"Məhsul" meydanı radikallara "siyasi məzar" oldu

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Yasamal rayonundakı "Məhsul" meydanında ölkə müxalifətinin mitinqi keçirildi. Özünü "milli-demokratik müxalifət" kimi təqdim edən, şüarları lümpen şüurun məhsulu olan "Məhsul" qəhrəmanları "siyasi ölü" olduqlarını hələ də anlamadıqlarından yenə nimdaş, köhnəlmiş, mənasını tamam itirmiş çağırışlarla xalqa səsləndiklərini düşünürdülər.

Mitinqin təşkilatçısı artıq ölkə müxalifətinin keşiş Qaponuna çevrilməkdə olan Əli Kərimlinin sədrlik etdiyi Xalq Cəbhəsi Partiyası (AXCP) və siyasi marionetkaya dönmüş Cəmil Həsənlinin rəhbərlik etdiyi "Milli Şura" truppası idi.

Partiya sədri statusunu faktiki olaraq çoxdan itirən və indi, əsasən, Facebook-dakı profilində hər gün isterik statuslarla "Azadlıq" qəzetinin saytında müxtəlif adlarla məqalələr yazmaqla "siyasi liderlik" etməyə çalışan və bütün bunları ambisiyalarının reallaşması üçün hələlik bitkin vasitələr hesab edən Əli Kərimli ilə onun ətrafı ən müxtəlif yollarla insanları mitinqə cəlb etməyə çalışırdılar.

Di gəl, "Məhsul"dakı yığnağa müxalifət partiyalarının tam əksəriyyəti rədd cavabı verdi.

Müsavat Partiyası "mitinqin təşkilatçıları bizə müraciət etməyib" bəyanatı verərək mitinqə qatılmadı.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbərliyi də mitinqdə iştirak etmədi. Səbəb məntiqi idi: Milli Şura və AXCP "ümumxalq mitinqi" elan edirsə, bu barədə siyasi partiyalara iştirakla bağlı müraciət ünvanlamalı idi. Belə müraciət olmayıb.

Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Açıq Cəmiyyət Partiyası da qatılmadılar və hətta "belə mitinq bizi maraqlanqdırmır" dedilər.

Halbuki sadaladığımız qurumların hamısı bir zamanlar Əli Kərimlini "ölkə müxalifətinin lideri" bəyan etmişdilər, "Milli Şura"da təmsil olunmuşdular.

Və gün gəldi, vədə yetişdi.

Bu gün saat 15 radələrində "Məhsul"a yığışmağa başlayan "müxalifətçi"lər yenə Əli Kərimli və dostlarının ifasında çağırışlar dinləməyə hazırlaşmışdılar.

Facebook-da "Vətən, Millət, Sakarya" tipli bravur, saxta vətənpərvər çağırışlarla özlərini "ölkənin bel sütunu" sayanlar, "mitinqə gəlməyən..."" yazaraq uğursuzluğunu əvvəlcədən etiraf edən erroziyalı əxlaq yiyələri ilə bahəm, meydana jurnalistlər, müxalifətçilərin qohumları, nə baş verdiyini anlamağa çalışan təqaüdçülər, vaxt keçirməyə can atan yeniyetmələr yığışmışdı.

Hamısı 1400-1500 nəfər idi təqribən.

Həmişəki şüarlar, şüarçı davranışlar, "Biz gələcəyik!" marazmı, Avropa Birliyinin bayraqları - bütün bunlar alışdığımız anturajdı.

İslam dini ilə pərdələnən, törətdikləri cinayətlərə görə həbs olunmuş radikalları "vicdan məhbusları" elan edən natiqlər danışır, meydandakılar darıxırdılar.

Bir kənara əyləşib söhbətləşən kim, sonradan Avropa ölkələrindən birinə qaçıb "təqib olunan müxalifətçi" təki siyasi sığınacaq almaq ümidilə şüarların yanında selfi çəkdirən kim, əsnəyən kim, telefonda oyun oynayan kim, mesajlaşan kim...

Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirilən mitinqə "fenomenal hazırlıq prosesi"nin reallaşdırıldığını deyən AXCP rəhbərliyi 23 sentyabr ərəfəsində sosial şəbəkələr və nəzarətində olan yandaş media vasitəsilə günlərlə təbliğat aparmasına rəğmən, mitinq yenə fiaskoya çevrildi.

Üstəlik, budəfəki mitinqdə ön sıralarda duranların tam əksəriyyəti radikal dindarların tərəfdarları, Azərbaycanın orta əsrlər girdabına atılıb ölkənin "möminlərin xilafəti"nə çevrilməsini istəyənlər, xarici ölkələrdəki bəlli qüvvələrin, strukturların və mərkəzlərin ssenarilərində statist rolları almış adamlardı.

Mitinq zamanı tribunaya çıxanlar neobolşevizm ruhunda "Neft pulları hamı arasında paylanmalıdır!" şüarlı yığıncaqlarını aktivləşdirmək üçün bəlağətlə danışsalar da, onların birbaşa xitab etdikləri fərdlər qondarma mühacir statusu əldə etmək, Avropa ölkələrinin Bakıdakı səfirliklərinə "əsl müxalifətçi" olduqlarını sübut etmək üçün selfi çəkməkdə idilər.

Özü də belə "fotoqraf"ların çoxu şəkillərini çəkən kimi meydanı tərk etdilər.

Azərbaycanın siyasi səhnəsində sovrulmuş səhranı xatırladan müxalifət düşərgəsində güya aktiv proseslərin getdiyini göstərmək, kütləfi mitinq arzusunu reallaşdırmaq üçün Əli Kərimli iləə Cəmil Həsənli yenə tor basmış taktikalarından yararlanırlar.

2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində indidən hazırlaşmağa başladıqlarını vurğulayan bu siyasi "ölü can"lar "Neftdən hamıya pay düüşməlidir!" deyirlər.

Karbohidrogen satışından əldə olunan vəsait kimlər arasında, necə paylanmalıdır, bunun mexanizmi nədir və necə ola bilər, üstəlik enerjidaşıyıcılarının hasilatına orta statistik vətəndaş hansı rolu oynayacaq - Əli Kərimli bilmir.

O, yalnız "Mənə buruq verin!" deyir.

"Milli Şura"nın rəhbəri Cəmil Həsənli, bu psevdotarixçi və alim də həmişəki ampluasında olduğundan, ötən ildəki mitinqdə səslənən şüarlar, deyilən sözlər, sanki, dejavyudakı təki, yenidən təkrarlanır.

Daha sonra Gültəkin Hacıbəyli, siyasi mənsubiyyətini, əqidəsini və məqsədlərini əlcək kimi dəyişmiş xanım danışdı. Yeni heç nə söylənmədi.

Maraqlı, sadəcə, bir məqamdı: tribunaya çıxıb "millətin halı"ndan darnışmağa başlayan, sonra da yeganə çıxış yolumuzun "Qərbin bütün əmr və göstərişlərinə əməl etmək"də olduğunu təkrar-təkrar vurğulayan adamlar özlərini demokrat, siyasi liberalizmin nümayəndələri kimi qələmə verdilər.

Amma onların hər biri AvroNEST-in tədbiri ilə bağlı Bakıya gəlmiş erməni deputatların səfərinin yolverilməz olduğunu  vurğuladılar, "erməniləri Bakıya buraxanlar xəyanət ediblər" söylədilər.

Bu da tribunadakı siyasi marionetlərin demokratlığının, liberallığının, sadəcə, əlverişli maska olduğunu ortaya qoydu.

... "Məhsul"dakı mitinq ölkə müxalifətindəki radikalların, siyasi istifadə müddəti bitmiş insanların perspektivlərdən məhrum olmaqla yanaşı, xalqdan nə qədər uzaq qaldıqlarını göstərdi.

"Məhsul" bir daha Əli Kərimli və Cəmil Həsənlinin fiasko meydanına, radikallar üçün "siyasi məzar"a çevrildi.

Ən azı ona görə ki, bu gün "Məhsul"a yığışanların sayı Əli Kərimlinin Facebook profilindəki statuslarına pullu reklam və feyk profillər vasitəsilə yığılan "like"lərin də sayından az oldu.

Dinlə pərdələnmiş radikalların bütün səylərinə rəğmən...

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.