Uzunqulağın yalanları: Nevzorovun abdallığının həddi yox

15 февраля 2018 17:23

Day.Az представляет новость на азербайджанском языке

Elə bir ulaq yox ki, çayda əksinə baxanda həzz almasın və özünü də köhlən at saymasın. Elə də olur ki, hətta kütləvi informasiya vasitələrindəki iş təcrübəsi insana ulaq kimi davranmağa mane olmur.

Rusiyanın "tanınmış" jurnalistlərindən sayılan Aleksandr Nevzorov isə belə ikiayaqlı gerizəkalılardan biri, zəka və fəhm baxımından Buridan ulağından da aşağı səviyyəli bir məxluqdur.

"Həyasız, küt, ləyaqətsiz əclaf"

Mərhum rusiyalı milyarder Boris Abramoviç Berezovski qalmaqallı jurnalist Aleksandr Nevzorovu məhz belə səciyyələndirmişdi. Nevzorovun yaşadığı Sankt-Peterburqdakı jurnalistlər isə ona sadəcə, nifrət edirdilər.

Səbəb də vardı.

Nevzorov gənclik illərində yetərincə qarışıq, laübəli həyat sürüb: ədəbi katib, kaskadyor, yükdaşıyan fəhlə, sanitar işləyib. Təhsili orta olduğundan 70-ci illərin sonlarında Aleksandr Qlebovçi Sovet Ordusu sıralarına çağırış gözləyirdi. Lakin kaskadyor yetərincə tələsik olaraq hərbi xidmətə yararsız kimi tanınmasına nail oldu. Özü də rəsmi arayışda "psixi qeyri-stabillik" yazılmışdı.

Görünür, Saşa bu minvalla sosialist vətəninin müdafiəsindən yayınırdı.

Bəlkə də yox. Onun köhnə tanışlarından biri Yuri Şutov sonradan kitabında yazırdı ki, Nevzorovda "dəri gödəkçə" səviyyəsindəki şüurdan doğan natamamlıq kompleksi vardı və üstəlik o, hər gün müxtəlif çaplı silahlara toxunmaqdan həzz alırdı. Bu, ordudan yayınan fərrarinin silahlara əl vurmaqla özünü qəhrəman hiss etmək anormallığı idi.

Fərarilik kompleksi hələ yeniyetməlik illərində Nevzorovda sadist davranışla müşayiət olunurdu. Onun özü "İnterbiznes" jurnalına verdiyi müsahibəsində demişdi: "İtoq adlı bir atım vardı. Köhlən, çox gözəl bir atdı. Onu dəyənəklə, taxta ilə yox, taxta hasarın parçası ilə döyürdüm. Uşaqlıq illərimdə, yadımdadır, bir trük göstərib hamını heyrətləndirdim. Atın arxasında durur, onun quyruğunu tutur, dartır və onu ayağımla vururdum".

Onu məşhurlaşdıran "600 saniyə" proqramında o, sabiq Sovetlər Birliyinin müxtəlif "qaynar nöqtə"lərinə səfərlər etmişdi. O, silahların yanında poza verir və işarə vururdu ki, bəs bəzən adamlara atəş də açır. Amma şahidlər deyirdilrə ki, Nevzorovun reportajlarında bütün döyüş səhnələri trivial partlayan paketlərlə çəkilirdi. "Qəhrəman"ın özü isə yalnız cəbhə xəttində sakit olanda kamera qarşısına keçirdi.

Əsgərlər çəkilişlərdən sonra onu "qorxaq eşşək" adlandırırdılar. Qəmli baxışlı, uzun qulaqlı dördayaqlı o zamandan bəri Nevzorovun "vizit vərəqi" oldu. Məsələn, 2012-ci ildə Moskva və Sankt-Peterburqdakı bəzi siyasətçilərin telefon danışıqlarının gizli dinlənilməsinin mətnləri açıqlananda bəlli oldu ki, Nevzorovu ancaq "Küt eşşək", "Nevalı ulaq" adlandırırlar.

Əlavə şərhə ehtiyac varmı?!

Sarsaq Nevzorovsuz ermənilərin halı pisdir

Dünən "Exo Moskvı" radiostansiyasının efirində A.Nevzorov növbəti sərsəmliyini nümayiş etdirdi. "Nevzorovun çərşənbələri" proqramında o, aparıcılar Olqa Juravlyova və Arseni Vesninin Ukrayna və Belarusun dövlət başçıları Poroşenko ilə Lukaşenko barədə suallarını cavablayarkən o, qəflətən Azərbaycandan danışmağa başlayıb.

Onun sözlərinə görə, dövlətimizin başçısı, sən demə, vətəndaşları İrəvana yürüşə çağırır və Nevzorovun sözlərinə görə, bu, "İrəvanı tutmaq üçündür".

A.Nevzorov ağıllı deyil, intellekti ilə fərqlənmir. Amma o, çox bic və hiyləgərdir.

Məhz bu səbəbdən əqli baxımdan fərqlənməyən, aşkar idiotizmə yuvarlanan bu adam Azərbaycanın guya "aqressiv niyyət"lərindən bəhs edib.

Nevzorov yeni savaş, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanmasını istəyir. O, nifrət aşiqidir və məhz bu səbəbdən də Azərbaycanın dövlət başçısının sözlərini qəsdən, bilərəkdən, məkrlə təhrif edir.

Azərbaycan prezidenti, YAP-ın sədri İlham Əliyev  fevralın 8-də  Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Azərbaycan prezidenti, YAP-ın sədri İlham Əliyev deyib: "Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Gördüyümüz kimi, dövldət başçımız İrəvanın ələ keçirilməsindən və ya Ermənistanın işğalından danışmayıb. Xeyr, o, azərbaycanlıların tarixi torpaqlarına qayıdışının gərəkliliyini və labüd olmasını vurğulayıb.

İndiki Ermənistan ərazisinin tam əksəriyyətinin qədim torpaqlarımız olması tarixi faktdır. Ermənilər bunu əsla etiraf etmək istəməsələr də.

İndiki Ermənistanın paytaxtının da illüzor, uydurma "qədim tarixli" Erebuni yox, İrəvan, yəni İrəvan xanlığının paytaxtı olması da danılmaz faktdır.

1987-1990-cı illərdə Ermənistandan 200 mindən artıq azərbaycanlının deportasiya edilməsi, daha doğrusu, hücumlardan, işgəncələrdən və qırğınlardan sonra ev-eşiklərindən qovulmaları da faktdır. Özü də dünya birliyinin tanıdığı, bildiyi fakt.

O, azərbaycanlıların Ermənistandan ikinci deportasiyası idi. Soydaşlarımızın Ermənistandan ilk dəfə kütləvi qovulması 1947-1950-ci illərdə İosif Stalinin əmri ilə olmuşdu. Həmin ilk demortasiyada 100 mindən artıq azərbaycanlı tarixi torpaqlarını tərk etmək və Azərbaycana köçmək məcburiyyətində qalmışdılar.

Sərsəmlik casus üçün tapıntıdır

Özünü təcrübəli jurnalist, Rusiya KİV-lərinin parlayan ulduzu, TV-nin "əjdahası", qələm pələngi sayan Aleksandr Nevzorov jurnalistikanın elementar qaydalarını unudub. Jurnalistikanın əsasını, alfa və omeqasını, bünövrəsini təşkil edən həmin qaydada deyilir: "Nəyisə yazmazdan və ya deməzdən əvvəl alınmış, eşidilmiş və ya oxunmuş informasiya diqqətlə yoxlanılmalıdır".

Özünü kütlüyə vurmuş Nevzorovun nəzərinə çatdırmaq istərdik ki, normal jurnalistin belə davranışı Qərbdə "faktçekinq" adlanır. Yəni faktların ən adi, rutin yoxlanmasıdır.

Bunsuz olmaz. Əks təqdirdə jurnalist nüfuzunu və simasını itirir - təbii ki, əgər onda varsa - təlxəyə və yaramaz birisinə çevrilir.

Amma istisnalar da var. Məsələn, hansısa ideyaların köntöy daşıyıcısı qəsdən, məqsədli şəkildə yalan danışır və belə sarsaqlığı "analitik təhlil" kimi qələmə verməyə çalışır.

Ulağı xatırladan, "Exo Moskvı"nın efirində çıxış edən Nevzorov köhnə arabanın əyri təkəri təki üzüaşağı hərəkət edir.

... Aleksandr Nevzorovun Peterburqda, Moskvada, habelə Rusiyanın müxtəlif şəhərlərindəki macəraları, onun banditlərlə, oliqarxlarla, xüsusi xidmət əməkdaşları ilə təmasları barədə; onun erməni iş adamlarının və təşkilatlarının verdiyi tula paylarından kölə təki asılı olması barədə çox yazmaq olar.

Nə hacət - Nevzorovun kim olduğu onsuz da aydındır.

Xeyli əvvəl A.Nevzorov özünü pələnglə müqayisə etmişdi. Lakin indi o, daha çox yoldan keçən hər kəsə hürən, amma təhlükə hiss edən kimi quyruğunun qısıb zingildəyən köpəyə bənzəyir.

Amma bu, Nevzorovun "qətiyyətl və şücaət"indən həzz almasına mane olmur.

Axı o, Aleksandr Nevzorov bəzən zingildəyən köpək formasından ayaqlarını yerə vurub insanlara xoşagəlməz, məlum səs çıxaraq ulaq reinkarnasiyasına keçir.

Elə sarsaqlar olur ki, onların kütlüyünün təbii mənbəyinə şübhə yaranır. Belələri mütləq haradasa təlim keçiblər.

Nevzorovla bağlı məsələ isə əfsuslar olsun ki, müalicəsiz mərəzdir. Axı kütlük və ən adi məsələləri dərk etməmək müşkül məsələ olsa belə, çərşənbə günləri "Exo Moskvı"da efirə buraxılan və əcaib səsi ilə qıcıq yaradan A.Nevzorov kimi "pioner"lər də var.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!