BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı

Day.Az представляет новость на азербайджанском языке

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mərkəzi qərargahı yaradıldığı gündən bəri tribunasında nüfuzlu siyasətçilər, məşhur dövlət başçıları, müdrik siyasətçilərlə yanaşı, diktatorları, müstəbidləri, ən müxtəlif ifadələr və ibarələrlə mahiyyətini pərdələməyə çalışaraq siyasi təlxək təsiri bağışlayan insanları görüb.

1960-cı ildə Sovetlər Birliyinin Kommunist Partiyasının baş katibi Nikita Xruşşov, 1987-ci ildə Nikaraquanın dövlət başçısı Daniel Orteqa, 2006-cı ildə Venesuela prezidenti Uqo Çaves, 2009-cu ildə Liviya Cəmahiriyyəsinin lideri Müəmmar Qəddafi, bu ildə Zimbabve prezidenti Robert Muqabe.

Sadaladığımız insanların hər biri idarə etdiyi ölkənin vətəndaşlarının hüquq və haqlarını az qala büsbütün əllərindən alan, ən müxtəlif siyasi illüziyaları və xülyaları reallıq kimi təqdim edən, hətta məqsəd göstərməyə çalışan avantüristlərdi.

Ermənistan prezidenti Serj Sarkisyan isə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında bütün idiotizm, sərsəmlik və siyasi avantüra hədlərini aşaraq dünyaya yeni siyasi təlxəklik nümunəsi göstərdi.

Sessiyada tribunaya çıxan dövlət başçılarının istisnasız şəkildə hamısından fərqli olaraq S.Sarkisyan çıxışını bütünlüklə qonşu dövlətə qarşı hədyanlara, yalanlara və böhtanlara həsr etməklə yanaşı, absurdun və şüur qıcolmasının artıq klinik həddə çatdığını da ortaya qoydu.

1987-ci ildən bəri Zimbabve prezidenti olan və ölkəsini səfil, məmləkət insanları isə zəlil gününə salan Robert Muqabe "bəşəriyyətin inkişafında müsbət izlər qoymağın vaxtı çatıb" deyib siyasi ikiüzlülüyün yeni "rekord"unu vurdusa, Serj Sarkisyan hədəf qismində Azərbaycanı seçdiyindən siyasi əxlaq və mənəfiyyatı ayaqlar altına ataraq tamamən əsassız iddiaları yalan həddinə çatdırmağın da yeni hüdudlarının mümkünlüyünü göstərdi.

Əslən Dağlıq Qarabağdan olan separatçının və terroru, şovinizmi və zooloji millətçiliyi Ermənistanın dövlət siyasətinə çevirmiş adam BMT tribunasında indiyədək 4 dəfə çıxış edib.

Budəfəki, 5-ci çıxış da göstərdi ki, əliqanlı diktatorların, siyasətçiyə və dövlət başçısına çevrilmiş primitiv düşüncəli terrorçuların BMT tribunasından danışmaq ənənəsi hələ də qalır.

Erməni neonasizminin ideoloqlarından birinin, Xocalı soyqırımında bilavasitə və birbaşa suçlu olan şəxs 15 dəqiqəlik çıxışını bütünlüklə Azərbaycana, daha doğrusu, rəsmi İrəvanın ölkəmizə və insanlarımıza olan nifrətinə həsr etmişdi.

"Sülh, inkişaf və əməkdaşlıq barədə danışmağa üstünlük verərdim, lakin əfsuslar olsun ki, biz hələ də bu mərhələdən çox uzağıq". Bu söhzləri nüfuzlu siyasətçi, dünyaca məşhur dövlət başçısı, siyasətdə humanizm və insan yaşamının üstünlük prinsiplərini hər nəsnədən üstün sayan şəxs yox, BMT-nin və istisnasız olaraq bütün beynəlxalq təşkilatların işğalçı saydığı ölkənin nominal rəhbəri deyir.

O varlıq ki, başçılıq etdiyi ölkənin silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, cəbhə xəttinin yaxınlığında yaşayan dinc azərbaycanlıları hədəf bilir və onları daim atəşə tutur.

S.Sarkisyan 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsi amansızcasına, cəlladcasına qətlə yetirən erməni hərbçilərinin "komandan" saydığı bir şəxs olmaqla yanaşı, tribunasından danışdığı BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsini qulaqardına vuran ölkənin rəhbəridir.

İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyannı sülh və tərəqqidən danışması əlahiddə həyasızlıq tələb etsə də, o bacardı.

"Artsax erməniliyinin öz müqəddəratını təyin etmək hüququnu gerçəkləşdirməklə bağlı dinc çağırışlarına və bu istiqamətdə atdığı addımlara cavab olaraq Azərbaycan zor tətbiq etdi", - S.Sarkisyan deyib.

Dağlıq Qarabağı "Artsax" təki mifologemlə adlandıran, həmin arealda yaşayan erməniləri "ermənilik" edən, yəni dünya miqyasında erməni icması statusuna "yüksəldən" S.Sarkisyan BMT-nin Baş Assambleyasının keçirildiyi zalda əyləşənləri deyəsən, sadəlövh sayırdı.

Qarabağlı ermənilər "ermənilik" yox, Azərbaycan vətəndaşlarıdır və onların öz müqəddəratlarının təyinatı ilə bağlı çıxış etməyə heç bir haqları yoxdur.

Bu bir yana: S.Sarkisyan öz çıxışında "Artsax erməniliyi" söyləməklə Dağlıq Qarabağdakı erməniləri bir icma, ərazi sakinləri qismində faktiki olaraq heçə saydı, "yoxa" çıxardı.

Belə çıxır ki, qarabağlı ermənilər bundan belə özlərini erməni yox,  "ermənilik" təki illüzor və mənasız nəsnənin bir parçası saymalıdır.

Beynəlxalq hüququn norma və prinsipləri bunu deyir.

Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyünü pozaraq torpaqlarımızın bir qismini işğal edən Ermənistanın həyata keçirdiyi soyqırımlar, azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası, dinc əhaliyə divan tutulması, terror, günahsız insanların amansızcasına qətlə yetirilməsi "dinc çağırışlar" kimi qələmə verilirsə, deməli, "ermənilik" adlanan fantomun məramlarını araşdırmağa, anlamağa və təhqiq etməyə heç bir lüzum qalmır.

Çünki S.Sarkisyanın danışdığı BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün (!) qətnamələrdə və sənədlərdə Ermənistanı birmənalı olaraq işğalçı dövlət kimi tanıyıb, bu ölkədən qoşunlarını Azərbaycanın işğaldakı ərazilərdən çıxarılmasını tələb edib.

BMT və dünya birliyi bu aksiomları bilir, habelə, heç bir ölkənin Dağlıq Qarabağdakı terrorçu xuntanı "dövlət" kimi tanımadığını da anlayır.

Ermənistan belə, bütün bəyanatlarına rəğmən, qarabağlı ermənilərin "müstəqillik" tələblərini tanımağa cəsarət etməyib: İrəvan belə qərarın Ermənistan üçün intihar olacağını dərk edir.

S.Sarkisyan da hakimiyyətə gəldiyi ilk gündən "qətiyyətli, sərt və qarabağlı erməniləri daim düşünən" dövlət başçısı kimi tanınmaq istədiyindən sürəkli Azərbaycanı hədələyir.

Lakin o, fərqinə varmır ki, belə hədələmələr yol kənarındakı evə diş qıcardan balaca köpəyin qorxudan quyruq bulayaraq hürməsinə bənzəyir.

S.Sarkisyan çıxışında daha sonra deyib: "Ötən ilin aprelində Azərbaycanın başladığı dördgünlük savaş göstərdi ki, Azərbaycanın məqsədi hələ də Qarabağ ermənilərini məhv etməkdir".

Bu da yalandır, çünki ötən ilin aprelində Azərbaycan cəbhə xəttində ermənilərin hücum cəhdinin qarşısını aldı, təxribat istəyinə cavab verdi.

Cavab o qədər sərt oldu ki, ermənilər təşvişə düşdülər, Ermənistanda matəm ab-havası yarandı, Azərbaycan ordusu isə erməni işğalında olan 2 min hektardan artıq ərazini və çox önəmli strateji yüksəklikləri azad etdi.

Bütün bunlar cəbhə xəttinin yaxınlığında yaşayan, ermənilərin fasiləsiz atəşə tutduqları dinc əhalimizin müdafiəsi üçün zəruri addımdı.

Rəsmi İrəvan isə "dördgünlük müharibə"də fiaskosunu, total məğlubiyyətini hələ də ermənilərdən gizlədir, "kiçik geriləmələr" olduğunu deyir və bəyan edir ki, həmin ərazilər "geri alınacaq".

S.Sarkisyan yalan danışmağa məcbur zavallıdır və bu baxımdan onun BMT-nin Baş Assambleyasındakı 15 dəqiqəlik çıxışının bütünlüklə Azərbaycana "həsr" olunması bəlkə də təəccüblü sayılmamalıdır.

Səbəblər bəlli, trivialdır.

S.Sarkisyanın hakimiyyətdə olduğu bu illər ərzində Ermənistanı tərk edənlərin sayı hər il sürətlə artır, mühacirət fəlakət səviyyəsinə çatıb, ölkənin xarici borcu bu kiçik və səfil məkan üçün astronomik həddə çatıb.

Cənubi Qafqazda reallaşdırılan bütün beynəlxalq və regional layihələrdən kənarda qalan Ermənistan özünütəcrid etmiş biçarə, heç bir iqtisadi və siyasi perspektivi olmayan, vətəndaşlarının tam əksəriyyətinin yalnız gedişi düşündüyü dövlətdir.

Və ən başlıcası - BMT-nin baş qərargahına toplaşan dövlət və hökumət başçıları S.Sarkisyanın isterik çıxışı ilə Azərbaycan Prezidenti İlham Əliyevin mövqelərini bir daha müqayisə etmək imkanlarına malik oldular.

BMT Baş Assambleyasına yollanan dövlət başçımız Vaşinqtonda keçirdiyi görüşlərdə Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəsindən, siyasi, humanitar və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərdən, habelə Azərbaycanın bu gün  dünyada multikulturalizm, dini azadlıq və dinlərarası əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməsindən bəhs edib.

O da vurğulanıb ki, Bakının iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın xristian dünyası ilə İslam dünyası arasında əməkdaşlıq işinə verdiyi böyük dəstəkdir.

Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında "BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək" adlı tədbirə də qatılan Prezident İlham Əliyev Azərbaycanın hazırda dünyanın üzləşdiyi çağırışlara effektiv, adekvat cavab verməyə çalışan ölkələr arasında olduğunu vurğuladı.

Dövlət başçımız ölkəmizin yürütdüyü daxili siyasətin məhvərində insan yaşamının tam təminatı və hüquqlarının qorunmasının, rifahın inkişafı üçün bütün zəruri şərtlərin yaradılmasının və tərəqqinin səbatlı istinadlarını bərqərar olmasının; xarici siyasətdə isə bütün dövlətlərlə qarşılıqlı sayğı, maraq və mənafelərin nəzərə alınması, suverenlik və sərhəd toxunulmazlığının aprior sayılması kimi prinsiplərin ümdəliyinin gerçəkləşməsinə çalışmasını göstərdi.

Bu gün, bir müddət sonra BMT-nin baş qərargahında İ.Əliyev çıxış edəcək.

İnkişaf, təhlükəsizlik və sülh uğrunda birləşmiş millətlərin təşkilatı olduğunu bəyan edən quruma toplaşan dövlət başçıları ilə yanaşı, milyonlarla insan Azərbaycanın mövqeyindən xəbərdar olacaqlar.

Həmin mövqe illərdən bəri dəyişməzdir: sülh, inkişaf, tərəqqi və təhlükəsizlik.

Azərbaycan hazırda işğal altında olan torpaqlarını da məhz BMT Nizamnaməsi çərçivəsində azad etmək qətiyyətini göstərib.

Həmin sənəddə isə suverenlik, sərhəd toxunulmazlığı əsas müddəalar olduğundan, Serj Sarkisyan kimi qeyri-adekvat insanın 15 dəqiqəlik çıxışındakı yalanların puçluğu, ittihamların əslində öz cinayətlərini pərdələmək həhdi olduğu artıq mənəvi kriterilər müstəvisindən beynəlxalq hüququn əsla qəbul etmədiyi aqressiv ritorika səviyyəsinə keçir.

BMT isə ambisiyaları boyundan böyük diktatorların idarə etdikləri ölkələrin ərazi iştahlarını bəyan etdikləri, dünya düzənini dəyişmək və ya tam əksinə, inkişafa qarşı çıxaraq istismar edilən kiçik ərazidə heç bir dəyişikliyin olmamasına edilən cəhdlərin dəfələrlə şahidi olub.

Serj Sarkisyan BMT tribunasından yalanlar danışıb hansısa məqsədlərə çatdığını düşünən binəvaların daha biridir.

Həmin binəvaların taleyi isə bəlli...

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.