Hepatitə qarşı yeni peyvənd faydalı olacaq

Day.Az представляет новость на азербайджанском языке

Gigiyenik qaydalara əməl edilmədikdə, yoluxma riski yüksəlir 

Day.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Fiziki inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən yaş qrupundan insanlar infeksion xəstəliklərə tutula bilərlər. İnfeksion xəstəliklər hər mövsümdə özünü büruzə verir. Onlardan biri də Hepatit xəstəlikləridir. Belə ki, qaraciyərin iltihabı xəstəliyi hepatit adlanır. Hepatitin bir neçə növü var. Bunlardan biri olan Hepatit A qaraciyərin iltihabı zədələnməsini törədə bilən altı virusdan biridir. Digərləri Hepatit B, C, D, E və G-dir və qaraciyərdə törətdiyi iltihab prosesinin dərinliyinə və yayılma yollarına görə bir-birindən fərqlənir. 

Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da, qaraciyərin funksional vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç bir əlamət göstərmir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A Hepatiti olan insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır. 

Hepatit A virusu ilə yoluxmuş və faktiki olaraq hepatit xəstəliyi keçirən bəzi insanlarda heç bir əlamət və şikayət olmaya bilər. Adətən uşaqlarda A Hepatitinin əlamətləri mülayim keçir, yeniyetmə və yaşlılarda isə xəstəlik daha kəskin əlamətlərlə özünü göstərir. Virusun bədəndə inkubasiya müddəti bir aydır və bu müddətdən sonra xəstəlik qəfildən başlaya bilər. Bu xəstəliyin bir sıra əlamətləri var. Ümumi zəiflik, ürəkbulanma və qusma, qarında ağrı, iştahanın azalması, hərarət, sidiyin tünd rəngdə olması, əzələ ağrıları və s. kimi əlamətlər olduqda, həkimə müraciət edilməlidir.

Hepatit B və Hepatit C-dən fərqli olaraq Hepatit A xroniki hepatit və sirroz yaratmır. Gigiyena qaydalarına düzgün əməl etməklə Hepatit A virusuna yoluxmamaq olar. Yoluxma riski qarşısında olan insanlar üçün effektiv peyvənd mövcuddur. Dünyanın bir sıra ölkələrində bu kimi peyvəndlərdən istifadə olunur. Hətta yeni peyvənd növləri də yaradılır. Bunlarda biri də Çinin istehsalı olan peyvəndlərdir. Poliomielitə qarşı ikivalentli peroral peyvənd və Hepatit A-ya qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin təsnifatından keçib. Trend-in məlumatına görə, ÜST bu peyvəndlərin təhlükəsizliyini və səmərəliliyini tanıyıb və BMT-nin müxtəlif satınalma agentlikləri xəstəliklərin profilaktikası üçün bu peyvəndləri əldə edə bilər. 

Bununla bağlı həkimlərin fikirlərini öyrəndik
 
Həkim Məlahət Abbasova deyir ki, Hepatit A hava və damcı yolu ilə yoluxur: "Xüsusilə də, antisanitariya qaydalarına riayət etmədikdə, daha çox yayılır. Mədə altında ağrılarla özünü büruzə verir. Bəzən onu soyuqdəymə ilə səhv salırlar. Xəstəliyin 2-ci və 3-cü günü sidiyin rəngi dəyişərək pivə rəngində olur. Ona görə də həmişə valideynlərə məsləhət görürük ki, uşaqların ifrazatına diqqət etsinlər. Bu kimi hallar müşahidə olunduğu zaman mütləq həkimə müraciət etsinlər. Hepatitə yoluxmuş şəxs mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xüsusi dərman preparatları qəbul olunmalıdır ki, qan təmizlənsin və qaraciyər qidalansın. Həmçinin ən azı 3 ay pəhriz saxlanılmalıdır. Bunu da qeyd edim ki, 40 gün ərzində xəstəliyin başqa birinə keçmə ehtimalı var. Buna görə də, xüsusi olaraq qorunmalı, xəstəxana şəraitində saxlanılmalıdır".
 
Müsahibimizdən peyvəndlə bağlı fikirlərini də öyrəndik. Həkim qeyd edir ki, Hepatit A-dan qorunmaq bir qədər çətindir. Çinlilərin istehsal etdiyi həmin peyvənd bizim ölkəmizə də gətirilsə, çox yaxşı olar. Bu, insanların həmin xəstəliyə yoluxmasının qarşısını alar.
 
Hepatoloq Vüsalə Ağayeva bildirir ki, Hepatit B-nin və A-nın peyvəndləri vurulduqdan sonra tam olaraq bu xəstəliklərdən qorunmaq olar: "Hepatit B-nin peyvəndini vurduqdan sonra qoruyuculuq yaranıb, yoxsa yaranmayıbmı - analizlə bunu təyin etmək mümkündür. Hepatit A-dan da qoruyucu olub-olmadığını yoxlamaq olur, amma bunun üzərində çox dayanmırıq. Çünki bu, xronikləşməyən bir xəstəlikdir. Xəstə yoluxandan sonra müalicə yolu ilə sağalır. Yəni həyati təhlükəsi olmayan bir xəstəlikdir. Amma B daha təhlükəli olduğundan, onu daha çox nəzarətdə saxlayırıq. Düşünürəm ki, Çində istehsal olunan həmin peyvəndin bu xəstəliyin müalicəsində faydası olacaq".
 
İnfeksion xəstəliklər üzrə uzman doktor Vasif Əliyev deyir ki, Hepatit A peyvəndi 2 doza vurulur: "İnsana ömründə 2 dəfə bu peyvəndi vururlar. Böyüklərlə kiçiklərdə çəkilərindən asılı olaraq fərqli dozalar olur. Birincidən sonra ikinci doza 6-12-ci ay ərzində vurulur. Və iki dəfədən sonra tam olaraq qoruyuculuq əldə olunur. Bundan başqa, gigiyenik qaydalara da xüsusi fikir verilməlidir. MBD ölkələrinə gedərkən xüsusi olaraq Hepatit A-ya qarşı peyvənd vurulmalıdır. Əslində bu xəstəliyə qarşı peyvənd var idi. Yəqin Çin başqa ad altında yeni bir peyvənd növü istehsal edib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.