Avropa ilə Rusiya arasında müstəmləkə davası

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanın hələ 2013-cü ilin noyabrında Vilnüsdəki "Şərq tərəfdaşlığı" sammitində Avropa Birliyi ilə "Assosiasiya və azad ticarət zonası haqqında saziş"i imzalaması gözlənilirdi. Lakin həmin ilin sentyabrda Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfər edib rusiyalı həmkarı Vladimir Putinlə görüşməsindən sonra, yəni sazişin imzalanmasına cəmi 2 ay qalmış Ermənistan bu fikrindən daşınaraq Gömrük İttifaqına qoşulmaq və Avrasiya inteqrasiyasında iştirak etmək niyyətində olduğunu bəyan etdi, 2015-ci ilin yanvarında isə Avrasiya İqtisadi Birliyinə qoşuldu.

Həmin ilin oktyabrında Lüksemburqda Avropa Birliyi Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında Avropa Komissiyasına Ermənistanla yeni, hərtərəfli sazişin imzalanmasına dair danışıqların başlanması üçün səlahiyyət verildi. Bu saziş AB-nin Ermənistanla mövcud tərəfdaşlıq və əməkdaşlıq sazişini əvəz etməlidir. Artıq həmin sənəd hazırdır və tərəflərin bir neçə gündən sonra onu imzalaması gözlənilir.

Üstündən 4 il sonra hadisələr demək olar ki, yenidən təkrarlanır. Belə ki, bundan bir neçə gün əvvəl yenə də Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edib Vladimir Putinlə görüşdü. Rəsmi olaraq qeyd edilir ki, görüşdə guya mədəni-humanitar məsələlər müzakirə olunub. Amma bu dəfə Ermənistanla AB arasında sənədin imzalanmasına lap az qalır. Belə ki, Ermənistan həmin sənədin "Şərq Tərəfdaşlığı"nın noyabrın 24-də Brüsseldə keçiriləcək sammitində imzalanacağına ümid edir. Ona görə də böyük ehtimalla Ermənistanla AB arasında "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş" adlı sənədin imzalanması bu dəfə təxirə salınmayacaq. Əks halda bu Ermənistanın Avropa üçün birdəfəlik bitməsi, Avropanın isə Ermənistan üçün itirilməsi olacaq.

Məlumdur ki, 357 səhifəlik və 386 maddəlik sazişdə siyasi islahatlara, xarici siyasət və təhlükəsizliyə, məhkəmə sisteminə, iqtisadi əməkdaşlığa, ticarətə, maliyyə yardımı və nəzarət mexanizmlərinə, vergiyə, nəqliyyata, statistika və digər istiqamətlərə dair xüsusi bölmələr və alt bölmələr yer alıb. Bu dəfə Rusiyanı qane etməyən bütün müddəalar demək olar ki, oradan çıxarılıb. Əvvəllər Rusiyanı narahat edən məqamlardan biri Ermənistanla AB arasında azad ticarət zonasının yaradılması ilə bağlı idi. Eyni səbəbdən Rusiyada oxşar narazılıq Ukrayna ilə AB arasında Assosiasiya sazişi imzalananda da yaranmışdı. İndi Ermənistan "nə yardan doyur, nə əldən qoyur" prinipinə əməl edərək, həm Avropadan uzaq düşməmək, həm də Rusiyanın qəzəbinə düçar olmamaq üçün həm sazişin imzalanmasından imtina etmir, həm də oradan Moskvanı narazı salan şeyləri çıxarıb.

Lakin sənəddə elə məqamlar var ki, onlar Ermənistanın özündə çoxlu mübahisələrə səbəb olur. Bu ilk növbədə Metsamor AES-in bağlanması ilə əlaqədardır. Təbii ki, Ermənistan buna görə AB-dən külli miqdarda kompensasiya alacaq. Amma bəzi erməni siyasətçiləri, itisadçıları və ekspertləri hesab edirlər ki, bu saziş Ermənistanın milli maraqlarına uyğun deyil, hətta o, milli təhlükəsizliyə zərbədir. Maraqlı da olsa, müşahidələr göstərir ki, Ermənistanı atom-enerji əsarətində saxlamaq istəyən Rusiyanı Metsamor AES məsələsi heç də ciddi narahat etmir. Hərçənd, bu bir Ermənistan-Rusiya enerji layihəsidir və Moskva yalnız bir bloku işləyən və istismar müddətinin 2026-cı ildə bitəcəyi AES üçün 270 milyon dollar kredit, əlavə olaraq 30 milyon dollar qrant ayırıb.

Ermənistanda AB ilə imzalanacaq sənəddə mübahisə doğuran məqamlardan biri ölkə qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılmasıdır. Bu məsələ erməniləri çox əndişələndirir. Çünki onlar üçün Avropa Birliyinin Ermənistanı hansı qanunları qəbul, hansılarını isə ləğv etməyə məcbur edəcəyi bəlli deyil.

Lakin ermənilər hesab edirlər ki, bu iki əsas məqam yalnız Ermənistanı ciddi narahat etməlidir, Rusiyanı yox. Ona görə də Rusiya Ermənistanın AB ilə hərtərəfli saziş imzalanmasına etiraz etməməlidir.

Bütün bunlara rəğmən, Rusiyada Ermənistanın AB ilə hərtərəfli saziş imzalamasını təqdir etmirlər. Əbəs yerə deyil ki, son zamanlar Rusiya KİV-lərində Ermənistana qarşı əks-təbliğat kampaniyasına başlanılıb.

Hətta Rusiyanın Müdafiə Nazirliyinin rəsmi media orqanı olan "Zvezda" telekanalının "Proqnozı" proqramında Ermənistanın AB ilə saziş imzalaması onun Ukraynanın yolunu tutması kimi dəyərləndirildi. Bu azmış kimi faşist Almaniyasına xidmət etmiş Qaregin Njdeyə (Arakel Ter-Arutunyan) ötən ilin yayında İrəvanda abidə ucaldılması, eyni zamanda Respublika Partiyasının loqotipində simvolun III Reyxin simvoluna bənzəməsi xatırlanaraq Ermənistanın hazırki iqtidarının faşist ideologiyası ilə yaşadığı vurğulandı. Əslində, bu Ermənistan üçün ciddi siqnal hesab edilməlidir. Onda sual olunur: Rusiyanı Ermənistan-AB münasibətlərində və konkret sənədin imzalanmasında narazı salan nədir? Bu suala elə həmin "Zvezda" kanalında qismən də olsa, cavab verilib. Aparıcı sənəddə yer almış "Bu dialoq xarici siyasətdə və təhlükəsizlik məsələlərində əməkdaşlığın səmərəliyini artıracaq" cümləsini sitat gətirir. Deməli, problemlərdən bəzilərinin xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı olduğunu ehtimal etmək olar.

Hər halda bəllidir ki, Moskvanı Ermənistan-AB yaxınlaşmasında narahat edən əsas məqam siyasi baxımdan "for-post"un, iqtisadi baxımdan isə Rusiyanın demək olar ki, tam nəzarətində olan bir ölkənin onun əlindən çıxması, ən azından üzərində təsirinin azalması təhlükəsi yaranıb. Bundan əlavə, Avrasiya İqtisadi Birliyinin üzvü olan bir ölkənin AB ilə hərtərəfli əməkdaşlığa dair saziş imzalaması özündə böyük risklər daşıyır və gələcəkdə Rusiya ilə AB arasında geniş və ciddi mübahisə və qarşıdurmaların yaranmasına gətirib çıxara bilər.

Hərçənd, Rusiyada bu vaxtadək yüksək vəzifəli şəxslərdən heç kim həmin sənədlə bağlı narazılığını və ya mənfi fikrini bildirməyib. Bundan əlavə, əgər Rusiya "ikibaşlı oyun" aparan Ermənistana AB ilə hərtərəfli əməkdaşlığa dair sazişi imzalamağa "dobro"sunu veribsə, deməli, özünü gizli də olsa, hansısa formada sığortalayıb. Məsələn, ola bilsin ki, danışıqlarda ermənilərə sadə dillə işarə edilib ki, əgər onlar cızığından çıxsalar, o zaman Rusiya Dağlıq Qarabağın yenidən Azərbaycana qaytarılmasına mane olmayacaq...

İlkin İzzət

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.