"Timsah" Afrikanın Brejnevini devirdi - TƏFSİLAT - FOTO

15 ноября 2017 17:20

Day.Az представляет новость на азербайджанском языке

Zimbabvedə hakimiyyət dəyişir. Dövlət başçısını devirmiş generalların dediklərinə görə, Robert Muqabeni "mühafizə edirlər". Di gəl, bu "mühafizə" ahıl prezidentlə onun ailə üzvlərinin paytaxtdakı kazarmalardan birinə aparılması ilə sonuclanıb.

Hərbi çevriliş ölkə prezidenti, 93 yaşlı Robert Muqabenin hakimiyyətinə son qoyub.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Robert Muqabe ilə onun xanımı, 52 yaşlı Qreys Muqabe həbs olunublar. Onlar ev dustaqlarıdır və çox ciddi mühafizə olunurlar.

"Timsah" ləqəbli sabiq vitse-prezident Emmerson Mnanqaqva situasiya ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Hərbi çevrilişin rəhbərlərindən biri, general-mayor Moyo "çevriliş yoxdur, sadəcə, Robert Muqabenin ətrafındakı cinayətkarları məsuliyyətə cəlb edirik" desə də, paytaxt Hararenin küçələrində tanklar və zirehli maşınlar var.

Bu gecə şəhərdə səhərədək atışma və partlayış səsləri eşidilib.

"Deyəsən, Muqabe erasının sonunu müşahidə edirik. Bu, Zimbabve üçün tarixi günlərdir", - sabiq baş nazir Morqan Tsvanqirayın müşaviri Aleks Maqais deyib.

Maliyyə naziri, Robert Muqabenin xanımı Qreys Muqabe ilə birlikdə hakim ZANU-PF partiyasındakı G40 fraksiyasına rəhbərlik edən İqnasius Çombo həbs olunub.

Hərbçilər Qreys Muqabenin hakimiyyəti ələ keçirmək niyyətində olduğunu deyirlər.

Cənubi Afrika Respublikasında olan E.Mnanqava artıq Harareyə qayıdıb. O, hökumətə rəhbərlik etmək niyyətindədir.

Yaxın saatlarda "Timsah" ləqəbli E.Mnanqava artıq Zimbabvenin yeni prezidenti qismində xalqa müraciətlə çıxış edəcək.

İqtidarda olan Zimbabve Afrika Milli Birliyi-Vətənpərvər Cəbhəsi (ZANU-PF) funksionerləri az öncə bəyanat yayıblar.

Sənəddə deyilir: "Dövlət başçısının və ailəsinin mühafizə altına alınması millətin sağlamlığı üçün gərək idi. Ölkə və partiyamız Muqabe ilə arvadına məxsus deyil. Bu gün yeni dövr başlanır".

Yerli medianın yaydığı xəbərlərə görə, Robert Muqabe bu gün dövlət televiziyası ilə çıxış edərək prezident postundan istefa verdiyini bildirəcək.

Dövlət başçısı kürsüsündə əyləşəcək sabiq vitse-prezident Emmerson Mnanqava son 40 ildə R.Muqabenin "sağ əli", hətta varisi sayılırdı. Lakin prezident ən sadiq adamını "hörmətsizlik və qeyri-dəqiqlik"də suçlayaraq istefaya göndərmişdi.

ZANU-PF-nın gənclər təşkilatı xarici ölkələrdə alış-verişə çıxmağı çox sevdiyinə görə "Gucci Qreys" adlandırılan Qreys Muqabeni dəstəkləyirlər.

Əslən Cənubi Afrika Respublikasından olan 52 yaşlı Qreys ərindən 41 yaş kiçikdir.

O, xalqın Robert Muqabeni çox sevməsi və bu səbəbdən Zimbabve prezidentinin ölümündən sonra da dövlət başçısı seçiləcəyinə şübhə etməməsi barədə açıqlaması ilə məşhurdur.

"Günlərin birində, Tanrı Muqabeni yanına çağıranda onun cəsədini namizəd qismində prezident seçkilərində qeydiyyata aldıracağıq. Və siz görəcəksiniz ki, insanlar Muqabeyə səs verəcəklər. Ciddi deyrəm: xalq prezidentini çox sevir".

Robert Muqabe Afrikanın "Enfant terrible"i, yəni "dəcəl uşağı" kimi tanınırdı. Əslində nə uşaq?! Muqabenin 93 yaşı var və o, artıq 40 ildir ki, Zimbabveni gaz baş nazir, gah da prezident kimi idarə edir.

2014-cü ilin ortalarından bəri isə o, dünyanın ən yaşlı dövlət başçısı sayılır.

Ötənlərdə, Zimbabveni azlıqda olan ağdərililər idarə edəndə, ölkə "Cənubi Rodeziya" adlananda Robert Muqabe həyatının 10 ilini həbsxanada keçirib. Zindanda olanda o, bir neçə ali təhsil almağı bacarmışdı və zimbabvelilərin nəzərində milli qəhrəmandı.

R.Muqabe 1980-ci ildə müstəqil Zimbabvenin ilk baş naziri oldu, 7 il sonra prezident seçildi.

2000-ci ildə o, ölkədə "qara paylama"ya başladı: ağdərili fermerlərin mülkləri müsadirə olunaraq partizan savaşının veteranlarına verildi.

İki il sonra, Zimbabvedə kütləvi aclıq başlananda isə R.Muqabe Romada BMT-nin ərzaq qıtlığı probleminə həsr olunmuş konfransına qatıldı, orada hər gün bir neçə ziyafət verdi.

2009-cu ildəsə o, 85 yaşını dəbdəbə ilə qeyd edərək sanki yarıac zimbabvelilərə meydan oxudu. Ad günü əntənələri üçün 2 min şüşə çox bahalı şampan şərabı, 500 şüşə viski, 8 min omar, 100 kiloqram krevetka, 3 min ördək, 40 kiloqram qara kürü sifariş verilmişdi.

Ad günü üçün pulu Zimbabvedəki iş adamlarından "könüllü" şəkildə toplamışdılar.

Halbuki elə həmin günlərdə o dönəmin baş naziri Morqan Tsvanqiray sosial təminat problemlərinin cüzi də olsa, həll edilməsi üçün 5 milyon dollar axtarırdı.

2012-ci ildə Robert Muqabe ölkənin Manikalend əyalətinə yollananda onun helikopterini qoruyan polislərlə hərbçilər ac olduqlarından prezident üçün hazırlanmış yeməyi yemişdilər.

Son illərlə Robert Muqabe sabiq Sovetlər Birliyinin mərhum başçısı Leonid İliç Brejnevi xatırladırdı. Bu yaxınlarda ZANU-PF-nin konfransında çıxış edərkən R.Muqabe ötən aydakı nitqlərindən birini sözbəsöz təkrarlamışdı.

Sən demə, 93 yaşlı diktator yaddaşsızlıqdan çaşıbmış.

Robert Muqabenin xanımı, 52 yaşlı Qreys Muqabe yarım saat əvvəl azad edilib. O, dərhal qonşu Namibiyaya yollanıb. 93 yaşlı Robert Muqabe isə Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumaya zəng vuraraq ev dustağı olduğunu deyib.

... Zimbabve indi yeni hakimiyyət bölgüsü astanasındadır. Afrika qitəsində isə bu proses həmişə ağır, faciəli, qanlı olur.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.