Elmira Şabanova: “Həyat yoldaşım dedi, mənə xəyanət edirsən” - MÜSAHİBƏ

14 ноября 2017 23:32

Day.Az представляет новость на азербайджанском языке

Görünüşü ilə fransız aktrisalarını xatırladan, istedadı və zəhməti ilə həm də onlardan geri qalmayan Elmira Şabanovanın adı gələndə yadımıza müxtəlif film adları düşür: "Ötən ilin son gecəsi", "Gəmi saatının sirri", "Təhminə", "Fəryad" və s. Sinədən gələn səsi, qüssəli, lakin qüssəli olduğu qədər də dolğun baxışları həmişə tamaşaçıların yadındadır. O özü də bunun fərqindədir. Və bu gün həyatda xalq sevgisinə görə özünü xoşbəxt sayır.

Day.Az "Ədəbiyyat qəzeti"nə istinasdən xalq artisti, gözəl sənətkarımız Elmira Şabanova ilə müsahibəni təqdim edir:

- Elmira xanım, kino sözü işlənəndə hansı hissləri yaşayırsınız?

- Bilirsiniz, kino dedikdə hər şey vəhdət təşkil etməlidir. Rejissor işi, operator işi, musiqi və s. hamısı bir-birini tamamlamalıdır. Kino serial deyil axı. İndiki seriallar necə deyərlər, teletamaşa xarakteri daşıyır. Digər tərəfdən kinonu anlamağın, hiss etməyin əsaslarından biri də ona geniş ekranda, kinoteatrda baxmaqdan ibarətdir. Kino maqnit kimi ekrandan tamaşaçının fikirlərini özünə çəkməlidir. Yəni demək istədiyim odur ki, kino tərbiyəvi əhəmiyyət daşıyır, insanlara necə yaşamağı, necə davranmağı öyrədir.

Sovet dövründə xaricdən gələn filmləri yalnız kino işçilərinə göstərirdilər. Çünki o zaman filmlərdəki intim səhnələri, oğurluq və ya saxtakarlıq mövzularını sovet insanına göstərmirdilər. Rəhmətlik həyat yoldaşım Rüfət Şabanov və mən kino ittifaqının üzvü olduğumuzdan biz həmin filmlərə baxa bilirdik. Bəzən intim səhnələr olanda mən baxmağa utanırdım. Çünki sovet insanının tərbiyəsi də indikinə baxanda bir az fərqli idi.

- Sovet dövrü ilə indiki dövrün fərqi nədədir?

- O vaxtı bizim filmləri xarici festivallara göndərmirdilər. Rusiya yalnız öz filmlərini yollayırdı. Bir də gürcü filmlərinə üstünlük verilirdi. Bizim filmləri ən yaxşı halda "Mosfilm"də göstərirdilər. Düzdür, o zaman da bütün filmlərimizin yaxşı olduğunu demək doğru olmazdı. Amma hər halda, filmlər çəkilirdi. Sadəcə olaraq bu filmlərin kənara çıxmasına imkan yaradılmırdı. İndi bu barədə elə yaxşı imkanlar yaradılıb ki, filmlərimiz kənara çıxa bilir. Misal üçün bu yaxınlarda təqdim  olunan "Nar bağı" filmi. Düzdür həmin filmə mən tam olaraq baxmamışam. Amma baxın, rejissoru gəncdir və film çəkiləndən sonra yüksək festivallara göndərilir. Və yaxud da Yavər Rzayevin ekranlaşdırdığı "İlahi məxluq" filmi mənim çox xoşuma gəldi. Düzdür, çox adam həmin filmi açıq-saçıq səhnələrə görə qınadı. Amma axı kino da incəsənətdir. Necə ki, rəssamlar açıq-saçıq rəsm əsərləri çəkirlər, eləcə də filmdə də belə kadrların olması lazımdır. Əsas odur ki, yaranan ekran əsəri insanı qıcıqlandırmasın.

O vaxtı, Allah rəhmət eləsin, Heydər Əliyev gənclərin bir çoxunu oxumaq üçün Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna göndərirdi. Mənim oğlum Fuad Şabanov da həmin institutun tələbəsi olub. Oranı bitirən gənclərin çəkdiyi filmlər hamısı yaxşı idi.

Bilirsiniz, qızım, hər şeyi dövlətdən də tələb etmək olmaz. Ola bilər ki, dövlət tam olaraq diqqət ayıra bilməsin. Amma sənət adamının özünün qazana biləcəyi xalq sevgisi olmalıdır.

- Elmira xanım, ikinci dəfə kinoya qırx yaşından sonra gəldiniz. Yəqin ki, peşmançılıq, təəssüf hissi yaşamısınız...

- Bizim ailəmizdə ümumiyyətlə kinoya yaxın adam olmayıb. Anam həkim, atam isə neftçi olmuşdu. Mən də həddindən artıq utancaq qız idim. Aktrisa olacağımı heç bir vaxt düşünməmişdim. Amerika aktrisası Qreta Qarbonu ekranda görəndən sonra kino sənətini sevdim və sözün əsl mənasında aktrisa olmağa qərar verdim. O vaxtı mənim ilk kino debütüm "Əsl dost" filmində olub. Daha sonra on yeddi yaşında "Səhər" filmində Sevda roluna çəkildim. Lakin əvvəl atam, sonra da ailə qurandan sonra həyat yoldaşım  mənə qadağa qoydular. Mən həyat yoldaşımı başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdür. O, bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, məhəbbət filmində bircə rol ifa etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən.

Ona görə də mən qırx yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə rejissorlar mənə ancaq ana rolları verdilər. Amma mən sizə açıq deyim ki, əsas xalq sevgisidir. Və mən bu sevgini qazana bildim. Yəni qadağalar olsa da, bu sənəti sevdim.

- Elmira xanım, bəlkə elə o dövrdə olan qadağaların nəticəsində insanlar sənəti çox sevirdilər, ona doğru indikinə nisbətən daha ciddi yanaşırdılar?

- Əlbəttə ola bilər... Amma yenə də deyirəm dövr dəyişdi. Hər şey başqalaşdı. O zaman dilin, dinin fərqi yox idi. Mağazalarda indiki kimi bolluq olmasa da, insanlar şən və mehriban idilər. O vaxtı mənim Fransadan bir qohumum bizə qonaq gəlmişdi. Biz onu müxtəlif yerlərə gəzintiyə aparırdıq. Bir müddət sıxılırdı, amma sonra bizim kimi sadə olmağa məcbur olurdu. Axırda həmin adam bizə dedi ki, mən sizinlə şənlənməkdən yoruldum. Ət tapırsınız sevinirsiniz, yağ tapırsınız yenə də sevinirsiniz. Siz necə də maraqlı yaşayırsınız... Yəni demək istədiyim odur ki, sovet dövrünün insanı maddiyyata yox, mənəviyyata, ruhi rahatlığa üstünlük verirdi. Amma indi kapitalizm hər yeri əhatə edib.

- Atanızın, sonra da həyat yoldaşınızın qadağasına baxmayaraq, siz Azərbaycan kinosunun ən yaxşı qadın simalarından birinə çevrilə bildiniz. Sizcə, bu tale idi, ya istedad?

- O zaman İncəsənət Universitetində indiki dillə desək, üç ulduz vardı. Mən, Şəfiqə Məmmədova və Amaliya Pənahova. Düzdür, onlar məndən üç-dörd yaş kiçik idilər. Amma biz bir dövrdə oxumuşuq. O vaxtı rəhmətlik Tofiq Kazımov məni teatra çağırdı ki, bəs "Sən həmişə mənimləsən" tamaşasında Nargilə rolunu ifa edim. Həmin pyesi İlyas Əfəndiyev sanki mənim üçün yazmışdı. Çünki mənim yoldaşım da məndən xeyli böyük idi. Tofiq müəllim çox istədi ki, mən həmin tamaşada ifa edim. Amma Rüfət qoymadı. Qızım da balaca idi. Yeni doğulmuşdu. Sonra həmin rolu Amaliya Pənahovaya verdilər. Daha sonra Mehdi Məmmədov "Canlı meyit" tamaşasına, "Hamlet" tamaşasının radio versiyasına dəvət etdi. Hətta bu barədə özü yoldaşımla danışdı. Amma o, "Canlı meyit" tamaşasına yox, birtəhər "Hamlet" tamaşasına razılıq verdi. "Canlı meyit" tamaşasında isə Şəfiqə Məmmədova ifa etdi. Təvazökarlıqdan uzaq olsa da, o vaxtın rejissorları nəsə məndə istedad görmüşdülər ki, filmlərə, tamaşalara dəvət edirdilər. Yadıma elə Tofiq Kazımov, Adil İskəndərov, Mehdi Məmmədov, Məhərrəm Aşumov kimi rejissorların tamaşa, film təklifləri düşür. Və mən onların hamısına yox cavabı verirdim... Adil İskəndərov məni teatra dəvət edəndə deyirdi ki, sən çox böyük aktrisa ola bilərsən, ailəyə bu qədər bağlılıq səni geri atır. Amma mən yenə də ailəni seçdim. Yoldaşım məni çox sevirdi, o, məndən yaşca böyük olsa da, mən də onu sevirdim və başa düşürdüm. İstəmirdim ki, mənə görə ona nəsə söz gəlsin. Heç indinin özündə də mənim adım heç bir zaman hansısa qalmaqalda, dedi-qoduda hallanmayıb.

Ancaq sizə deyim ki, həyatımdakı qadağalara görə çox ağladım... Lap çox... Çünki sənəti, kinonu çox sevirdim.

Ancaq görün mən necə xoşbəxt adamam ki, qırx yaşımdan sonra arzuma yetdim. Düzdür, istədiyim, arzusunda olduğum rollar artıq geridə qalmışdı. Amma yenə də siz deyən kimi, kinoda izim qaldı. Yəqin ki, istedad idi...

 

- Yaşınızın bu çağında nəyə heyifslənirsiniz?

- İndiki zəmanədə doğulmadığım üçün çox heyifslənirəm. İndiki dövrdə doğulsaydım, xaricə də gedərdim, tamaşalarda da ifa edərdim. Yəni özümü bir aktrisa kimi gənckən təsdiq edərdim. Bu baxımdan indiki gənclərə çox böyük imkanlar yaradılıb ki, Azərbaycan xalqının incəsənətini hansısa ölkənin vasitəsilə yox, müstəqil ölkə kimi birbaşa kənarda təqdim edə bilirlər.

- Son dövrlər çəkilən filmləri, serialları izləyirsiniz?

- Filmlərə imkan düşdükcə baxıram, təbii ki. Elə seriallara da baxıram. Amma sizə deyim ki, kinomuz indi yuxu dövrünü yaşayır. Güman edirəm ki, bu yuxu dövrü bitəcək, bizdə də yaxşı filmlər çəkiləcək. O ki, qaldı seriallara, bu baxımdan narazıyam. Bizim bugünkü seriallarımız demək olar ki, türk seriallarının eynisidir. Ssenaridən tutmuş, aktyor ifasına qədər hamısı türk seriallarından götürülür. Axı niyə? Əvvəllər onlar bizə baxıb nəsə götürürdülər, indi isə tərsinə olub. Bizim seriallarda hamı bahalı evlərdə yaşayır, bəzəkli kabinetlərdə əyləşir. Sən demə hamımızın qulluqçusu var. Ucdantutma hamı da mafiya rəhbəridir (gülür). Rejissorlar bu günün reallığını öz seriallarında əks elətdirə bilmirlər. Bu gün ümumiyyətlə bizdə ən böyük problem ssenari problemidir. Düzdür Elçin, Natiq Rəsulzadə hardasa bu boşluğu doldururlar. Amma ssenari bir-iki nəfərlə bitmir axı... Həyatı, reallıqları yazmaq və çəkmək lazımdır ki, bu gün böyüyən gənc nəsil üçün örnək olsun.

- Elmira xanım, sizə ilk dəfə zəng vuranda ad günü ərəfəsindəydiniz. Və danışmaq istəmədiyinizi, incik olduğunuzu dediniz. Nədən inciksiniz?

- Baxın, müxtəlif kanallar açılıb. Elə götürək "Mədəniyyət" kanalını. O kanalın bizə, sənət adamlarına aidiyyəti yoxdur? Niyə axı sənət adamlarına öləndən sonra qiymət verirlər? Mənim üçün bu, o qədər də vacib deyil. İnanın. Amma axı xalq artistiyəm, Prezident təqaüdçüsüyəm. Bu adı mən elə-belə yerə qazanmamışam, dövlət verib. "Mədəniyyət" kanalı mənim ad günümü qeyd etməklə və ya bir kəlmə ilə efirdən məni yada salmaqla axı heç nə itirmir. İnanın ki, mən küçəyə çıxa bilmirəm. İnsanlar səsimdən məni tanıyır və öz sevgisini bildirir. Sadəcə olaraq, mən diqqəti öz sağlığımda görmək, eşitmək istəyirəm. Əgər mən öləndən sonra haqqımda təriflər deyəcəklərsə, məni yada salacaqlarsa, lazım deyil. Və qızım, sizdən xahiş edirəm ki, bu sözlərimi mütləq qeyd edin.

- Elmira xanım, bayaq qeyd etdiniz ki, həyat yoldaşınız sizdən böyük olub. Üstəlik də sənət qadağaları... Bəs sizi ona bağlayan Rüfət müəllimin hansı xüsusiyyəti idi ki, çox şeyi ona qurban verdiniz...

- Yəqin ki, mənə olan sevgisi. Məni çox sevirdi... O, çox ziyalı insan idi. Ailəsinə, uşaqlarına qarşı çox qayğıkeş insan olub.

- Otuz beş illik pedaqoji fəaliyyətiniz olub. Tələbələrinizdən kimlərin adını çəkə bilərsiniz?

- Aktyorları nəzərdə tutursunuzsa, çox olub. Rita Əmirbəyova, Lyudmila Duxovnaya, Əliqismət Lalayev, İnarə Tağızadə, Firdovsi Atakişiyev, Nataliya Şarovskaya. Bu adlarını çəkdiyim aktyor nəslinə mən rejissorluqdan dərs demişəm. Otuz beş il az vaxt deyil axı. Çox yorulurdum. Dəfələrlə işdən çıxmaq istəyirdim. Yoldaşım qoymurdu. Deyirdi mən öləndən sonra çıxarsan. Elə o, rəhmətə gedəndən sonra da işdən çıxdım.

- Ceyhun Mirzəyev sizi "Fəryad" filmində öz anası obrazına çəkdi. Ceyhun Mirzəyevi necə xatırlayırsınız?..

- Ceyhun istedadlı insan idi. Onunla "Əsl dost" filminin çəkilişi zamanı tanış olmuşdum. Ceyhun o filmdə Fərmanın uşaqlığını ifa edirdi. Rüfət Şabanov isə filmin ikinci rejissoru idi. Rüfət mənə həmin filmdə vurulmuşdu. Ceyhun da mənə vurğun idi. Həmişə mənə yaxınlaşıb deyirdi ki, o kişi qocadır, sən onunla ailə qurma, bir az böyüyüm, özüm səninlə evlənəcəm (gülür). Sonra Ceyhun İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olundu. Mən ona universitetdə dərs demişəm. Həddindən artıq yaxşı və istedadlı insan idi. Bir gün zəng vurdu ki, Elmira xanım, sizi ana obrazına çəkmək istəyirəm. Rol o qədər də böyük deyil, amma mənim anamı ifa edəcəksiniz. Mən Ceyhuna heç bir vaxt rədd cavabı verə bilməzdim.

Həmin film  çox ağır dövrdə, çətin şərtlər altında çəkilirdi. Birini tapanda, o birini tapmaq olmurdu. Ceyhun "Fəryad" filmini çəkərkən çox əsəb və həyəcan keçirtdi. Bəlkə də elə ona görə çox erkən köçdü həyatdan... Mən sizə bir söz deyim, həmin filmdə mən olan kadrların çəkilişi zamanı Ceyhun məni ana deyib çağıranda, sanki mənimlə vidalaşırdı. Ya da mən özüm Ceyhunun çox yaşamayacağını, taleyinin yarıda kəsiləcəyini hiss etmişdim... O kadrlardakı baxışları indi də yadıma düşəndə tüklərim biz-biz olur. Heyf Ceyhundan. Çox tez ayrıldı həyatdan...

- Böyük sənət adamları ömürlərinin ahıl yaşında təkliyi seçirlər. Siz də tək yaşayırsınız. Təkliyi də istirahətinizin bir növü hesab etmək olar?

- Mənim cavanlığım elə dolğun, qaynar keçib. Universitet, teatr, kino çəkilişləri, ailə mənim həmişə hərəkətdə olmağıma səbəb olub. Sonralar uşaqlar böyüdü. Qızım ərə getdi, oğlum Moskvaya oxumağa. Biz ikimiz həyat yoldaşımla tək qaldıq. Amma onda da həyatımız maraqlı keçirdi. İndi sakitlik arzulayıram. Qızım da, oğlum da tez-tez zəng vururlar. İndi də görürsünüz bir neçə dəfə zəng etdilər. Amma mənim üçün belə yaşamaq, sakitlik daha rahatdır...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.