlər vasitəsilə elan olunur. Biz qəbul zamanı tələbənin təhsilindəki uğurlarına diqqət yetiririk, üstəlik əlavə test və müsahibə keçirilir. Tələbə təqaüdü proqramı Bakıdakı ali təhsil ocaqları ilə yanaşı, həmçinin Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəıran universitetlərinin tələbələri üçün keçirilir.

- Sonuncu sualı vermək istərdim. İşə düzələn namizədlərə nə məsləhət verərdiniz?

- Azərbaycan CV ilə tərcümeyi-halı tez-tez dəyişik salırlar. Tərcümeyi-halın həcmi 2-3 səhifədən artıq olmur. Əgər bir çox ölkədə artıq tərcümeyi-hala fotolar əlavə etmək, doğum tarixini qeyd etmək lazım deyilsə, bizdə bunların hamısı hələ də tətbiq olunur. Odur ki, iş axtaranlara məsləhətim aşağıdakılar ola bilər:

1) Əgər siz  foto əlavə etmək qərarına gəlmisinizsə,  bu, selfi, və ya hansısa tədbirdə çəkilmiş şəkil və s. deyil, professional çəkilmiş  şəkil olsun.

2) Əlaqə bölməsində  qeyd etdiyiniz elektron poçtun ünvanına diqqət yetirin.

3) İş yeri və vəzifədən başqa, vaxtilə yerinə yetirdiyiniz öhdəlikləri və ya həmin iş yerində qazandığınız uğurları qeyd edin.

4) Unutmayın ki, sizin haqqınızda məlumatı sosial şəbəkələrdə səhifənizdən toplaya bilərlər. Odur ki, Linkedin səhifənizi vaxtaşırı yeniləyin.

5) Əgər sizi müsahibəyə dəvət ediblərsə, şirkət haqqında məlumat toplayın, onun veb saytını nəzərdən keçirin. Sizdən nə soruşulacağını əvvəlcədən düşünün və müsahibəyə hazırlaşın, amma gərək olduğundan çox canfəşanlıq etməyin.

6) Bir çox təşkilat, o cümlədən şirkətimiz seçim turları zamanı attestasiya mərkəzinin vasitələrindən istifadə edir. Bununla hələ qarşılaşmamasınızsa, tənbəllik etməyin və işə düzəltmə üzrə saytlarda mövcud olan testlərdən keçin.

Layihə rəhbəri: Cəmilə Orucova, EMPLOY şirkətinin təsisçisi.

Layihənin partnyorları: Jobs.Day.Az, Day.Аz.

Latihənin təşklilinə dəstək verdikləri üçün Cafe City Five restoranının müdiriyyətinə və personalına dərin minnətdarlığımızı bildiririk.