Elza əsəbləşdi: “Kim ki sönməyə doğru gedir, gəlib yapışır məndən”

13 января 2018 00:01

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Elza Seyidcahanın Milli.Az-a müsahibəsi

- Elza xanım, şou-biznesdə qeyri-adi müğənni deyəndə ilk sizin adınız ağlımıza gəlir. Zamanında sizi qəbul etməyən müğənni həmkarlarınız indi sizi təkrarlayır. Buna görə sevinirsiniz, yoxsa kədərlənirsiniz?

- Mən buna görə çox sevinirəm. Zamanında bir çox layihələr etdim. Nə musiqim, nə geyimim, nə də şeirlərim birmənalı qarşılanmırdı. Bunları məndən sonra əcnəbi ulduzlar həyata keçirdilər. Artıq məni qəbul etmək istəməyən insanlar istəsələr də, istəməsələr də, məni qəbul etdilər. Onlar fikirləşdilər ki, biz neçə illərdir Elzanı qınayırdıq, amma onu xarici ulduzlar təkrar etdi. Buna misal olaraq, Ledi Qaqanı göstərə bilərəm. Mən sənətə 1996-cı, o isə 2006-cı ildə gəlib. Sənətə gəldiyim gündən bu cür layihələrlə artıq gündəm yaradırdım. Mən çalışmırdım ki, nəyisə qeyri-adi göstərim, mən özüm elə idim deyə insanlara qeyri-adi gəlirdi. Mən bunu belə görürdüm, əlbəttə ki, mənim üçün bu, adi olacaqdı. Bir daha deyirəm, mənim etdiklərimi dünya ulduzları təkrarlayır, bizim ulduzlar isə 3-cü, 4-cü, 5-ci təkrarçılardır.

- İddia edirsiniz ki, sizi təkrarlayırlar. Onlarda sizdə olmayan nə çatmır?

- Onların repertuarları da görkəmlərinə uyğun olmalıdır. Kütlə mahnısını ekstravaqant geyimdə oxumaq olmaz! Kənardan baxanda bu, çox gülməli görünür. Elzanın geyimi də, musiqisi də, şeirləri də bir-birini tamamlayır. Mən uşaqlıq illərimdən bu tərzdə geyinib oxuyuram. Çox xoşbəxtəm ki, Azərbaycanda dünyaya gəlmişəm. Yeniliklər məhz bizim ölkəyə yaraşır. Vaxtında zamanı qabaqlayıb dünyaya gələ bilmədim. Mən bu gün üçün yox, gələcək üçün yaşayıram. Onlar məni təkrarlayırlar, amma danırlar. Nə qədər dansalar da xalqımız onları çox yaxşı görür. Deyirlər ki, "aa bu lap Elza kimi geyinib ki". Onlar hamısı məni yaşadanlardır.

- Bu günlərdə nəvənizə ad günü keçirdiniz. Bunu da birmənalı qarşılamayanlar oldu.

- Mən məclis keçirəndə nəinki pul yığıram, yığdığımdan da çox xərcləyirəm. Xeyir iş borca-borcdur. Mən getmişəm ki, hamı da gəlir. Nənə olmaq bu yaşda hamıya nəsib olan xoşbəxtlik deyil. Danışanlar ağızları ətə çatmayan pişiklərdir. O insanlara yazığım gəlir ki, öz həyatlarını kimlərəsə görə qururlar. Danışıb, danışıb sonunda məni təkrarlayanlardır.

- Son günlər şou-biznesdə nə kimi hallar sizi narahat edir?

- Mənim əvvəla şou-biznesə baxmağa vaxtım yoxdur. Özünüz bilirsiniz ki, mənim çox ciddi işlərim olub. Bu nəinki indi, həmişə belə olub.

- Amma şou-biznes deyəndə ağıla gələn ilk məşhurlardan biri də sizsiniz. Hansı ki bütün hadisələr sizin ətrafınızda cərəyan edir...

- Mən neyləyim ki? Kim ki sönməyə doğru gedir, gəlib yapışır məndən ki, gündəmə gəlsin. Mən o insanlara reklamımı halal edirəm. Eybi yox, təki onlar sönməsin. Mənə sataşanı Allah cəzalandırır. Mən, həqiqətən, istəmirəm ki, mənə sataşdıqlarına görə Allah onları cəzalandırsın.

- Kiməsə ürəyinizdə ah-nalə etmisiniz?

- Mən, qətiyyən, heç kimə ah-nalə etməmişəm. Hətta həmkarlarımın arxasınca kimsə danışanda da onu müdafiə edirəm. Xoşlamıram kimsə sənət dostlarıma haqsız söz desin. Bu, mənim ürəyim, o da onların.

- Bəzən dediyiniz sözə görə peşman olursunuz?

- Bəli, bu, mənəm, mən həmişə öz mövqeyimdəyəm. Bəzən fikirləşirəm ki, sən niyə bu sözü dedin? Doğmalarım da bunu mənə irad tuturlar. Bacım deyir ki, sən sözü sərt deyirsən! "Birinci de nazım, qızım, bacım". Hiss edirəm ki, həyat çox qısadır, vaxt azdır, artıq tumarlamaqdan keçib. İnsanları sözlə ayıldıram, təhqir etmirəm ki. Xahiş edirəm məni düzgün anlasınlar. Çünki mən özüm də iradlar eşitmişəm. İnsan iradlar sayəsində yetişir. Mən onların iradlarını eşitməyə həmişə hazıram.

- 2018-ci ildən gözləntiləriniz nədir?

- İnşallah, hər şeyin daha da yaxşı olacağına ümüd edirəm. Allah hamının ürəyinə görə versin. İt ilindən gözləntilərim çoxdur, hər şeyi zamanla görəcəksiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!