Bir mahnının içində gizlənən dərin mənalar

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan ədəbiyyatında və incəsənətində hər zaman simvolikalardan istifadə edilib. Misal üçün, Məhəmməd Füzulinin Yar və Canan dediyi Allahı simvolizə edirdi. Əğyar isə şeytanı. 

Şərq panteizmində canan deyildikdə qız deyil, canların cəmi (vəhdəti-vücud olan) Allah nəzərdə tutulurdu. 

"Canı canan diləmiş verməmək olmaz ey dil, 
Nə niza eyləyəlim ol nə sənindir, nə mənim". 

- deyərkən Füzuli öz ürəyi ilə (dil ilə) söhbət edir. Deyir ki, canı canan (canların cəmi, vəhdəti-vücud və ya yaradan) geri istəyir. Etiraz edə bilmərik. Qaytarmamaq kimi bir imkanımız yoxdur. O verib, o da geri alacaq. 

Bayrağımızın simvolikası

Yuxarıda yazdıqlarımızla, aşağıda paylaşdığım videonun nə əlaqəsi var deyə soruşacaqsınız. Mövzuya elə bu qədər uzun giriş etməyimizin səbəbi də həmin əlaqədir. 

20-ci əsrdə yaşamış Azərbaycanın ən məşhur xanəndəsini bu günümüzdə də tanımayan yoxdur. Onun "Şuşanın dağları" mahnısı uzun illərdir ki, dillər əzbəridir. 

1901-ci ildə doğulan xənandənin gənclik illəri Azərbaycan xalqının müstəqillik mübarizəsi dövrünə təsadüf edirdi. Xalqımızın apardığı istiqlal savaşı, qısa müddət də olsa Rus imperiyasının caynağından xilas ola bilmək və dünyanın ən gözəl bayrağınının Azərbaycan səmasında dalğalanmasının şahidi olmuşdu. Bu dövr xanəndənin həyatında dərin izlər buraxmışdı. 

Sovet illərində bir çox Azərbaycan aydınları istiqlal həsrətini qəlblərinin dərinliklərində gizlədirdilər. Mümkün olduğu qədər bu həsrəti yaradıcılıqlarında simvolikalarla ifadə edirdilər. Xan Şuşinskinin müəllifi olduğu "Şuşanın dağları" mahnısında da bir çox simvolikalar vardır. 

Rənglərin təsviri 

Məşhur xanəndənin özünün yazdığı və musiqisini bəstələdiyi "Şuşanın dağları" mahnısında çox dərin simvolikalar sezilir. Burada əsas bayraq, vətən sevgisi və müstəqillik həsrəti duyulur. Sovet dönəmində üç rəngli Azərbaycan bayrağının qadağan edildiyi bir dönəmdə Xan Şuşinski bayrağımızı simvolikalar ilə təsvir edirdi. 

"Şuşanın dağları başı dumanlı,
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım".

Dağların başı dumanlı deməklə, mavi səmaya, qırmızı qoftalı deməklə dağın lələlər bitən döşünə, yaşıl tumanlı deməklə isə dağın yamaclarına işarə edərək Azərbaycan bayrağının simvolik təsvirini yaradırdı.

Ay və ulduzun təsviri 

Şuşada axşamlar doğar ulduzlar, 
Onlardan gözəldir gəlinlər-qızlar, 
Yol üstdə dayanıb, yolunu gözlər. 

Bu sətirlərdəki məna Azərbaycan bayrağındakı ay-ulduzu ifadə edirdi. Bildiyimiz kimi, Azərbaycan ədəbiyyatında bir çox hallarda gözəl qızlar aya və ay parçasına bənzədilirdi. Bir çox hallarda hilal və qəmər kimi təşbehlərdən də istifadə olunurdu. Yuxarıdakı sətirlərdə isə qızlar və gəlinlər ayı, ayparanı simvolizə edir. Bu ay və ulduz həsrət çəkir. Onu yenidən səmaya qaldıracaq igidlərin yolunu gözləyir. 

Bu mahnının çox maraqlı tarixçəsi də var. Mahnı qrammofon valına yazılarkən senzorlar bildiriblər ki, mahnıda "duman", "ölürəm" kimi kədərli sözlər çoxdur. Xanəndə Şuşanın dumanlı dağ zirvələrindən birini göstərərək, buna cavab verib ki, dağların zirvələri elə dumanlı olmalıdır. "Ölürəm" kəlməsi isə həqiqi mənada ölmək demək deyil. Buna baxmayaraq, Şuşinskidən mahnının sözlərini dəyişdirmək tələb edib söyləyiblər ki, sovet Şuşasının dağları başı "dumanlı" ola bilməz. Xanəndə ilk sətiri "Şuşanın dağları deyil dumanlı"ya dəyişdirərək mahnını yazıb. Beləliklə, öz fikirlərini, simvolikalarını qorumaqla, dövrün senzurasını da aşa bilib. Lakin indiki günümüzdə də bu mahnı öz ilkin variantda oxunur.

Bu qısa məqalədən görünür ki, Azərbaycan xalqı və onun parlaq ziyalıları öz istiqlal mübarizəsinə hər zaman sadiq qalıb. Dövrün nə qədər repressiv olmasına baxmayaraq içindəki düşüncələrini, azadlıq eşqini simvolikalarla ifadə etməyi bacarıb. 

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Xan Şuşinski - Şuşanın dağları