Xarici ədəbiyyatın Azərbaycan dilinə tərcüməsində problemlər yaşanır

Day.Az представляет новость на азербайджанском языке

Xarici ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmasında problemlər yaşanır. Bu problemlər əsasən tərcüməçi çatışmazlığı ilə bağlıdır. Söhbət, əlbəttə, peşəkar tərcüməçilərdən gedir. Ancaq bütün çatışmazlıqlara baxmayaraq, bəzi kitablar da tərcümə olunur.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, son iki ildə 70 xarici kitab orijinaldan Azərbaycan dilinə tərcümə olunub. Lakin bəzi dillərin tərcüməçisi olmadığından əsərlər ikinci dildən tərcümə edilir və orijinal əsərlə tutuşdurulur.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyevin sözlərinə görə, hazırda mərkəzdə 70-ə yaxın aparıcı dil mütəxəssisi çalışır. Bəzi xarici dillər üzrə isə tərcüməçi tapmaq müşkül məsələyə çevrilib.
Mərkəz rəsmisi qeyd edir ki, bəzən xarici dilləri mükəmməl, lakin doğma dilini zəif bilən tərcüməçilərə də rast gəlinir. Onlarla iş məqbul hesab olunmur.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təkcə dünya ədəbiyyatını Azərbaycan dilinə çevirmir. Eyni zamanda, Azərbaycan ədəbiyyatının nümunələri də xarici dillərə tərcümə olunur. Burada məqsəd əbədiyyatımızı dünyaya inteqrasiya etdirməklə təbliğatına nail olmaqdır.
Yaşar Əliyev qeyd edir ki, tərcümə mərkəzi kitabdan maddi maraq güdmədiyindən burada əsas iş oxucunu maarifləndirməyə və kitabxanaları zənginləşdirməyə yönəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.