Yeni Azərbaycan Partiyası – 25: xalqa, dövlətə xidmət nümunəsi

Day.Az представляет новость на азербайджанском языке

Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar

Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını indiki və gələcək nəsillərə çatdırmaq lazımdır. 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan 1991-1993-cü illərdə çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Baş verən proseslərə tarixi-politoloji aspektdən yanaşdıqda həmin dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin ortalarına qədər olan dövrdür. Təəssüf ki, bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan yenidən Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğalı böyük itki, faciə idi. Respublika rəhbərliyinin səriştəsizliyi, siyasi təcrübəsizliyi nəticəsində o illərdə dövlətçiliyin əsasları qurulmamış, nizami ordu yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik ideyalarına ağır zərbə vurulmuşdu. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran hökm sürürdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. AXC-Müsavat qruplaşmasının hakimiyyət hərisliyi Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırmışdır. Bir sözlə, bir illik hakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi. Demək olar ki, tarix təkrarlanırdı. Bu baxımdan ki, 1918-ci ildə əldə edilmiş müstəqilliyi 23 aydan sonra itirmişdik.

İnkaredilməz fakt budur ki, əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz dövlət müstəqilliyini itirəcəkdi. 1993-cü ildən sonrakı dövr Azərbaycan tarixinə sabitlik, dirçəliş, inkişaf dövrü kimi yazıldı. Keçilən bu yol bir daha ulu öndər Heydər Əliyevin bu fikrini bir daha təsdiqlədi ki, əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Xalqımız əldə etdiyi müstəqilliyi qorumaq, möhkəmləndirmək üçün ulu öndər Hedər Əliyevin ətrafında sıx birləşdi, bugünkü reallıqlara yol açdı. Heydər Əliyev siyasətinin son 14 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirdi, dünyada əsl söz sahibinə çevirdi.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

Bu gün 25 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür, düzgün təhlil edilir. Əvvəldə də Azərbaycanın müstəqillik yoluna qısa baxış keçirməyimiz səbəbsiz deyildi. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində həmin dövrün xarakteristikası daha aydın əksini tapıb. "91-lər"dən biri kimi həmin dövrün hadisələrinin bələdçisiyəm. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Bildirilirdi ki, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz: "...belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq." Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü: "Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin." Həmin cavabda ulu öndər Heydər Əliyev bu inamı da ifadə etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Bu, ulu öndər Heydər Əliyevin xalq, Vətən sevgisinin göstəricisi idi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını qarşıya mühüm vəzifə kimi qoyan ulu öndər Heydər Əliyev həmin cavabında respublikamızda yaşanan ağır durumdan xilas edəcək yolları açıqlamış və bu konsepsiya növbəti illərdə Azərbaycanın uğurlu bələdçisi oldu.

1992-ci il 21 noyabrda təsis konfransını respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrildi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı. Ən önəmli, bu günümüz üçün zəruri olan uğuru ilə yaranmasından 6 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Uğurlu, faciəli səhifələrimiz vardır. Onların öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər zaman günün tələbi olmalıdır. Məhz 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. Əbəs yerə deyilmir ki, tarixdən dərs alınmalıdır. Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyan o vaxtkı iqtidar, bu gün isə özlərini müxalifətin "öncülləri" kimi təqdim edən qüvvələr məhz bu reallığı unutmamalıdırlar ki, gələcəyə keçmişləri ilə addımlayırlar. Onların bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlətimizin başçısı İlham Əliyev tarixin bu səhifələrinə bir daha diqqəti yönəldərək, bu gün həmin qüvvələrin siyasi meydanlarının Azərbaycanın uğurları fonunda daraldığını bir daha diqqətə çatdırmışdır. "Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi" söyləyən cənab Prezidentimiz İlham Əliyev bildirmişdir ki, buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir: "Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır."

1992-ci il 21 noyabr tarixindən bizləri 25 illik zaman ayırır. Bu illərdə Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığı göz önündədir. Xalqın inamını qazanan bir partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda möhtərəm Prezidentimiz İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb. Hazırda partiyanın sıralarında 700 mindən artıq üzv birləşib. Bu statistika, eyni zamanda ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Yeni Azərbaycan Partiyası sözlə əməl birliyi fonunda özünə inamı daha da artırır. Populizmdən uzaq olan partiya real işləri, yeni-yeni hədəflərə verdiyi töhfələri ilə diqqət çəkir. Bu gün partiyanın sıralarında birləşən üzvlərin 40 faizdən çoxunu gənclər təşkil edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər. Gənclərin siyasi fəallıqlarının artırılması, gənc siyasətçi, lider kimi yetişmələri üçün Yeni Azərbaycan Partiyası biri-birindən önəmli layihələr həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev gənclərin potensial imkanlarından maksimum istifadə etməyin vacibliyini bildirir. Gənclərin inkişafına xidmət edən dövlət proqramları, eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq partiyanın gənclərin dövlət idarəçiliyində irəli çəkilmələri, parlament və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması istiqamətində mühüm addımlar atır və nəticə göz önündədir.

YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Bu fikir də böyük inamla qeyd olunur ki, tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi, uğurların təminatçısıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə, vətənə xidmət etmək deməkdir. Dövlətimizin başçısı İlham Əliyevin "İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir" fikirləri Ümummilli Liderin qeyd olunan tezisinin davamıdır.

1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq

Azərbaycanın müstəqillik tarixinin önəmli səhifəsi olan 1993-2003-cü illər sabitlik, inkişaf illəri kimi xarakterizə olunur. Böyük fəxr hissi ilə qeyd etdiyimiz "Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir" fikri dahi şəxsiyyətin hakimiyyətinin istər birinci, istərsə də ikinci dövründə gördüyü işlərə əsaslanır. 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən dərhal sonra birinci şəxs idi ki, sovet rəhbərliyinin bu hərəkətini qətiyyətlə pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı kəskin bəyanatla çıxış etdi, onları ittiham etdi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Təbii ki, bu, müstəqillik uğrunda ilk addımlar idi. Ondan sonra Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist" sözlərini çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Bunlar tariximizin səhifələridir.

1993-cü ildən sonra görülən işlər bugünkü reallıqlarımızdır. Bu baxımdan ki, həmin dövrdə yaradılan möhkəm təməl Azərbaycanın uğur yolunda inamla addımlamasına stimul verir. Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə etməklə iqtisadi inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafının təməl prinsipi oldu. Neft strategiyasının əhəmiyyətindən bəhs edərkən siyasi tərəf daha çox önə çəkilir. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi, özünə inamı daha da artırdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoyuldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya "açıq qapı" siyasəti həyata keçirdiyini önə çəkərək, qapılarımızın bura xoş niyyətlə gələn bütün iş adamlarına açıq olduğunu bəyan etdi. İnvestorların yatırdıqları sərmayələrin təhlükəsizliyinə tam əmin olmalarını bildirdi. Azərbaycan uğurlu daxili və xarici siyasətin nəticəsində qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynamasına möhkəm təməl yarandı. Məhz 23 ildən sonra "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş mövqeyinin təsdiqidir. "Cənub Qaz Dəhlizi", o cümlədən TANAP, TAP kimi layihələr, həmçinin bu yaxınlarda təntənəli şəkildə açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yol xətti günümüzün əsas layihələri kimi gündəmdədir. Bu günlərdə iki milyardıncı ton Azərbaycan neftinin hasil olunması təntənəli şəkildə qeyd olundu. Təqdirəlayiq haldır ki, ölkəmizin enerji sektorunda qazandığı uğurlarda SOCAR-ın xidmətləri böyükdür. Bu gün SOCAR reallaşdırdığı uğurlu investisiya layihələri ilə beynəlxalq şirkətlər sırasındadır.

Neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək üçün 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu fikir hər zaman ulu öndər Heydər Əliyevin çıxışlarında əsas yer tuturdu ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Neft gəlirlərinin idarə olunmasında ədalət prinsipinin yüksək səviyyədə qorunması ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində önəmli addımların atılmasını şərtləndirdi.

Daxili siyasətin davamı kimi, Azərbaycanın uğurlu xarici siyasəti bir dövlət olaraq beynəlxalq aləmdə tanınmasında, varlığı barədə aydın təsəvvür yaratmasında əhəmiyyətli rol oynadı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan Milli Ordumuzun formalaşması, maddi texniki imkanlarının genişlənməsi istiqamətində atılan addımların nəticəsidir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin qarantı olan Ordumuzun bu günü üçün də görülən işlərin bünövrəsi ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə görülmüşdür. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi məktəb yaradılması bu yolda atılan addımlar sırasındadır. Bu gün orduda xidmət edən zabitlərin əksəriyyəti həmin liseyin yetirmələridir.

Ümummilli lider Heydər Əliyev uğurlu siyasəti ilə dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi, əbədi və sarsılmaz olmasını təmin etdi. Bu uğurlarda təbii ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir.

Azərbaycanda demokratik cəmiyyətin əsas atributları bərqərar oldu

İnsan hüquq və azadlıqlarının qorunması, söz, mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və s. kimi mühüm amillər demokratik cəmiyyətin əsas atributları kimi təmin oldu. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir. Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi təbii ki, onun bu sahədəki böyük xidmətlərinə verilən kiçik bir dəyər idi. Dahi lider mətbuatı daim ədalətli olmağa, obyektivliyə çağırırdı. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi prioritet məsələlərdən idi. 2003-cü il 15 martda jurnalistlərin I Qurultayında Mətbuat Şurasının yaradılması azad mətbuatın inkişafına xidmət edən addımlar sırasındandır.

Ölkəmizdə siyasi partiyaların və ictimai birliklərin fəaliyyəti üçün əlverişli şərait yaradıldı. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda respublikamızda 40-dan çox siyasi partiya, 3 mindən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Siyasi partiyaların fəaliyyəti üçün yaradılan imkanlardan biri məhz seçkilərdə iştirakları və qələbələri üçün zəruri şəraitin yaradılmasıdır. Ölkəmizdə seçkilərin demokratikliyini, azad və şəffaflığını təmin etmək istiqamətində davamlı tədbirlər həyata keçirildi. 2003-cü ilin mayında Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə rəyinə əsaslanan Seçki Məcəlləsi qəbul olundu. Bu sənəd ölkəmizdə prezident, parlament, bələdiyyə seçkilərinin, o cümlədən ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsinə möhkəm zəmin yaratdı.

Son 14 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə də özünü təsdiqləyir. Konstitusiyaya bu günə qədər 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə referendumun keçirilməsi, mətbuatın inkişafına yönələn Konsepsiyanın qəbulu və buna uyğun olaraq Azərbaycan Resbublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn addımlar və s. bu siyasətin davamıdır. Məhz bu addımlara verilən dəyərdir ki, Prezident İlham Əliyev 3 dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.

Demokratik inkişafın əsas göstəricilərindən olan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən addımlar da diqqətdən kənarda qalmır. Belə ki, "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu buna bariz nümunədir. Seçki Məcəlləsinə dövrün tələblərinə uyğun olaraq edilən əlavə və dəyişikliklər seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsini şərtləndirir.

Ötən dövrə qısa elmi-nəzəri baxış Azərbaycanın demokratik inkişafının davamlı olduğunu, bu sahədə də təcrübəsinin nümunəviliyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev yubiley mərasimində bildirmişdir: "O ki qaldı bütün azadlıqlara, Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır."

2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrü keçmişik

Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur və dövlətimizin siyasətinin əsasında dayanır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımlara stimul oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ kimi öndə saxladı. Bu günədək iqtisadiyyatımızın üç dəfədən çox artması təkmil islahatların nəticəsidir. Yoxsulluq kimi bəlanın aradan qaldırılmasının prioritetliyi atılan addımlardan daha aydın görünür. Məhz bunun nəticəsidir ki, son 14 ildə yoxsulluq 50 faizdən 5 faizə enib. İşsizlik də 5 faiz səviyyəsindədir. Bu illər ərzində bir milyon 600 mindən artıq yeni iş yeri yaradılıb. 2004-cü ildən regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları uğurla icra edilir. Ölkəmizdə sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Maaşlar, pensiyalar son 14 ildə dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri uğurla reallaşdırılır. Təbii ki, bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də əsas olacağı bildirilir. Bu gün iqtisadiyyatımızın təxminən 75 faizi qeyri-neft sektorunda formalaşır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin. Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik. "ASAN xidmət" bizim məhsulumuzdur. Bütün bu addımlar bir məqsədə xidmət edir- Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, sosial müdafiəni gücləndirmək.

Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkədir

1993-cü ildən başlanan uğurlu yol Azərbaycanın xarici siyasət sahəsində də özünü təsdiqləyir. Müstəqillik yolunda yenicə addım atan bir dövlət olaraq dünyada yeri və rolunu möhkəmləndirən, müstəqil siyasəti ilə əsl söz sahibinə çevrilən Azərbaycanın iki və çoxtərəfli çərçivədə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan beynəlxalq təşkilatların üzvü olmaqla həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar əldə edib.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkəmizin ötən dövr ərzində diplomatik qələbəsi, eyni zamanda iqtisadi uğurlarına söykənərək möhkəmlənən Ordumuz bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Ötən ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndinə qayıdış Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına böyük inam yaradır. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq təşkilatların tribunalarında Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, torpaqlarımızın bir qarışının belə düşmənə verilməyəcəyini bəyan edir. Bu bizi hər ay, hər gün qələbəyə daha da yaxınlaşdırır.

Azərbaycan ədalətli mövqeyi, müstəqil siyasəti ilə yeni tərəfdaşlar, dostlar qazanıb. Bir faktı qeyd etmək kifayətdir ki, 2011-ci ildə 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Azərbaycan İslam həmrəyliyini günün əsas cağırışı kimi dünyaya bəyan edir. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması islam həmrəyliyinə verdiyi töhfələrdən qaynaqlanır. Uğurlarımızın miqyası genişdir. Onların hamısını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Yeni-yeni hədəflər inkişafın davamlılığından xəbər verir.

Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır

Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayır. Əsas hədəflər şaxələndirməni sürətləndirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən yol xəritələri icra olunur.

Uğurlarımızı şərtləndirən amillərdən biri məhz islahatların dövrün tələblərinə uyğun təkmilləşməsi, yeniləşməsidir. Azərbaycanın idarəçilik sistemində yeniləşmə də son illərin uğurlarındandır. O da məlumdur ki, ötən il keçirilən referendumda Konstitusiyada səsverməyə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması da bunun bariz nümunəsidr.

Bu gün YAP sədrinin müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Sosial problemlərin həllini daha çox öndə saxlayan Mehriban Əliyevanın öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları təqdir olunur. Mehriban Əliyeva daim bu inamı ifadə edir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Görülən bütün işlərin təməlində Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət dayanır.

Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini əsas tutaraq, ölkəmizin daim zirvələri fəth etməsinə səy göstərirlər. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın son illər qazandığı böyük uğurlar sırasındadır. Məhz bu reallıqlara söykənərək cənab Prezidentimiz İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var.

"Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var." Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə Azərbaycanın 26 illik müstəqillik tarixində Yeni Azərbaycan Partiyasının yeri və rolunu, eyni zamanda perspektivləri açıqlayır. 25 illik yol gələcəyə daha inamla baxmağa əsas verir. Tarixə uğurlar, qələbələr partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Partiya hər bir seçkidən uğurla çıxmaqla xalqın dəstəyinin nə qədər böyük olduğunun şahidinə çevrilir. 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Xalqımız tam əmindir ki, bu seçkilərdə də ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqın böyük dəstəyini qazanacaq, öz qələbəsini yüksək səviyyədə təmin edəcək. Təbii ki, bu inama əsas verən möhtərəm Prezidentimizin ötən dövrdə gördüyü işlər, yeni-yeni hədəflərə çatmaq üçün göstərdiyi səylərdir. Bütün bunların təməlində xalq-iqtidar birliyinin əbədiliyi, sarsılmazlığı dayanır.

Cənab Prezident, Sizə təşəkkür edirik!

Heç kəsə sirr deyil ki, ötən 25 il ərzində Azərbaycanın hərtərəfli inkişafı prosesinə bələdçilik etmiş Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb sınaqlarla üz-üzə qaldığı bir zamanda yaradılmışdır. Ötən 25 ildə əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin əvəzsiz fəaliyyəti, böyük payı vardır. Partiyamızın Sədri, Prezident İlham Əliyev noyabr ayının 14-də keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı bir daha YAP-ın üzvlərinin fəaliyyətini yüksək qiymətləndirdi: "Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər".

Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının bir qrup üzvünün təltif edilməsi haqqında sərəncamlar imzaladı. Sərəncamlara əsasən Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adı, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar dövlət qulluqçusu" fəxri adı, həmçinin, partiyanın veteranlarından - 91-lərdən tutmuş siravi üzvlərinə qədər fəal insanların "Şöhrət" ordeni, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Tərəqqi" medalı ilə təltif edildi. Əslində, bu sərəncamlar yalnız təltif olunanların deyil, bütün partiya üzvlərinin, 700 mindən artıq YAP üzvünün əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi, dəyərləndirilməsidir. Bu, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə Prezident İlham Əliyev tərəfindən olan diqqət və qayğının bariz nümunəsidir. Bütün bunlara görə 91-lərin nümayəndəsi, YAP Siyasi Şurasının üzvü kimi bir daha partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərimizi bildirir, Ona Azərbaycanımız naminə gördüyü bütün işlərdə uğurlar, cansağlığı arzu edirik və əmin edirik ki, hər bir partiya üzvü bundan sonra da dövlətçiliyə sadiq qalacaq, Sizin siyasətinizi daim dəstəkləyəcək.

Yeni Azərbaycan Partiyasının hər bir üzvünü yubiley münasibətilə ürəkdən təbrik edir, hər bir partiya üzvünə can sağlığı, Azərbaycan xalqı və dövləti naminə gördüyü işlərində yeni-yeni nailiyyətlər arzusu ilə birliyimizin, həmrəyliyimizin əbədi olsun deyirəm!

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,
"İki sahil" qəzetinin baş redaktoru
,
Əməkdar jurnalist

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.