Qurban Qurbanov: "Bu dəfə daha yaxşı hazırlaşmışıq"

Day.Az представляет новость на азербайджанском языке

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İtaliya "Roma"sını sabah Bakı Olimpiya Stadionunda qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurbanov Qurbanov matçöncəsi mətbuat konfransı keçirib.

Day.Az sport24.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşıdakı görüş barədə fikirlərini bölüşüb.

- Bakıda ilk oyunumzdu. Hamı səbrsizliklə bu görüşü gözləyir. Həm şəhərimiz, həm ölkəmiz üçün böyük bir hadisədi. Qrupumuzda 3 favorit var: "Çelsi", "Atletiko" və "Roma". İtalyanları kimsə siyahıdan silə bilər. Ancaq onları canlı görmüşəm və əminəm ki, onlar da favoritlər sırasındadı. Çalışacağıq azarkeşlərimizi sevindirək və layiqli mübarizə aparaq.

- İlk dəfə Çempionlar Liqasının qrup matçı və Bakı Olimpiya Stadionu kimi arenada oyun. Təzyiq, həyəcan varmı?
- Baxmayaraq ki, beynəlxalq təcrübəmiz çoxdu, ancaq təzyiq, həyəcan həmişə var. Nə qədər çox azarkeş qarşısında çıxış etsək, futbolçuların məsuliyyəti bir o qədər artar. Böyümək üçün bəzən məğlub olmalıyıq və həmin oyunlardan nəticə çıxarmalı, təcrübə toplamalıyıq. Baxmayaraq ki, ilk oyunda böyük fərqlə məğlub olduq, indi az da olsa ÇL təcrübəmiz var. Bu dəfə daha yaxşı hazırlaşmışıq.

- Miçelin "Sumqayıt"la oyunda məlum olay. Cərimələnibmi, sabahkı görüşdə onu görəcəyikmi?
- Miçel dünən cərimələnib. Bu cür hadisə hər bir oyunçunun başına gələ bilər. Çünki futbolda emosiyalar həmişə aşıb-daşır. Bütün hallarda buraxılan səhvə görə, hər birimiz mısuliyyət daşımalıyıq. O ki qaldı sabahkı görüşə, onun meydana çıxmaq ehtimalı yüksəkdi.

- Ansi Aqollinin son durumu nə yerdədi?
- Hər şey pozitivdi. Oynama ehtimalı var. Son qərarı sabah verəcəyik.

- İlk oyunla müqayisədə, nə kimi dəyişiklik edəcəksiniz?
- "Çelsi" və "Roma" fərqli üslubda oynayan komandalardı. Həm də evdə oynayırıq. Heyətdə də müəyyən dəyişikliklər olacaq, oyun taktikasında da.

- "Roma"nın oyununu canlı izləmisiniz. Heçmi zəif mövqelərini tapmadınız?
- Vaxtilə PRO kateqoriyasını oxuyanda əvvəlcə "Borussiya"nın bazasında oldum və müqayisə etdim ki, onlar hardadı, "Qarabağ" hardadı. Sonra "Barselona"nın bazasında olanda almanların və ispanların harda olduqlarını gördüm. "Roma" top komandadı. Bəli, bu komandalar da qol buraxır. Ancaq hansısa zəif mövqeləri yoxdu.

- "Qarabağ"ın nəticələri göz qabağındadı. Artıq komanda vəzifsinin öhdəsindən gəlib. Belədə, yerli gənc oyunçulara şans vermək ehtimalı nə dərəcədə realdı?
- Biz belə yanaşmırıq. Meydana layiq olanlar çıxmalıdı. Əks halda digərlərinin haqqını tapdamış olarıq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.