Avropadakı xəyanətkarlara layiq olduqları cavab!

13 марта 2018 13:58

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış ictimai-siyasi xadimlər "avropalı" satqınları qınadılar və ifşa etdilər

Day.Az SİA-ya istinadən yazını təqdim edir.

Prezident seçkilərinin keçirilməsi günü yaxınlaşdıqca radikal müxalifət və onların xarici havadarları, həmçinin erməni lobbisinin maliyyələşdirdiyi insanlar - xüsusilə Avropada "siyasi mühacir" adı altında yaşayan milli xəyanətkarlar daha da azğınlaşaraq, daxillərində Vətən və dövlətçilik amillərinə qarşı formalaşmış çirkablı təfəkkürlərini faş edirlər. Onların yaşadıqları ölkələrdə yaxşı yaşamaq və ömürlük oturum izni almaq məqsədləri isə bilavasitə atdıqları addımlarından daha aydın görünür. O cümlədən, radikal və dağıdıcı qanad siyasətbazlarının seçkilərdə iştirak etməmək barədə qərarlarına, "boykot" taktikalarına baxmayaraq, onların rüsvayçı hay-küyləri seçkilərə qatılacaq tərəflərdən fərqli olaraq qabarıq şəkildə müşahidə edilir və bu faktın özü də sözügedən ünsürlərin özünüifşalarını sübuta yetirmiş olur. Beləliklə, görünən budur ki, Avropada özlərinə "azərbaycanlı" deyib, seçkiqabağı gərginlik yaratmağa çalışan milli xəyanətkarlar bütün güclərini, imkanlarını səfərbər edirlər.

Əli Həsənov: "Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir"

Bu arada, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zamanı sözügedən məsələ barədə fikirlərini qeyd edərkən bildirib ki, bəzi şəxslər ölkədən qaçaraq Azərbaycanın simvollarını təhqir edirlər. "Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar"-deyə vurğulayan dövlət rəsmisi jurnalistlərə tövsiyə edərək bildirib ki, Azərbaycan mətbuatı bu cür insanlara qarşı mübarizə aparmalıdır: "Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. Həmin insanlar "facebook"un imkanlarından istifadə edərək çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir".

Novella Cəfəroğlu: "Bu, siyasət deyil, tərbiyəsizlikdir"

Ölkəmizdə hüquq müdafiəçiliyi edən tanınmış şəxslər də Avropadakı "siyasi mühacirlərin" çirkablı davranışlarına qarşı sərt münasibətlərini bildirməkdədirlər. Belə ki, son günlər Orduxan Teymurxanın, Məhəmməd Mirzəlinin, Vidadi İsgəndərlinin dövlət və hökumətin nüfuzlu xadimlərinə qarşı sərgilədikləri aşırı tərbiyəsizliklərə qarşı hüquq müdafiəçisi Novella Cəfəroğlu sərt münasibət bildirib. O, xüsusilə YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun V.İsgəndərli ilə bağlı ortaya çıxardığı faktı dəstəkləyərək deyib ki, ümumiyyətlə, heç bir milli azadlıq hərəkatında iştirak etməyənin indi xarici ölkədə özünü "mübariz siyasətçi" kimi təqdim etməsi yolverilməzdir. Həmçinin, təhqirlərlə çıxış edib, bunu "siyasi mübarizə", "müxalifətçilik" kimi qələmə verənlər ciddi şəkildə yanılırlar. "Əvvəla, onu deyim, hər kəs başa düşür ki, təhqirlə nəyəsə nail olmaq mümkün deyil. Tənqid etmək olar, amma təhqir heç kimə yaraşmır. İkincisi, Siyavuş Novruzov dediklərində haqlıdır. Mən Siyavuş Novruzovu hərəkat illərindən tanıyıram. Ondan söyüş və təhqir eşitməmişəm" - deyə qeyd edən N.Cəfəroğlu YAP rəsmisinin məlum müraciətinin diqqətəlayiq olduğunu bildirib: "Onun müraciəti diqqətəlayiqdir. Birincisi, insanı təhqir etmək olmaz. Siyasətdə isə mübarizə daha doğru-dürüst getməlidir. İkincisi, siyasətlə məşğul olan, siyasi mübarizə aparan şəxs rəqibinin xanımını, ailə üzvlərini necə təhqir edə bilər? Bu, insanlığa zidd davranışdır. Hansısa şəxslə siyasi mübarizə aparırsan, apar. Amma ailəni, xüsusilə qadınları təhqir edirsənsə, artıq, bu, siyasət deyil, tərbiyəsizlikdir".

"Ailəni siyasətə qatmaq olmaz. Görünür, bəziləri ailənin müqəddəs olduğunu hələ dərk edə bilmir" - deyən hüquq müdafiəçisi Siyavuş Novruzovun sözügedən məsələdə kifayət qədər haqlı olduğunu vurğulayıb: "Hesab edirəm ki, Siyavuş Novruzov bu məsələləri yerində qaldırıb və haqlıdır. Mən siyasi mübarizədə və fəaliyyətdə təhqirə yol verilməməsi, ailə üzvlərinin bura aid edilməməsi haqda fikirlərlə tam razıyam və bu müraciəti dəstəkləyirəm".

N.Cəfəroğlu deyib ki, o, bu tip adamları rədd edir: "Çox pis və əxlaqsız sözlər yazırlar. Mən belələrini dərhal dostluq siyahımdan çıxarır və ya blok edirəm.

Orduxan Teymurxan adlı şəxs heç vaxt Azərbaycan siyasətində iştirak etməyib. Amma indi Avropada oturub təhqirlə məşğuldur. Sən Azərbaycanda siyasətlə məşğul olmamasın, hərəkatda iştirakın yoxdur, sonrakı dönəmdə proseslərdə təmsil olunmamasın. İndi gəlib dərs keçirsən? Bu adamlar xaricə gediblər və yəqin ki, indi orada vəziyyətləri yaxşı deyil. Ya onları olduğu ölkələrdən çıxarmaq istəyirlər, ya da kiminsə əlindən pul almaq lazımdır deyə Azərbaycanı, ziyalıları, ictimai xadimləri, hökumət üzvlərini təhqir edir, şər və böhtana üstünlük verirlər. Bu da qeyri-əxlaqi hərəkətdir. Mən söyüş və təhqiri rədd edirəm, etika çərçivəsində haqlı tənqid isə mümkündür..."

"Açığı, bunlar təhqiri ya pul qarşılığında, ya da başqa məqsədlər naminə edirlər"-deyə qeyd edən hüquq müdafiəçisinə görə, təhqir edənlər əsas adamlar deyil, onlar sadəcə icraçıdırlar: "Qırmızı cizgiləri aşmaq əxlaqsız hərəkətdir. Vidadi İsgəndərli milli azadlıq hərəkatında iştirak etməyib. Mən bu adamı nə xalq hərəkatında görmüşəm, nə də adını eşitmişəm. O, həbs ediləndə bir neçə hüquq müdafiəçisi ilə Göyçay rayonuna getdik. Onu müdafiə etdik, azadlığa çıxmasına çalışdıq. Ancaq həbsdən çıxandan sonra bizim haqqımızda min söz danışdı. Beləsinə nə deyəsən? İndi də xəbər yayıb ki, guya hökumət göstəriş verib və mən ona zəng vurmuşam. Yalanın, şər və böhtanın da ölçüsü olar...Xaricə təzə gedənlərin bəzisi düşüb ortaya. Üstəlik burada nə siyasətdə olublar, nə də QHT-lərdə fəaliyyət göstəriblər. Onlardan elə sözlər eşidirsən, adamın ağzı açıq qalır... Dövlət hamımızındır. Azərbaycan dövlətinin ünvanına mənfi söz deyəndə mənə pis təsir edir. Dövlətə çamur atanların düşməniyəm".

Tənzilə Rüstəmxanlı: "Onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar"

QHT sədri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da möczu ilə bağlı fikirlərini aşıqlayarkən deyib ki, xaricdə yaşayan bəzi xəyanətkarlar heç vaxt milli maraqlar baxımından fikirlər bildirmyiblər: "Biz Amsterdamda olan zaman həmin vətəndaşları Xocalı faciəsindən danışmadılar. Əksinə, azərbaycanın əleyhinə təbliğat apardılar.

Onun da sözlərinə görə, Azərbaycandan gedən bəzi vətəndaşlar ölkə əleyhinə anti-təbliğat aparmamalıdır: "...Avropaya gedəndən sonra kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Onlar dövlətimizin ağrılı Qarabağ torpağının işğal altında olması, Xocalı kimi bir faciəni yaşanması, 1918-ci il Mart soyqırımı barədə çıxışlar, təbliğatlar etmirlər. Biz Amsterdamda olan zaman həmin insnlar Xocalı faciəsindən danışmadılar. Əksinə, Azərbaycanın əleyhinə təbliğat apardılar. Bu cür hərəkəti ermənilər edir. Bəzən onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar. Biz onalrı alqışlamırıq. Kimsə də alqışlaya bilməz. Ermənistanda qoyub gəldiyimiz dədə-baba torpaqlarımız var. Ordan köç edəndə ermənilər bizim gəncləri və körpələri dəmir boruya salıb, ağzını qaynaqlayıb boğaraq oldürüblər. Bunlardan danışan yoxdur. Tənqid edə bilərlər, amma Azərbaycan bayrağını təhqir edib, ölkə maraqlarına zidd olan işlərlə məşğul olmaq düzgün deyil. Ermənilər əl-ələ verib yığışsa, bu gün bizim orda yaşayan bəzi insanlarımızın ölkəmizə vurduğu zərbəni Azərbaycan dövlətinə vura bilməzdi".

Nəticə olaraq, görünən budur ki, artıq Avropada tərbiyəsizliklər edərək, milli-əxlaqi dəyərlərimizi ayaq altına atanlar, dövlətçilik maraqlarımızı erməni lobbisinin pullarına satanlar, eləcə də onları müdafiə edən radikal müxalifət "liderləri" bu əməllərindən heç bir siyasi səmərə əldə edə bilmədilər. Əksinə, onlar Azərbaycan xalqının daha çox nifrətini qazandılar. Bu isə belə ünsürlərin siyasi ölümü kimi də qiymətləndirilər bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!