Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub - FOTO

17 сентября 2017 11:09

Day.Az представляет новость на азербайджанском языке.

16 sentyabr tarixində IDEA İctimai Birliyi və "Təmiz Şəhər" ASC tərəfindən 8-ci ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib. Aksiya Buzovna çimərliyi ərazisində keçirilib.

IDEA-dan Milli.Az-a verilən məlumata görə, 200 nəfərdən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 4 tondan çox tullantı toplamışlar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da (kiçik traktorlar) cəlb olunmuşdur. Daha sonra, bütün tullantılar ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Əvvəlki aksiyalarda olduğu kimi, bu dəfəki tədbir də ictimaiyyətin geniş marağına səbəb olmuş, özəl şirkətlər və ölkəmizdəki diplomatik nümayəndəlikləri təmsil edən şəxslər, Bakı Dövlət Universiteti, Azerbaycan Diplomatik Akademiyasi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və orta təhsil müəssisələrindən olan gənclər IDEA-nın təşəbbüsünə könüllü olaraq qoşulublar.

 

Öz fəaliyyətində maarifləndirməyə xüsusi önəm verən IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.

Tullantıların ətraf mühitə törətdiyi mənfi nəticələri, o cümlədən tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkiləri nəzərə alaraq, IDEA İctimai Birliyi və Təmiz Şəhər ASC hər kəsi Planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.