İnsanı vətənindən qovmaq onu öldürmək qədər günahdır

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış yazıçı, motivasiya psixologiyası üzrə mütəxəssis, teoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

"Tariximizin təbliği ilə bağlı görüləsi çox işlərimiz var"

- Rövşən müəllim, biz tarixi əlamətdar günlərimizə qarşı nə dərəcədə həssasıq?

- Məncə bir xalqın gələcəyi qədər onun keçmişi də çox önəmlidir. Çünki bu ikisi bir-birilə sıx əlaqədardır. Keçmişin gələcəyə təsiri çox böyükdür. Keçmişdə olan yaxşıları təbliğ etmək, qüsurlardan ibrət alıb onları bir daha təkrarlamamaq, keçmiş təcrübələri unutmamaq, kökü düşünməklə, uğurları xatırlamaqla irəli addımlamaq lazımdır.

Bu istiqamətdə isə görüləsi çox işlərimiz var. Tarixi əlamətdar günlər yalnız müəyyən olunmuş günlərdə yada düşməməlidir. Onu il boyu mütəmadi olaraq xatırlatmaq və yaşatmaq lazımdır. Əgər belə olmazsa, biz öz dəyərlərimizə sahib çıxa bilməyəcəyik. Bu günlərdə 20 Yanvar hadisələrinin anım günüdür. 1990-cı ildə yeni doğulan körpənin bu il artıq 28 yaşı olur. Həmin şəxs o hadisələri heç görməyib də. Əgər tarixi günlərimiz, qəhrəmanlıq səlnamələrimiz yalnız təqvim günlərində yad olunacaqsa, o hadisələrin canlı şahidi olmamış şəxslər bizdən sonra bu günlərə daha da laqeyd olacaqlar. Ona görə də düşünürəm ki, bu sahədə görüləcək hələ çox işlərimiz var.

"Həqiqi vətənpərvər öz şəxsi maraqlarını Vətəninin maraqlarına qurban verəndir"

- Dilimizdə belə bir söz var - vətənpərvər. Sizcə əsl vətənpərvərlər kimlərdir?

- Vətənpərvərliyi çox vaxt torpağı yaxşı qorumaqla əlaqələndirirlər. Bu heç də tam olaraq belə deyildir. Vətənpərvərlik insanın özünü tanıdığı andan başlayır. Həqiqi vətənpərvər öz ölkəsi və ona aid olanlarla öyünən, onları uca tutandır. Vətənpərvər öz məmləkətinin adət-ənənələrinə hörmət edən, milli-mənəvi irsinə sahib çıxan, məmləkətinin dilini, tarixini, sərhədlərini qoruyandır. Məmləkətindən çıxmış qəhrəmanlara, dahilərə, yazıçılara, alimlərə hörmət edib onlarla fəxr edəndir. Həqiqi vətənpərvər öz şəxsi maraqlarını Vətəninin maraqlarına qurban verəndir. Ölkəsinin atributlarını heç bir əvəz gözləmədən tanıdan və sevəndir. Deməli, vətənpərvərlik dar bir məfhum deyildir, o çox geniş bir məna daşıyır. 

"İnsanı öz yurdundan qovmaq ağacı torpaqdan çıxartmağa bənzəyir"

- Vətənpərvərlə yanaşı vətənsizlik deyilən bir şey  də var. İşğal edilmiş torpaqlarımızı, doğma el-obasından, yurdundan didərgin düşmüş insanları düşünərkən gözümüzün önündə sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli mənzərə canlanır. İnsanın öz torpağından qovulması, vətənsiz olması çox dəhşətlidir, deyilmi?

- Bilirsiniz, bir insanın mənsub olduğu torpağa bağlılığı yalnız cismi bir bağlılıq deyildir. Burada daha çox mənəvi bağlılıq mövcuddur. Bu bağlar bir insanın dünyaya gəlişi ilə qurulmağa başlayır, onun yaşa dolmasıyla daha da formalaşır. Zamanla bu torpaq onun üçün daha dərin məna kəsb etməyə başlayır. Bunu bir ağacın torpaqda kök salmasına da bənzətmək olar. Bu ağacın bütün varlığı məhz bitdiyi torpaqla bağlıdır. Bir insanı öz yurdundan qovmaq da dərinə kök salmış ağacı yetişdiyi torpaqdan çıxartmağa bənzəyir. Onu qovmaq həmin kökləri kəsmək deməkdir. Həmin insan öz varlığını sonradan başqa yerdə davam etdirsə də, yenə də yerindən çıxarılmış ağac kimi özünü köksüz, dayaqsız hiss edəcəkdir. İçində elə bir mənəvi boşluq olacaq ki, onu yad yerin naz-neməti heç cür doldura bilməyəcəkdir. Hətta Quran-Kərimdəki ayələrdə də insanın öz vətənindən qovulması ən dəhşətli cəzalardan hesab olunur. Bu cəzanın ağırlığı o qədər böyükdür ki,  bəzən insanın fiziki olaraq qətlə yetirilməsinə bərabər tutulur. Ayələrə görə vətəndən qovulmaq, torpaqdan qoparılmaq bədənin ruhdan ayrılması kimi hesab olunur. 

"İlahi əhdi pozmuş xalq isə əbədi olaraq məhvə və zillətə məhkumdur"

- Dini mövzuya toxunmuşkən, sonuncu peyğəmbərimizin "vətən sevgisi imandandır" bir deyimi var. Bəs vətən sevgisi mövzusu Quranda necə əks olunub?

- Hədislərdə vətəni sevmək, ona dəyər vermək barədə birbaşa danışılsa da, Quranda biz bu məzmunda ayələrə rast gəlmirik. Ancaq Quranda insanın mənsub olduğu məmləkəti qorumasından, onun üçün dəyərli olduğundan, insan və doğma yurdu arasında mənəvi bağların mövcudluğundan söhbət açılır. Məsələn, Bəqərə surəsinin 84-cü ayəsində deyildiyi kimi: "Bir zaman sizinlə əhd-peyman bağladıq ki, bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın" .

Burada bəni-İsrail tayfası ilə bağlanılmış böyük bir əhdin ən mühüm iki şərtinə toxunulur. Onlardan biri qan tökməmək, digəri isə bir-birini vətənindən qovmamaqdır. Əgər vətən insan üçün öz canı kimi əziz olmasaydı, bunun üzərinə əhd bağlanılmazdı. İnsanı vətənindən qovmaq onu öldürmək kimi bir günahdır.

Bizim torpaqlarımız uğrunda qurban verdiyimiz çoxlu sayda şəhidlərimiz, bu torpaqlardan didərgin salınmış məcburi köçkünlərimiz var. Bunun səbəbkarları Quran ayəsinin də bəyan etdiyi kimi, bir insanın edə biləcəyi ən böyük çirkinlikləri ediblər - həm qan töküblər, həm də torpaqlarımızdan bizi didərgin salıblar. Onlar İlahinin insanlarla bağladığı ən böyük iki əhdi tapdalayıblar. İlahi əhdi pozmuş xalq isə əbədi olaraq məhvə və zillətə məhkumdur. Onların elə hazırda da zəlil durumda olduqlarını görürük. Onlar bilməlidirlər ki, bu, sonu zülmət olan uzun yolun hələ başlanğıcıdır...

"Şəhidlər əbədi dəyər qazanır..."

- Deyirlər ki, torpaq uğrunda qanı axıdılmış insan məhz həmin torpağın müqəddəsliyinə görə müqəddəsləşir...

- Əlbəttə. Əməllər niyyətə görədir. Vətən niyyəti ilə atılmış addım, çəkilmiş zəhmət və tökülmüş qan müqəddəsləşər. Ona görə də şəhidlik müqəddəsdir. Çünki vətən müqəddəsdir. İnsan üçün həyatından əziz bir şey yoxdur. Həyatı onun hər şeyidir. Şəhid sahib olduğu hər şeyini, ən dəyərli şeyini vətəni üçün qurban verir. Bununla da əbədi dəyər qazanır...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.