Sarkisyanı çətin günlər gözləyir - Gənclər orduda xidmət etmək istəmir - VIDEO

15 ноября 2017 17:18

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan gəncləri orduda xidmət etmək istəmirlər. Onlar adi etirazla kifayətlənmir, ayağa qalxaraq etiraz aksiyası da keçirirlər.

Yerevanda etirazlar artıq 10 gündür davam edir. Gənclər birmənalı şəkildə orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Tələblərinə əhəmiyyət verilmədiyini görən tələbələr dərslərdən imtina edir, yürüşlər təşkil edir, yolları bağlayır, aclıq aksiyası keçirirlər.

Bu gün hətta parlamentin qarşısına toplaşan, Baqramyan prospektini bağlayan tələbələrlə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Bütün bunlara baxmayaraq, Milli Yığıncaq noyabrın 15-də hərbi xidmətdən möhlət verilməsinin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini qəbul etdi.

Yəni diktatura gənclərin etirazına əhəmiyyət vermədi. Çünki uzun illərdir "Dağlıq Qarabağ kartı"ndan istifadə edərək hakimiyyətdə qalan Sarkisyan rejimi cəbhə xəttini canlı sədsiz - əsgərsiz saxlaya bilməz.

Bütün bunlar onu göstərir ki, artıq gənclər Ermənistan ordusunda xidmət etmək istəmirlər. Əslində onların davası təkcə ali təhsillərini tam başa vurmaq deyil, 1-2 il də vaxt qazanıb xaricdə təhsil, ya da siyasi sığınacaq almaq məqsədilə ölkələrini birdəfəlik tərk etməkdir. Çünki Ermənistanda həyat səviyyəsi artıq dözülməz həddə çatıb. Gənclər özlərinə daha yaxşı şərait qurmaq istəyir, lakin bunun ölkələrində mümkün olmadığını görür, dərk edirlər. Onlar həbs olunmalarını, polis zorakılığına məruz qalmalarını da göz altına alaraq (bu, hər hansı xarici ölkədə daha tez və rahat siyasi sığınacaq almağa kömək edə bilər) etiraz aksiyası keçirirlər.

İkinci bir məsələ. Axı erməni gənclər nə adla orduda xidmət etməlidirlər? Axı onlar Azərbaycanın qələbəsi, 2 min hektardan artıq ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnən 2016-cı ilin aprel döyüşlərini yaxşı xatırlayırlar. Onların əksəriyyəti anlayır ki, Ermənistan rəhbərliyi yalnız işğalçılıq siyasətini davam etdirməklə, erməni lobbisinin yardımı ilə xalqa xoşbəxt həyat bəxş edə bilməz, bu siyasətin axırı ölkədə vəziyyəti daha da ağırlaşdıracaq.

Tələbələrin son 10 gündə Ermənistan ordusunda baş alıb gedən neqativ hallardan da xəbərləri var:

- Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən 2 ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Onların vəziyyətlərinin orta olduğu bildirilir;

- Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini bombalayıblar. Minaatan heyətinin səriştəsizliyi səbəbindən atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisi - Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir;

 

- İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha 2 əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib. Hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun ifadələrindən məlum olub ki, hər 2 hərbçi zirehli jiletdə olublar. Lakin baxış zamanı ölənlərin hər ikisinin zirehli jiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi bildirilir. Lakin Hər iki insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib;

- İşğalçı Ermənistan ordusunun zabiti xüsusi amansızlıqla döyülüb. Hadisə Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrdən birində qeydə alınıb. Ermənistan ordusunun alayının zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır;

- Ermənistanda hərbi qulluqçular üçün tikilən mənzillərlə bağlı xəbər sosial şəbəkələrdə böyük rezonans doğurub. Buna səbəb isə odur ki, həmin mənzillərə ermənistanlı hərbçilər yalnız rüşvət verməklə sahib ola bilərlər. Ev almaq üçün hər bir erməni zabitin mütləq 3000-10000 dollar arası rüşvət verməli olduğu deyilir. Xəbər erməni hərbçi ailələrin narazılığına səbəb olub.

Oxşar halları çox sadalamaq olar, lakin yuxarıda göstərilənlər son 10 gündə qeydə alınan faktlardır.

Rəsmi açıqlamaya görə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.

Bütün bunları bilən tələbələr, gənclər hərbi xidmətdən, xüsusilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində xidmətdən niyə imtina etməməlidirlər?

Deməli, artıq Ermənistanda diktatura ilə barışmayan gənclik yetişib və Sarkisyan rəhbərliyini qarşıda hələ çox çətin günlər gözləyir.

Bəxtiyar Hacıyev

Trend

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.