Rusiyadan Ermənistana növbəti silah "hədiyyə"si - Bu silahlar elə-belə verilmir...

12 октября 2017 16:21

Day.Az представляет новость на азербайджанском языке

"Rusiya Ermənistanda öz hərbi bazalarının silahlandırılması istiqamətində addımlar atır və bunu NATO ilə cənubdakı sərhədlərinin məhz Ermənistandan keçməsi ilə izah edir. Eyni zamanda Rusiya Ermənistana güzəştli kreditlə müasir silahlar verir. Maraqlısı odur ki, Ermənistanın bu krediti iqtisadi potensialı hesabına heç bir vəchlə ödəmək imkanı yoxdur. Çünki söhbət bu ölkə üçün həddən artıq çox böyük rəqəmlərdən gedir. Alınan silahların maddi qarşılığını ödəmək yalnız Ermənistan iqtisadiyyatının bir sıra sahələrinin tam olaraq Rusiyanın inhisarına verilməsi hesabına, başqa sözlə öz müstəqilliyini, dövlətçiliyini qurban vermək yolu ilə mümkün ola bilər".

Bunu təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Milli.Az-a açıqlamasında Rusiyanın Ermənistana yeni silahlar almaq üçün daha 100 milyon dollarlıq güzəştli kredit ayrımasını şərh edərkən bildirib.

Ekspertin fikrincə, Rusiyanın Ermənistana faktiki hədiyyə etdiyi həmin silahlar gələcəkdə Azərbaycan üçün də potensial təhlükə mənbəyi ola bilər: "Bu gün Rusiyaya heç kim irad tuta bilməz ki, o, niyə Ermənistana silah satır. Rusiya üçün silah satışı sektoru həm də iqtisadi problemlərin həlli üçün çıxış yollarından biridir. Çünki Rusiya Qərbin hərtərəfli sanksiyalarına məruz qalıb, ona görə də silah satışı rəsmi Moskva üçün prioritetlərdən biridir. Ermənistan isə onun üçün həm iqtsadi, həm də hərbi-siyasi baxımdan mühüm və sərfəli bazara çevrilib. Sadəcə, ən qorxulu məsələ odur ki, Rusiyanın güzəştli kredit adı ilə verdiyi həmin silahlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda peyda ola bilər. Bizim üçün əsas problem bundan ibarətdir".

Qeyd edək ki, Rusiya Ermənistana yeni müasir silahlar almaq üçün daha 100 milyon dollar güzəştli kredit ayıracaq. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında eyni məqsədlə 200 milyon dollarlıq kredit razılaşması imzalanmışdı. Həmin razılaşmanın müddəaları tam olaraq 2016-cı ilin ilin aprel döyüşlərdən sonra həyata keçirildi və Ermənistana ən müasir silah və texnika verildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.