Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTO

8 декабря 2017 13:37

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezidenti Donald Trampın İsrailin paytaxtı qismində Qüdsü tanıması bütün dünyada ciddi reaksiya doğurub. Müsəlman ölkələrin tam əksəriyyəti təxminlənən təki davrandılar və Trampın qərarını şiddətlə, qətiyyətlə pislədilər.

Vaşinqtonun Avropadakı müttəfiqləri Ağ Evi dəstəkləmədilər. Bu gün BMT Təhlükəsizlik Şurasının təcili və fövqəladə toplantısı keçirilməlidir.

İordan çayının Qərb sahilində, Fələstində isə fələstinlilərlə yəhudilər arasında toqquşmalar başlanıb.

Artıq 25 nəfər yaralanıb.

ABŞ Fələstini vitse-prezident Mike Pence ilə danışıqları ləğv etməməyə çağırıb.

Rəsmi Vaşinqton bunun danışıqların zərərinə ola biləcəyini vurğulayıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Vaşinqton Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra Fələstin bildirib ki, Mayk Pensilə görüşdən imtina edir. ABŞ vitse-prezidenti bu ay Fələstinə səfər etməlidir.

Dekabrın 8-də Ağ Ev bildirib ki, vitse-prezident hələ də Mahmud Abbas və digər Fələstin liderləri ilə görüşmək niyyətindədir və görüşün ləğvi ilə bağlı hər hansı qərar səmərəsiz olardı.

Mayk Pens bu ayın ortalarında Fələstinlə yanaşı İsrail və Misirə də səfər etməlidir.

Ağ Ev birmənalı olaraq bəyan edib ki, Mayk Pensin səfəri və görüşləri ilə bağlı Fələstin rəhbərliyinin tutduğu mövqe "yanlışdır, zərərlidir".

Bu, Vaşinqtonun Fələstinə çox sərt xəbərdarlığı da sayıla bilər.

FƏTH funksioqneri Əzzam əl Əhməd isə bəyan edib ki, Fələstin rəbərliyi ABŞ-ın hakimiyyət dairələri ilə bütün əlaqələri kəsib.

Mahmud Abbas özü, hələ ki, bu məsələ ilə bağlı şərh verməyib.

Prezident Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İsrail ordusu ilə fələstinli aksiyaçılar arasında toqquşmalar olub.

Hərbçilər təkər yandıran və daş atan etirazçılara gözyaşardıcı qaz və rezin güllələr atıblar.

Qəzza zolağında və İordaniya çayının qərb sahillərində azı 31 fələstinli yaralanıb.

Fələstindəki "Hamas" xalqı yeni üsyana çağırıb.

Israil Qərb sahilləri boyunca çoxlu qoşun yerləşdirir.

Vaşinqtonun bir çox müttəfiqi olan dövlətlər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə razılaşmayıb bu qərarı tənqid ediblər. BMT Təhlükəsizlik Şurası və Ərəb Liqası yaxın günlərdə bu məsələnin müzakirəsi üçün toplaşacaqlar.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində tanıması, ilk növbədə, Birləşmiş Ştatların özü üçün çox ağır nəticələr verəcək. Belə ki, Vaşinqtonun ən yaxın müttəfiqləri belə, artıq anlayırlar ki, ABŞ-ın indiki hakimiyyəti heç bir halda təxminlənən və ehtimal olunan xarici siyasət üürtmür, üstəlik də dayanıqlı tərəfdaş sayıla bilməz.

Fələstində isə artıq qan tökülür.

Siyasəti şou kimi anlayan Donald Tramp yeni yanğına səbəb oldu.

İsrailin Müdafiə Nazirliyi "İordan çayının qərb sahilində ərazilərin müdafiəsi və asayişin qorunması üçün" həmin məkanlara əlavə alaylar yollayıb.

Ramalla, Tulkarm, Kalkilya və Hevronda fələstinlilərlə yəhudilər arasında toqquşmalar başlanıb.

"Əl Qüds" bildirir ki, Qüdsdəki Köhnə şəhərdə, Dəməşq darvazasının qarşısında, habelə İordan çayının Qərb sahilindəki bütün yaşayış məntəqələrində etiraz aksiyaları keçirilir.

Qüdsdəki əl Əqsa məscidinin önündə fələstinlilərlə İsrail şərbçilər arasında çox ciddi toqquşmalar olub.

İsraillə Qəzza bölgəsi arasındakı sərhəddə də vəziyyət gərginləşib. Toqquşmalarda bir neçə fələstinli yaralanıb.

ABŞ-a gəldikdə isə, Vaşinqton, deyəsən, mövqelərini yumşaltmaq niyyətindədir.

Ağ Ev rəsmiləri bu gün ad çəkmədən rəsmi mövqeni açıqlayıblar.

"Donald Tramp İsrailin paytaxtı qismində Qüdsü tanıdığını bəyan etməyib. O, şəhərlə bağlı İsrailin ənənəvi olaraq istifadə etdiyi "vahid və bölünməz paytaxt" ifadəsini də işlətməyib. ABŞ prezidenti ölkəmizin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarın açıqlasa da, köçürülmənin konkret vaxtı barədə bir kəlmə də deməyib. Başqa sözlə desək, Vaşinqtonun rəsmi mövqeyi dəyişməyib və hələ uzun müddət dəyişən deyil", - açıqlamalarda deyilir.

Donald Trampın Qüdslə bağlı bəyanatı Fələstində yeni toqquşmaları körükləyib. İğtişaşlar, aksiyalar və hücumlar artıq başlanıb. Fələstinlilər üçüncü intifadanın, yəni üsyanın başlandığını anons ediblər.

İsrailə qarşı terror fəallığının artacağı, cihadçı və ekstremit qruplaşmaların sıralarına yeni axının başlanacağı şübhəsizdir.

Donald Tramp qərarı ilə İsrail-Fələstin münaqişəsinin nizamlanmasına yönəlmiş prosesi canlandıracağına ümid edirdisə, alınmayacaq.

Fələstinlilər birmənalı olaraq bu danışıqlarda ABŞ və ya İsrailin mövqelərinə doğru yaxınlaşmaq niyyətində deyillər.

Bəzi ölkələrin Fələstində səfirlik açmaq niyyətlərinə gəldikdə, İsrail artıq xəbərdarlıq edib.

Rəsmi Təl-Əviv bəyan edib ki, belə qərarlar İsrail-Fələstin münaqişəsinin nizamlanması barədə 1993-cü ildə Osloda əldə edilmiş razılaşmalara zidd olacaq: "Fələstinin Rəmalla şəhərində yalnız diplomatik nümayəndəliklər açıla bilər. Bu nümayəndəliklər səfirlik statusu ilə fəaliyyət göstərə bilməz. Hansısa dövlət Fələstində səfirlik açmaq fikrinə düşərsə, İsrail bu qərarı öz təhlükəsizliyinə təhdid qismində qəbul edəcək".

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!