Sağ qulaq sol qulaqdan daha yaxşı eşidirmiş

Day.Az представляет новость на азербайджанском языке

"The Telegraph" yazır ki, yaxşı eşitməyən insanlar qeyri-ixtiyari səsin mənbəyi tərəfə sağ qulaqlarını çevirirlər.

Yeni elmi araşdırma göstərib ki, bu instinktual hərəkətin elmi əsası varmış. Məsələ burasındadır ki, insanın sağ qulağı səsləri doğrudan da daha yaxşı eşidə bilir. Bu, beynin səsləri necə interpretasiya etməsi ilə bağlıdır.

Dinləmə çox mürəkkəb prosesdir, çünki burada söhbət təkcə səsləri eşitməkdən yox, onu lazımı məna daşıyan informasiyaya çevirməkdən gedir.

Müasir həyatımızda ətraf mühitin səs-küylə dolu olduğu bir vaxtda qulağın bu funksiyanı yerinə yetirməsi çətinləşir.

Məqalədə deyilir ki, sağ qulaqdan girən səs beynin sol tərəfində təhlil olunur. Beynin sol tərəfi nitq, dil və yaddaş kimi prosesləri tənzimləyir.

Buna görə də səs mənbəyinə sağ qulağın tutulması informasiyanın daha yaxşı qəbuluna xidmət edir.

ABŞ-ın Alabama ştatındakı Auburn Universitetində aparılmış bu elmi-tədqiqat işi bu qəbildən olan ilk araşdırmadır.

"Adi araşdırmalar göstərir ki, sağ qulağın üstün keyfiyyətləri 13 yaşlarında yox olmağa başlayır, lakin bu ehtiyacdan doğan prosesdir" - Auburn Universitetinin professoru Aurora Weaver deyib.

Bu təcrübə zamanı 19 və 28 yaşları arasında olan 41 iştirakçının sağ və sol qulaqlarına qulaqcıqlarla növbə ilə müxtəlif rəqəmlər oxunub. Sonra onlardan yadlarında qalan rəqəmləri təkrar etmək xahiş edilib.

Təcrübə göstərib ki, yadda saxlanmalı olan rəqəmlərin sayı 6-dan çox olmayanda sağ və sol qulaq eyni həssaslıqla işləyir.

Lakin rəqəmlərin sayı artırıldıqca sağ qulaqdan rəqəmlər daha çox yadda qalır. Başqa sözlə, bu halda sağ qulaq informasiyanı sol qulaqdan 8 faiz daha yaxşı qəbul etmiş olur.

 

Təcrübə davam etdirildikcə, sağ qulağın üstünlüyü bəzi iştirakçılarda 41 faizə çatıb.

Alimlər uşaqların sağ qulaqla daha yaxşı eşitdiklərini çoxdan bilirdilər, lakin belə düşünülürdü ki, onlar böyüdükcə qulaqların eşitmə qabiliyyəti arasında fərq azalır.

Alim Danielle Sacchinelli ümid edir ki, bu eksperimentlərin nəticələrindən eşitmə vasitələrinin hazırlanması zamanı istifadə edilə bilər.

Son elmi araşdırmalar habelə eşitmə qabiliyyətinin itirilməsinin Altsaymer xəstəliyinin əsas risk faktoru olduğunu nümayiş etdirib. Bu ona görə baş verir ki, eşitmə qabiliyyətinin zəifləməsi beynin səsi təhlil etməsinə əngəl yaradır.

Bu elmi tədqiqat habelə karlığın neyrodegenerativ xəstəliklərə necə təsir etdiyinin öyrənilməsinə imkan verəcək.

"Qavrama vərdişləri, əlbəttə, yaşlanma, xəstəlik və travmalar nəticəsində tənəzzül edir, - doktor Weaver deyib, - Buna görə də biz qavramanın eşitmə qabiliyyətinə ehtiyacını daha yaxşı öyrənməliyik".

Bu elmi araşdırma Amerika Akustika Cəmiyətinin Yeni Orleanda keçiriləcək konfransına təqdim ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.