Azərbaycanlı xanım Olimpiadada təbliğat aparıb

Day.Az представляет новость на азербайджанском языке.

Ümumdünya Antidopinq Agentliyi (WADA) Cənubi Koreyanın Pyonqçanq şəhərində keçirilən 2018-ci ilin Qış Olimpiya və Paralimpiya oyunları çərçivəsində "Müstəqil müşahidəçilər" və "İdmançılar arasında təbliğat" proqramlarını təşkil edib. Həmin proqramların ilkin fazasında iştirak edən dörd ölkənin ekspertləri arasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva da var.

AMADA-dan Milli.Az-a verilən məlumata görə, o, Oyunlar zamanı "İdmançılar arasında təbliğat" proqramı çərçivəsində idmançılarla birbaşa ünsiyyətdə olub, onların dopinq barədə biliklərinin artırılması üçün geniş təbliğat aparıb.

Müstəqil müşahidəçilər oyunlar zamanı dopinqə qarşı fəaliyyətlərin keyfiyyəti və səmərəliyinə zəmanət vermək üçün dopinqin aşkarlanması prosesinin test planlarının hazırlanmasından tutmuş nəticələrin idarə edilməsinədək bütün mərhələlərində iştirak ediblər. Müşahidəçilərin rəy və təklifləri beynəlxalq olimpiya və paralimpiya komitələrinə çatdırılıb.

L.Hacıyeva WADA Təbliğat Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və Çexiya antidopinq agentliklərinin nümayəndələri ilə bir komandada çalışıb. Bu, AMADA üçün idmançılar arasında təbliğatın aparılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi baxımından gözəl imkandır. AMADA-nın yaranmasından cəmi bir il keçməsinə baxmayaraq, Agentliyin təmsilçisinin WADA tərəfindən proqramın ilkin fazasına dəvət olunması uğurlu fəaliyyətin nəticəsi hesab oluna bilər.

Qeyd edək ki, AMADA 2016-ci ildən fəaliyyətə başlayıb və agentliyinin missiyasının hüquqi əsasını Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanmış "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.