Mariya Rudzinskaya: Bu, Azərbaycanda turizmin inkişafına müsbət təsir göstərdi

​​Jobs.Day.Az və EMPLOY.AZ yeni HR Breakfast layihəsini təqdim edir. Məlum layihənin məqsədi diqqəti müxtəlif şirkətlərdə və təşkilatlarda HR fəaliyyətinə, o cümlədən əmək bazarında baş verən dəyişikliklərə yönəltmək və hazırda daha çox tələbat olan mövqelər barədə məlumatı təqdim etməkdir.

Layihənin rəhbəri EMPLOY rekrutment-şirkətin təsisçisi Cəmilə Orucovadır.

Qeyd edək, EMPLOY.AZ Azərbaycanda sahibkarlar və iş axtaranlar üçün təsis edilib. Əsas məqsədi işsizliyin azalmasına şərait yaratmaq, əməkdaşlar axtaran təşkilat və şirkətləri peşəkar kadrlarla təmin etmək, həmçinin tələbə və məzunlara karyera yüksəlişində kömək etməkdir. Jobs.Day.Az portalı isə həm sahibkarların, həm iş axtaranların istifadə edə biləcəyi geniş məlumat bazasına malikdir. Baza daima yenilənir, yeni xidmətlər peyda olur.

Diqqətinizə Hilton Baku otelinin HR direktoru Mariya Rudzinskayanın müsahibəsini çatdırırıq.

- Mariya xanım, lütfən Hilton Baku-dan əvvəl harda işləməyiniz və HR karyeranızın necə qurulması barədə danışın.

- Mən artıq 10 ildən çoxdur ki, HR sahəsindəyəm. Otel biznesindən əvvəl pərakəndə ​ticarətində, daha dəqiq desək, Marks & Spencer şirkətində işləmişəm. Otel biznesində karyerama 5 il bundan əvvəl Fairmont Grand Hotel Kyiv-də başlamışam. 3 ildən sonra məni Bakıda Fairmont otelinə göndərdilər, orda bir il işlədim. Bundan sonra Hilton Baku-ya gəlib çıxdım və hazırda bu komandanın bir hissəsi olmaqdan məmnunam .

Əminliklə deyə bilərəm ki, Bakıda yaşamaq və işləmək xoşuma gəlir, bu ölkədə özümü yad hiss etmirəm. Sənayemizin üstünlüyü ondadır ki, biz dünyanın müxtəlif ölkələrində işləyə bilərik və bu dünyagörüşünü çox genişləndirir. Hilton Worldwide otelləri dünyanın 104 ölkəsində mövcuddur. Təsəvvür edirsiniz necə geniş coğrafiyadır və əməkdaşlarımız qarşısında nə qədər çox imkanlar açılır! Gələcəkdə fərqli mədəniyyətləri olan digər ölkələrdə də işləmək istərdim, bu çox maraqlı təcrübədir.

- Otel biznesində HR işi digər sahədəkilərdən nə qədər güclü şəkildə fərqlənir?

- Otel biznesi digərlərindən olduqca fərqlidir. Bu, ilk növbədə bitib-tükənməyən əməliyyat fəaliyyətidir: həftənin 7 günü 24 saat. Bu biznes çox dinamik və maraqlıdır, günün biri o birinə oxşamır. Əgər Hilton-un HR strategiyasından danışası olsaq, əməkdaşlarımıza olan münasibətin onların qonaqlarımıza olan münasibətini müəyyənləşdirdiyinə əminik. Bu səbəbdən biz əməkdaşların özünü rahat hiss etməsi və can atdığımız xidməti göstərə bilmələri üçün yaxşı ab-hava, yaxşı şərait yaratmağa çalışırıq. İlin hər ayı Hiltonda müəyyən departamentə həsr olunub. Bu, onların işinə görə minnətdarlıq və əməkdaşların aldığı cürbəcür xoş sürprizlər ayıdır. Mayda bizdə Əməkdaşlara Təşəkkür Həftəsi baş tutmuşdu, həftə ərzində hər gün müxtəlif tədbirlər keçirilirdi. Məsələn, menecment və şöbə müdirləri əməkdaşları xidməti girişində əllərində şirniyyat və sərin içkilərlə qarşılayır, onlara gördükləri işə görə təşəkkür edir və hər kəsə xoş gün arzulayırdılar. Bizdə həmçinin kino günləri keçirilib ki, həmin günlərdə əməkdaşlar öz komanda yoldaşları ilə birgə film izləyə biliblər. Restoranda heyət üçün burgerlər günü, aerobika məşğələləri, sağlam qidalanma üzrə master-klasslar... bu siyahını uzatdıqca uzatmaq olar.

- Bakı otel biznesinin vəziyyətini necə səciyyələndirə bilərsiniz? Azərbaycandakı otel biznesi digər ölkələrdən nə ilə fərqlənir?

- Bir neçə il əvvəl Azərbaycanda otel biznesi qızğın surətdə inkişaf etməyə başladı və onun stabilləşdiyini söyləmək olmaz. Qonaq profili çox güclü şəkildə dəyişib. Əvvəllər qonaqlarımız əsas etibarı ilə Azərbaycana ezamiyyətə gələn biznes-səyyahlar, indisə daha çox məzuniyyət günlərində bura gələn İran körfəzi ölkələrinin turistləridir. Adətən, bu, asudə vaxtlarının doldurulmasına ehtiyac duyan uşaqlı ailələrdir. Bu səbəbdən sənaye hazırda tamamilə fərqli tələbləri olan başqa qonaq profilinə uyğunlaşır.

Bu bizdə də bir çox dəyişikliyə səbəb oldu. Məsələn, oteldə gözlənilmədən balaca qonaqlar peyda olduğundan qəbul və yerləşdirmə xidməti uşaq chek-in-i yaratdı ki, bu zaman uşaq müstəqil şəkildə qeydiyyatdan keçə bilər. Məlum proses balaca qonaqların çox xoşuna gəlir, onların özlərini əhəmiyyətli saymasına imkan yaradır. Otelimizin azyaşlı qonaqları xidmətimizdən çox razıdırlar. Əmək bazarının baxış bucağından Bakıda hazırda ərəb dilində danışan namizədlərə böyük tələbat var. İndi bu cür əməkdaşlar sadəcə əvəzedilməzdir.

- Bəs bu təmayül nə qədər uzun çəkəcək? İran körfəzindən hələ nə qədər turistlər gələcək?

- Əslində dövlətin belə bir addım atması, Bakını turistlər üçün maraqlı və rahat etməsi, İran körfəzi ölkələrindən turistlər üçün vizasız rejim tətbiq etməsi çox yaxşıdır. Bu, Azərbaycanda turizmin inkişafına müsbət təsir göstərdi.

Hazırda nəsə proqnozlaşdırmaq çox çətindir, çünki biz burulqan dövrdə yaşayırıq, dünyada situasiya çox dinamik şəkildə dəyişir. Mənə bu prosesin içində olmaq və bazarın sürətli inkişafını izləmək maraqlıdır.

- Yaxın 5 il üçün hansı dəyişiklikləri proqnozlaşdıra bilərsiniz?

- Zənnimcə, digər nəslin insanlarının, belə demək olarsa, millenialların dönəmi başlayır. Onlar ümumi işçi kütləsində ən çoxsaylı və ən fəal qrupa çevrilirlər. Bu gənclər praktiki olaraq əllərində telefon doğulduqlarından biz digital trendləri müşahidə edəcəyik. Müvafiq olaraq, sənaye artıq dəyişir və texnologiyanın inkişafına daha çox kapital qoyacaq. Çox tezliklə digital-chek in və ya Smart Room meydana gələcək, yəni proseslərin sadələşdirilməsi nəticəsində öz mobil telefonundan otaq bronlaya, nömrənin açarını ala və hətta qapını aça biləcəksən.

- Şirkətiniz barədə danışın, Hilton otelində ştatda nə qədər adam var?

- Hazırda bizdə ştatda 200-ə yaxın adam var. Otel şəhər kimidir, çoxlu sayda funksiyası və bölmələri var, burda müxtəlif profillər və əməkdaş tipləri yanaşı fəaliyyət göstərir. Məsələn, əgər biz mətbəxdən danşşırıqsa, bu, bir kateqoriya əməkdaşdır - onların müəyyən bacarıqları, vərdişləri və müvafiq olaraq, şirkətdən gözləntiləri var. Əgər biz nömrələrin xidməti departamentindən danışırıqsa, bu tamam başqa adamlardır - onların öz tələbatları və səyləri var. Bütün bunlar, şübhəsiz ki, seçim strategiyasına, təlimə və saxlanmaya təsir edir.

- Sizcə, Azərbaycanda hansı formatda otel kifayət qədər deyildir?

- Azərbaycanda kifayət qədər çox dünya səviyyəli 5 ulduzlu otel var ki, onlar dəbdəbəli məhsul və xidmət təklif edir. Lakin orta büdcəli səyahətçilər üçün keyfiyyətli otel və Avropa səviyyəli hostel çox azdır. Bakı günü gündən dəyişir və bura çoxlu sayda turist gəlir. Onların hamısı səfərdən razı qalır və bu səbəbdən tursitlərin sayı artır. Azərbaycanın otel bazarının alternativ məhsul - müxtəlif büdcəli səyahətçilər üçün hostellər və aşağı büdcəli otellər təklif etməsi əla olardı.

- Siz çoxlu səyahət edirsiniz, xarici həmakrlarla təcübə mübadiləsi aparırsınız. Hazırda dünyada Bakıda olmayan hansı mehmanxana trendləri mövcuddur?

- Dünyadakı təmayüllərdən biri Zero Waste otelləridir (tullantısız). Bu cür otel Dubayda açılıb, orda yenidən emal edilmiş sudan, günəş enerjisindən istifadə edirlər. Onların hətta öz fermaları var, orda tərəvəz yetişdirilir. Hilton Baku - eco friendly oteldir, biz ətraf mühitin qorunması ilə bağlı təşəbbüsləri fəal şəkildə tətbiq edirik. Bununla belə, Azərbaycanda belə otellər hələ çox azdır.

Başqa təmayül - ruhun və bədənin bərpası üçün proqramlar, yoqa-proqramlar, detoks mətbəx və s. təklif edən Wellness otellərdir. Ölkə ərazisində bu cür otellər də hələ ki çox deyil.

- Hər kəsə məlumdur ki, otellərdə əməkdaşların zahiri görünüşünə olduqca böyük diqqət ayrılır və müəyyən dress-kod mövcuddur. Bu haqda ətraflı danışa bilərsiniz?

- Bəli, şübhəsiz ki, dress-kod var və o, kifayət qədər ciddidir. Biz namizədin zahiri görünüşünə hələ müsahibə mərhələsində diqqət yetiririk. Əməkdaşlarımız qonaqlarla ünsiyyət qururlar və bu səbəbdən qüsursuz görünməlidirlər. Amma bu işin xoş tərəfi də var - biz zahiri görünüşlə bağlı həmişə müxtəlif treninqlər keçiririk. Məsələn, biznes saç düzümləri, dəriyə qulluq, makiyajın əsasları və s. üzrə master-klasslarımız olub. Bu, kollektiv tərəfindən həmişə məmnunluqla qarşılanıb.

- Otelinizin korporativ mədəniyyəti haqqında danışın, HR ona təsir etmək üçün nə edə bilər, şirkətin mədəniyyətini necə müəyyənləşdirirsiniz?

- Hilton Baku-dan danışmalı olsaq, burda korporativ mədəniyyət ilk növbədə insanların qayğısı üzərində qurulub. Biz əməkdaşlar üçün ailə təəssüratı yaratmaq istəyirik, biznesimizdə bu çox vacibdir. Baş menecerimiz hər əməkdaşı təkcə adı ilə tanımır, onların uşaqlarının da adını, məzuniyyəti necə keçirdiklərini, sağlamlıqla bağlı hansı problemləri olduğunu bilir. Bu, həmkarlara özlərini öz mühitində, öz ailəsində hiss etməyə imkan verir. Üstəlik onlar bu qonaqpərvərlik təəssüratını qonaqlarımıza da ötürə bilirlər.

Buna görə də kadrların yüksək stabilliyi ilə öyünə bilərik. Hilton Baku ailəsindən getmək sadəcə mümkün deyil.

- Şirkətdə HR direktorunun rolunu üç kəlmə ilə təsvir etməli olsaydınız, bunlar hansı sözlər olardı və niyə?

- Hər şeydən əvvəl, qayğı... Kouçinq - tez-tez işçiləri dinləmək və saulı onların əvəzindən cavablandırmaq deyil, onları öz sualını cavablandırmağa yönəltmək lazımdır. Nəzarət mühümdür, ürəyin istəyən qədər həvəsləndirə bilərsən, amma nəzarətsiz heç cür olmur. Qayğı, kouçinq və nəzarət - qonaqpərvərlik sahəsində HR-ı quran üç amil.

- Sizcə, əməkdaşlar arasında baş vermiş münaqişəni hansı effektiv yolla çözmək olar?

- Hər əməkdaşa mütləq diqqət ayrılmalıdır. Bəzən sadəcə dinləmək kifayət edir - və münaqişə çözülür. Burda kommunikasiya əhəmiyyətli rol oynayır. Adətən, əgər münaqişə baş verirsə, deməli, hardasa kommunikasiya pozulub - əməkdaşı ya dinləməyiblər, ya da kifayət qədər məlumatlandırmayıblar. Hər şey, sözsüz ki, situasiyadan asılıdır.

- Necə hesab edirsiniz, otel biznesində HR əməkdaşlarına hansı treninqlər keçirilməlidir? Ümumiyyətlə, otel şəbəkənizdə əməkdaşlar üçün hansı təlim sistemi qurulub? Biliklər necə dəstəklənir və ötürülür?

- Hilton-da əla bir təlim sistemi - Hilton University var. Bu, müxtəlif departamerntlərin əməkdaşları üçün çoxlu sayda treninq təklif edən onlayn pltaformadır. Təhsil müxtəlif dillərdə əlçatandır. Bu, üstəlik hər ay yenilənən bilik dəryasıdır. Bütün əməkdaşlarımız bu sistemdən istifadə edə bilir və bu yolla təlim keçirlər.

İstənilən digər oteldə olduğu kimi, bizdə də heyətin təlim və inkişafına görə məsuliyyət daşıyan treninq-menecer var. Biz yeni gələnlər üçün İstiqamət proqramı keçirik. Məlum proqram yeni həmkarlara Hilton International-ın nə olduğunu öyrədir və onları peşəkar həyatlarının yeni səhifəsinə hazırlayır. Treninq günü yeni işçilərin baş menecerlə birgə nahar etməsi xoş məqamdır. O, işə yeni başlayanlarla öz təcrübəsini bölüşür, suallar verir, qonaqpərvərlik sənayesinin həyatından bəzi sirrləri açıqlayır. Bu cür qeyri-formal ab-hava söhbətə meylləndirir və yuxarıda danışdığım ailə və rahatlıq duyğusu yaradır.

Bizim sənayedə müxtəlif ölkələrdən olan qonaqlarla müxtəlif mövzularda danışa biləcək qədər xarici dilləri bilmək çox vacibdir. Bir neçə dil bilmək çoxlu sayda imkanlar açan üstünlükdür.

Biz həmkarlarımız üçün ingilis dili kursları keçir, bununla da onlara təkmilləşməyə imkan yaradırıq.

Menecer treninqdən savayı, hər departamentin öz daxili təlimçisi var ki, o, həmin departamentin sorğularına istiqamətlənmiş təlim keçirir.

Hikton mədəni təlimə böyük yer ayırır. Bu, əyləncəli və müasir formada qurulmuş fasiləsiz prosesdir.

- Hilton könüllülərlə necə işləyir?

- Biz könüllülərə böyük ümid bəsləyirik. Bu gənc uşaqlarda böyük potensial görürük. Mayda bizdə Karyera günü keçirildi ki, orda Azərbaycanın müxtəlif təhsil müəssisələrindən 200-dən artıq namizəd iştirak etdi. Bu, gəncliyin brendimizə böyük marağından xəbər verdi.

Otelimizdə həmişə könüllülər təcrübə keçirlər. Yaxınlarda "Qonaqpərvərlik sahəsində mənim innovasiyalı ideyalarım" adı altında layihə keçirdik. Orda hər könüllü təcrübə keçdiyi departamentdə tətbiq edə biləcəyi ideyasını nümayiş etdirdi və əsaslandırdı. Nəzərinizə çatdırım ki, bu, çox maraqlı təcrübə idi, gənclər öz təqdimatlarını çox istedadlı şəkildə keçirdilər. Biz bu yeni ideyaların bəzisini artıq reallaşdırmağa başlamışıq.

- Hansı mövqeyə daha tez-tez işçi götürülür? Yaxın gələcəkdə sizə hansı kadrlar lazım ola bilər?

- İnternlər bizə həmişə lazımdır və biz onlara həmişə şadıq. Bizdə daha çox əməliyyat departamentlərinə könüllülər lazımdır. Yəni - ofisiantlar, mühəndis departamentinin front-ofis əməkdaşları.

- Mariya xanım, bizə çox maraqlıdır, namizədlərdə ilk növbəıdə nəyə diqqət yetirirsiniz və onlara daha çox hansı suallar verirsiniz?

- Hər şey rezümedən başlayır. Rezümenin necə yazılması böyük əhəmiyyət daşıyır. Bəzən adamlar rezümeyə çox gülməli fotolar vururlar - məsələn, tualetdə edilmiş selfi.

Foto da çox mühümdür. Namizəd peşəkar görünməlidir: parlaq makiyaj, iri bəzək əşyaları, gündəlik geyim və ya arxa fonda çimərlik çətirləri bizdə arzuladıqları işi əldə edə biləcəklərinə heç dəlalət etmir.

Rezümenin ingilis dilində yazılması arzuolunandır. Rezümenin mətni oxunmalıdır. Rekruter - məşğul adamdır, onun rezümeni başdan ayağa oxuması üşün heç də həmişə vaxtı olmur, odur ki, biz açar sözlərə diqqət ayırırıq.

Stabillik böyük rol oynayır. Əgər adam ildə bir dəfə iş yerini dəyişirsə, ya o özünü tapa bilməyib, ya da iş yerində nəsə alınmayıb. Otel biznesində başqa sahələrlə müqayisədə dövriyyə daha sürətlidir, odur ki, stabillik göstəriciləri bir iş yerində minimum 2 il işləmək olacaq.

Namizəd öz peşəkar təcrübəsini iki səhifədə təsvir etməlidir. Biz həmçinin elektron məktubun mövzusuna, elektron poçtun ünvanına, faylın necə adalndırılmasına diqqət yetiririk. Məsələn, əgər rezüme "blondinka95" ünvanından gəlirsə, bu, həmçinin namizədin "ciddiliyindən" xəbər verir.

Biz həmçinin dəqiqliyə də diqqət yetiririk. Əgər biz namizədi müsahibəyə dəvət etmişiksə, o, vaxtında gəlməlidir. Namizədin zahiri görünüşü həmçinin mühümdür.

Biz müsahibə zamanı, adətən, aplikantın bioqrafiyası üzrə deyil, onun peşəkar səlahiyyətlərinə dair suallar veririk. Məsələn, mənim sevimli sualım - peşəkar həyatınızda ən böyük səhviniz hansıdır? Bu zaman çoxlu məqamlar üzə çıxır - qarşındakı adam nə dərəcədə dürüstdür (hər kəs səhv edir), bu təcrübənin ona nə öyrətdiyini, onun məlum problemi necə çözdüyünü anlamaq olar - özümü çözüb, buna başqalarını cəlb edib, panikaya düşüb, yoxsa sakit olub?

O ki qaldı namizəd seçərkən rəy toplamağa, bircə şey deyə bilərəm: sahəmiz o qədər də böyük deyil. HR direktorlar, adətən, bir-birini tanıyırlar və namizəd barədə rahatlıqla məlumat toplaya bilərlər. Bu məsələdə bir-birimizə həvəslə kömək edirik.

Layihə rəhbəri: Cəmilə Orucova. EMPLOY şirkətinin təsisçisi.

Layihənin partnyorlar: Jobs.Day.Az, Day.Az.

Layihənin təşkilində göstərdikləri dəstəyə görə Hilton Baku-nun müdiriyyətinə və heyətinə minnətdarlığımızı bildiririk.