"ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat həqiqəti əks etdirir"

Day.Az представляет новость на азербайджанском языке

"Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir".

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz ediblər:

"İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir. Bu çox vacib məqamlardan biridir. Əhalinin 65 faizinin parlamentə, 45 faizinin isə siyasi partiyalara inanması da yüksək göstəricidir. Bu da onu göstərir ki, hakimiyyət xalqın mənafeyinə uyğun siyasət həyata keçirir, milli maraqları hər şeydən üstün tutur".

E.Nəsirov qeyd edib ki, hakimiyyətin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşının mənafeyi və sosial rifahı durur:

"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar müsbət nəticəsini verməkdədir və hesabatda da əhalinin bütün bunlara verdiyi müsbət qiymət əksini tapıb".

Qeyd edək ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.