"Onların cəzalandırılmaması Azərbaycan-Türkiyə əlaqələrinə mənfi təsir edə bilər"
Day.Az представляет новость на азербайджанском языке
"Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslərin cəzalandırılmaması Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər".
Day.Az xəbər verir ki, bunu Trend-ə milət vəkili Elman Nəsirov deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsində olduğu bir vaxtda 4 Türkiyə vətəndaşının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər etmələri, orada çoxsaylı görüşlər keçirmələri, Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirmələri və ölkələrinə qayıtdıqdan sonra telekanallarda səfərlə bağlı geniş çıxış etmələri əslində, daim fəxr etdiyimiz qardaşlıq, dostluq münasibətlərinə kölgə salan bir hadisədir:
"Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında antiazərbaycan qüvvələri ilə yanaşı, 3 türkiyəli deputatın da Azərbaycana qarşı iki qətnamənin qəbul edilməsinin lehinə səs verməsi Azərbaycanı son dərəcə narahat edir: "Təbii ki, ictimaiyyətimizdə haqlı suallar yaranır: bu insanlar nə tez unutdular ki, "Şərq Tərəfdaşlığı" sammitində Ermənistan prezidenti Türkiyə əleyhinə hədyanlar, yalanlar, iftiralar, qərəzli fikirlər söyləyərkən Azərbaycan Prezidenti İlham Əliyev onun sözünü kəsərək cavabını verərək, Türkiyənin mövqeyini müdafiə etdi. Nə tez unutdular ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edilərkən Azərbaycan Prezidenti İlham Əliyev, xalqımız Türkiyənin yanında oldu, qardaş ölkənin qanuni hakimiyyətini müdafiə etdi, bu çevrilişə yox dedi".
E.Nəsirov xatırladıb ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən işğal altındakı ərazilərimizə qanunsuz səfər etmiş, antiazərbaycan təbliğatla məşğul olmuş 4 Türkiyə vətəndaşlarına qarşı cinayət işi açılıb:
"Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Amma bu şəxslərə qarşı indiyə kimi hüquqi tədbirlər görülməyib. Ümid edirəm ki, bu məsələlərdə Türkiyə rəhbərliyi qətiyyətli mövqe tutacaq və həmin şəxslərin hüquqi müstəvidə cəzalandırılması ilə bağlı addımlar atacaq. Əks təqdirdə, bu, bizim dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərimizə çox böyük mənfi təsir göstərə bilər".
Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре