Alış-veriş etmək istəyənlərə şad xəbər

Day.Az представляет новость на азербайджанском языке

Oktyabrın 15-də ikinci Bakı Şopinq Festivalı başlayır.

"Qafqazinfo" xəbər verir ki, bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalla bağlı mətbuat konfransı keçirib.

Tədbirdə Vergilər nazirinin müavini Sahib Ələkbərov, Bakı Şəhər İcra Hakimiyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova iştirak edib.

Qeyd olunub ki, noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.

Həmin mallara "Tax Free" imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

"Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.