Bakıda daha bir avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке

Fatmayı bağları (Çimərlik) - metronun "Azadlıq prospekti" stansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Day.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) - "Sədərək" ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

Agentlik bəyan edir ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları - "Azadlıq prospekti" metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (metronun "Azadlıq prospekti" stansiyasından Goradil qəsəbəsinə "Dəniz" marketə qədər) 76% (29,68 km) üst-üstə düşməsidir.

Qeyd edilir ki, məhz eyni səbəbdən 155 nömrəli marşrut xətti tamamilə ləğv edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.

Yanvarın 21-dən etibarən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.