Azərbaycanlı gənc rəssamların mükafatlandırılması mərasimi keçirilib

Day.Az представляет новость на азербайджанском языке

14 fevral 2018-ci il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misirdə keçirilmiş "Misir dünya uşaqlarının gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində qalib gəlmiş azərbaycanlı gənc rəssamların mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə Day.Az-a Səfirliyin mətbuat xidmətindən bildirilib.

Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi çıxışında bildirdi: "Misir dünya uşaqlarının gözü ilə adlı rəsm müsabiqəsi 1990-cı ildən etibarən keçirilir. Hər il bu beynəlxalq müsabiqədə 140-dan çox ölkə iştirak edir. Son illər Azərbaycan təmsilçilərinin yüksək nailiyyətlər əldə etməsi çox qürürverici bir haldır. Bundan əlavə müsabiqə qaliblərinin əsərlərindən ibarət kataloqun üz qabığında məhz Azərbaycanın gənc istedadının əsərinin yer alması bir daha sübut edir ki, Azərbaycan mədəniyyət və incəsənət sahəsində dünyaya hər zaman öz tövhəsini verməkdədir".

Mükafatlandırma mərasimində iştirak edən Quba rayon İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov, Abşeron rayon Saray qəsəbəsi İncəsənət Məktəbinin direktoru   Anar Quliyev, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru  Namiq Rzazadə çıxış edərək gənclərə öz arzularını bildirdilər.

Sonra 5 nəfər qalib qızıl, 5 nəfər qalib gümüş, 9 nəfər qalib isə Misir Mədəniyyət Nazirliyinin sertikikatları ilə mükafatlandırıldılar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.