Azərbaycana gələn əcnəbilərə xüsusi anketlər paylanacaq

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında sorğu keçiriləcək.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Büro turizm sektoru ilə bağlı detallı statistika hazırlamaq istəyir:

"Bu məqsədlə çox böyük bir layihəyə başlayırıq. İstəyirik ki, Dövlət Sərhəd Xidməti ilə birgə sərhəd keçid məntəqələrində anket sorğusu keçirək. Hələlik ilkin olaraq Azərbaycana gələn 100 min xarici ölkə vətəndaşına anket paylamağı planlaşdırırıq.

O anketlər həmin şəxslərin pasportlarına giriş möhürü vurularkən təqdim olunacaq. Amma anketlərin doldurulması məcburi olmayacaq. Bunlar sadəcə onlayn sayta keçid üçün təklif anketləri olacaq. Onlardan xahiş ediləcək ki, sayta girib oradakı suallara cavab versinlər. Təbii ki, böyük ehtimalla 100 min nəfərin hamısı sayta girib suallara cavab verməyəcək. Amma istənilən halda düşünürük ki, bir neçə min insan bu fürsəti dəyərləndirəcək. Sonda verilən cavablar əsasında turistlərin hansı ölkədən və nə məqsədlə gəldiklərini, onların sosial vəziyyətini, ailəli və ay subay gəldiklərini, eləcə də burada görmək istədiklərini öyrənəcəyik. Biz, məsələn, bilməliyik ki, turistlərlə bağlı infrastruktur yaradılanda nəyə üstünlük verilsin? Onları daha çox neçə ulduzlu otellər maraqlandırır? Onlar otellərdə, yoxsa hostellərdə qalmaq istəyirlər? Onları daha çox hansı əyləncələr, xidmətlər və s. maraqlandırır? Biz bütün mənzərəni tam aydın təsəvvür etməliyik ki, görülə biləcək işlər də o istiqamətə yönəldilsin".

K.Quluzadə qeyd edib ki, ölkəyə gələn turistlərin sayının artmasını və bundan vətəndaşlarımızın daha çox qazanc götürməsini istəyiriksə, mütləq mövcud tələb öyrənilməlidir ki, lazımi təklif də edilə bilinsin:

Xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsinə görə birinci yerdə ənənəvi olaraq Rusiya, ikinci yerdə isə Gürcüstan gedir. Ötənilki göstəricilərə əsasən, İrandan gələnlərin sayının Türkiyədən gələnləri üstələməsi nəticəsində İran bu siyahıda 3-cü yerə çıxıb. Sonrakı yerləri isə ərəb ölkələri və digər dövlətlər tutur.

Lakin xaricdən Azərbaycana gələnlərin hamısını heç də turist adlandırmaq olmaz. Çünki məsələn, Azərbaycana gələn Rusiya və Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti azərbaycanlılardır. Onlar klassik turist deyillər. Onlar otellərdən o qədər də istifadə etmirlər, sadəcə öz ata-baba yurdlarına, yəni elə öz evlərinə gəlirlər. Avropa və ərəb ölkələrindən gələnlərin mütləq əksəriyyəti isə sırf turistlərdir.

Amma elələləri də var ki, onlar Azərbaycana turist kimi gəlmirlər, sadəcə burda işləyirlər. Yaxud da bəziləri bura idmançı kimi yarışlara və ya konfranslarda iştirak etmək üçün gəlirlər. Bu məsələyə nisbətən aydınlıq gətirmək üçün biz ölkəmizə gələnlərin statistikasını daha detallı öyrənməliyik".

Ona görə də Milli Turizm Təbliğatı Bürosunda hesab edirlər ki, ölkəmizə gələn xarici vətəndaşlar arasında sorğunun keçirilməsi bir çox məsələlərə aydınlıq gətirməyə kömək edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.