Murad Arif ailəsindən danışdı: "Çox qısqancdır və..."

Day.Az представляет новость на азербайджанском языке

Day.Az xəbər verir ki, ailem.az-ın bu dəfəki müsahibi bəstəkar, müğənni, aparıcı Murad Arifdir.

- Murad bəy, deyəsən ailə qurduğunuz xanım əcnəbi vətəndaşdır. Onunla harada tanış olmuşdunuz?
- Xeyr, xanımım azərbaycanlıdır. Sadəcə olaraq Avropada yaşayırdılar. Bir forumda fikir mübadiləsi edirdik, müəyyən məqalələr paylaşırdıq. Onun məqalələri mənim xoşuma gəlirdi, mənim məqalələrim onun.

- Bəs necə oldu ki,  bu münasibətlər sevgiyə çevrildi?
- Yəni hamının həyatında olduğu kimi. Küsdük barışdıq, küsdük barışdıq... Və anladıq ki, hər küsüb barışma yeni-yeni mahnılarla müşayiət olunur. Mən sevəndən sonra bəstəkar olmağa başladım. Əvvəl yazmırdım. Sadəcə uşaqlıqda yazırdım, fortepianoya gedəndə uydururdum, amma ciddi yanaşmırdım. Bu hisslər hansısa bir mətnə çevriləndən, mahnını artıq içimdə saxlaya bilməyəndən sonra mən anladım ki, hər şey çox ciddidir.

- Deməli, bəstələriniz o xanıma bir xitab olub?
- Bəli, hamısı onundur, ona həsr olunub. Bütün mahnılarım da. Misal üçün, "İstanbul" mahnısı. İstanbul orada şərtidir. İstanbulun yerinə Stokholm olmalı idi. Sadəcə Stokholm mahnıda oxunmur. Mən də dəyişib elədim İstanbul. Amma mətninə nəzər yetirsəniz, şəhər, meqapolis, ağaclar, niyə ayrıldıq biz? Suallar. Bu şəhərdə sevgimizi tapdıq itirdik". Bu, bizim sevgimizdir. Yaxud "Bizi ayırdı təyyarələr", "Bu şəhər ikimizə dar". "Sənə ehtiyacım var", "Səni düşündüyüm qədər heç kəsi düşünmədim", "Ona nə var ki". Yəni bütün mahnılarda bir az o var. Bütün mahnılar onundur, ta bu günə kimi.

- Belə çıxır ki, bütün mahnılarınız avtobioqrafikdir?
- Deyə bilmərəm, bütün mahnılarım avtobioqrafikdir. Müəllif hərdən ifaçını, mahnının tutmaq ehtimalını nəzərə almalıdır, nələrisə dəyişməlidir. Məsələn, Stokholmu edirəm İstanbul, satıram xalqa, cəmiyyətə. Amma özüm orada nə demək istədiyimi bilirəm.

- Bu cür romantik sevginin yəqin ki, romantik bir evlilik təklifi də olub...
- Sonuncu barışıqdan sonra dedim ki, bu işin axırı yoxdur. Gedib qayıdıram bumeranq kimi. Gəl, birdəfəlik köç Bakıya, bir yerdə yaşayaq. Necə evlilik təklif etdim? Yəni o dizi yerə qoymaq, üzük çıxartmaq filan olmadı. Amma ondan da maraqlı idi...

- Necə?
- Dekabrın 31-i idi. Bakıda dəniz kənarı bir məkanda səhnəyə çıxmışdım. O da ailəsi ilə İsveçdə idi. İndiki kimi xatırlayıram, müğənni Elnur Hüseynov da oradaydı. Mesaj yazıb yeni ilini təbrik etdim. Ona xitab elədim ki, gələcək uşaqlarımın anası, yeni ilin mübarək. Gördüyünüz kimi, mən heç vaxt təklif etmirəm. Həmişə insanın qarşısında fakt kimi deyirəm ki, bu belədir, vəssalam. Yəni təklif edim, rəy soruşum, cavab gözləyim. Fakt olaraq söylədim ki, sən mənim üçün həyatda bu mövqedəsən. O da bilirdi ki, mən çox inadkaram, həmişə istədiyimi alanam. Bəxtim onda gətirdi ki, hisslərimiz qarşılıqlı idi.

- Bəs elçilərinizi nə zaman göndərdiniz?
- İl yarım sonra "atamı, anamı incitməmişəm, elçiliyə təkcə özüm getmişəm". Burada qohumlar görüşdülər. Özüm isə tək onlara, Stokholma yollandım. Çamadanlarımı yığıb getdim niyyətimi onun valideynlərinə bildirməyə. Şaxtalı, nağıl kimi günlərdən idi. Ürəyimi açdım və onlar da mənim ürəyimi qırmadılar. Çünki buradakı qohumlar atam, anamla əvvəlcədən görüşmüşdülər. Yəni biz burada ailə daxili görüşümüzü etmişdik. Əsas valideynlərlə görüşmək qalmışdı ki, onu da özüm etdim. Atam, anam çox yaşlıdırlar. Yəni onların təyyarəyə minmələri real deyil. Mənim də anam, atamdan başqa kimim var ki?! Özüm etdim elçiliyimi...

- Qızlarını uzaq bir yerə göndərməyə necə razılıq verdilər?
- Onlar mənim səmimiyyətimi hiss etdi. Valideyn üçün evin tək qızını uzaq məmləkətə vermək təbii ki, çətindir. Onların evləri, işləri, yaşayışları, çevrələri oradadır. Mənim yoldaşım uşaqlıqdan orda olub. Orta məktəbi, ali məktəbi bitirib, işləyib. O və valideynlərinin həyatı tamamilə orada formalaşıb. Bu da elə bir məqamdır ki, qarşı tərəfin ciddi olduğunu hiss etməli idilər.

- Cəmiyyətdə belə bir rəy var ki, şou adamları ilə ailə qurmaq çətindir...
- Bəli, bu insanlarla ailə həyatı quranlar çətinlik çəkir. İstər qadınlar, istər kişilər. Amma mən hesab edirəm ki, adamın özündən çox şey asılıdır. İnsanla ünsiyyətdə olanda bilirsən ki, qarşındakı necə adamdır. Bu iş alındı və o vaxtdan bir yerdəyik, Bakıda. 7 ilimiz tamam olacaq. Sentyabrın 27-də öz ad günümdə toyumuz oldu, özümə hədiyyə etdim. Toya 250 nəfər özümə yaxın adam çağırdım. Şou əhli o qədər də yox idi. Hamını çağıra bilərdim, amma toyu pul yığmaq, media, şou üçün etmirdim. Bu, mənim şəxsi həyat addımım idi. Ona görə də xudmani və ürəyim istəyən məclis oldu.

 

- Kimlər gəlmişdi tanınmış müğənnilərdən?
- Mahnılarımı oxuyan, ünsiyyət qurduğum adamlar idi. Məsələn, yoldaşım üçün prinsipial idi ki, Tünzalə gəlsin, bir neçə mahnısını xoşlayır. Mənim üçün prinsipial idi ki, Eyyub Yaqubov gəlsin, onun mahnılarını xoşlayıram. Dostlarımız yanımızda olsun, Nata, Elnur, Xəyyam, Murad Dadaşov və s.

- Bəs xanımınız müğənni xanımı olmağın çətinliyini hiss edirmi?
- Xanımım bilir ki, işləyirəm, məvacib alıram və bu, mənim işimdir. Şou aləmində heç kimlə ailəvi dostluğum yoxdur. Əksinə, fəaliyyətimi, uğurlarımı hər şəkildə dəstəkləyir.

- Avropada böyüyüb, boya başa çatan bir xanım buradakı mühitə necə uyğunlaşdı?
- O, Avropada böyümüş biri kimi bayağılıqdan və açıq-saçıqlıqdan təəccüblənir. Çünki Avropa düşüncəsi başqadır. Baxmayaraq ki, burada böyüməyib, amma ailə çərçivəsində azərbaycançılığı qoruyan insanlardır. Hətta mən burada, özümdə görmədiyim milliliyi, Avropada onların ailəsində gördüm. Görünür, qürbət daha da çoxaldır bu cür hissləri. Burada Novruz bayramının gəlməsi, səməninin olması bizim üçün adi haldır. Amma onlar üçün bu, bir kultdur. Hazırlıqlar, ənənələri yaşatmaq. Düzdür, isveçlilərə papaq atmaq olmur. O baxımdan yoldaşım da rahatdır ki, bir Azərbaycan ailəsindən çıxıb, başqa Azərbaycan ailəsinə köçüb. Sərbəstlik deyirik. Amma Avropa təfəkkürü daha sadəliyin tərəfindədir. Bizdə istər cəmiyyətdə, küçədə, istərsə ekranda olan açıq-saçıqlıq onu çox təəccübləndirir ki, bunlar nəyə lazımdır? Buna görə də çox şanslıyam. Mən həmişə ətrafımda, çevrəmdə gün işığında çıraqla məhz bu dəyərləri yaşadan bir ailə axtarırdım. Və onu da tapdım.

- Neçə övladınız var?
- İki övladım var. Biri qızdır, biri oğlan.

- Adlarını kim qoydu? Bəzən ailələrdə uşağa ad qoymaq məsələsində problemlər yaşanır...
- Mənim də təkliflərim var idi. Yoldaşım da təklif etdi, əsaslandırdı, inandırdı, bəyəndik və qoyduq. Düşünürəm ki, hər yeni doğulan insan kiminsə taleyini təkrarlamamalıdır, öz adı olmalıdır. Mikayıl və Ayla adını qoyanda buna əsaslandıq ki, ailəmizdə olmayan adlar olsun, gözəl və beynəlxalq adlar olsun ki, orada ə, ü saitləri olmasın.

- Qısqancsınızmı?
- Çox qısqancam. Nəinki ailədə, ümumiyyətlə, həyatda də çox qısqanc adamam. Dostlarımı, çox şeyi qısqanıram. Qısqanclıq xəstəsiyəm. Tərəzi bürcüyəm axı. Hər şeyin yaxşısı mənim olmalıdır. Xoş sözlər mənim olmalıdır, mənim dostum başqasının dostu olmamalıdır. Mən bu barədə yaxınlarıma çox əziyyət verirəm. Yoldaşım da çox qısqancdır və belə deyək, taylı-tayını tapıb. Filan klipdə hansısa açıq-saçıqlıq ola bilər. Hərdən narazı olduğunu açıq sözlə deməsə də, evə girəndə abu-havadan hiss olunur. Nə isə. Biz darıxmırıq və həyatımızı maraqlandıra bilirik.... 

- Xanımınız işləyir?
- Avropada yaşadığı vaxt çalışıb. Ali təhsilli mütəxəssisdir. Amma bilirsiz, bir kişinin arvadı olmaq başqadır, bir artistin arvadı olmaq ikiqat əziyyətdir. Artist hər zaman diqqət xoşlayır. Həm mənəvi diqqət, həm də o diqqəti fiziki olaraq hiss etmək istəyir. Demirəm ki, mən həyat yoldaşımı istismar edirəm. Sadəcə o özü gözəl anlayır ki, uşaqlar hələ balacadır, bir az çətin olacaq. Amma mən Azərbaycan qadınının dörd divar arasında qalmasını istəmirəm. Mənim anam da, bacılarım da işləyiblər. Gözümüzü açıb cəmiyyətin ictimai həyatında çalışan kişilər və xanımlar görmüşük. Belə bir qadağam yoxdur. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq böyük işdir. Deyirəm ki, ən çətin, ən ağır işlə sən məşğul olursan. Mən razıyam, sonuncu pencəyimi də satıb uşağıma təhsil verəcəm. Amma onu yönəltmək və kontrol etmək sənin çiyinlərin üzərindədir. Günün birinci yarısı veriliş çəkirəm, ikinci yarısı məclis aparıram. Yəni bu reallığın içində ən böyük iş xanımımın işidir...

- Son zamanlar ölkəmizdə boşanmaların sayı xeyli artıb. Sizcə, buna rəvac verən başlıca səbəblər hansılardır?
- Ailələr sevgisiz qurulur, tövsiyə ilə qurulur. Baxın, bu gün qadın zorakılığı, qadın istismarı, reallaşmayan qadın talelərinin içərisindəyik. Burada həm qismət, həm də reallıq məsələsi var. Mən istərdim ki, hər kəs həyatı istədiyi kimi yaşasın, addımlarını düşünərək atsınlar. Yəni böyüklərin tövsiyəsi ilə ailə qurmasınlar, bunun sevgi olduğunu anlasınlar. Ailə həyatını idarə etməyə hazır olsunlar. Heç olmasa evlənmədən əvvəl 2 il bir-birlərinə tanıma şansı versinlər...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.