Azərbaycanda bu kənddə hər kəs velosiped sürür - VIDEO

15 ноября 2017 14:42

Day.Az представляет новость на азербайджанском языке

Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın dağlı kəndində avtomobil heç də dəb deyil.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, bu kənddə əsas nəqliyyat vasitəsi hər tərəfli faydalı olan velosipeddir.

3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr kənarda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri hətta qadınlar da uzun illərdir ki, velosiped sürür.

Bayram Əliyev - Dağlı kənd orta məktəbinin direktor müavini: "9-cu sinifdə ayrı kəndə oxumağa getməli oldum. Məcburən velosiped aldım. 1972-ci ildən velosiped sürürəm. Həm uşaqlarımı, həm də nəvələrimi məktəbə, bağçaya daşıyıram".

Sakinlər gündəlik həyatlarında, təsərrüfatlarının idarə edilməsində nəqliyyat vasitəsi kimi, əsasən, velosipeddən istifadə edirlər. Bu ucqar kənddə müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına belə velosipedlə gedir.

Nuranə Osmanova - Tibb işçisi: "Mən xəstə yanına gedirəm, ona görə də velosiped çox lazım olur. Maşın da sürürdüm, amma velosipedin yerini vermir. Bu daha rahatdı".

Digər tərəfdən, velosiped sürməyin insan orqanizminə böyük faydası var. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən yaşlı nəslin nümayəndələri velospeddən istifadə etdikləri üçün daha gümrah yaşadıqlarını bildirirlər.

Sakinlərin nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verməyinin əsas səbəbi insan sağlamlığı üçün faydalı olmaqla yanaşı, həm də ekoloji cəhətdən təmiz və xərcsiz olmasıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu kənddə hər kəs velosiped sürür