Azərbaycanlı ovçu "əl-Əhram"a danışdı: "İntuisiya və səbir ən güclü silahlarımdır"

Day.Az представляет новость на азербайджанском языке

Vəhşi heyvan ovu qədim zamanlardan, Adəmin Yer üzərinə enməsindən başlayıb. Bu, insan övladının qida əldə etmək vasitəsi idi. Lakin tezliklə sanki bir idman növünə çevrilib. Bu gün vəhşi heyvan ovu həm də turizmin təşviqində böyük amildir. Məhz bundan sonra ovçuluq çoxları üçün ilham mənbəyinə çevrilib.

Azərbaycan bu sahədə irəli getmiş ölkələrdən biridir. Bu dövlət ovçuluq idmanını inkişaf etdirib və onu sanki Azərbaycanın brendinə çevirib.

Beləliklə, 41 yaşlı azərbaycanlı ovçu Faiq Babanlının peşəkar ovçu olmaq üçün tələb olunan ən mühüm xüsusiyyətlər haqda dediklərini sizə təqdim edirik. "Əl-Əhram" portalı dünyada ən peşəkar ekstremal ovçu siyahısına düşmüş Faiq Babanlı ilə söhbət edib.

Faiq Babanlı peşəkar ovçu kimi dünyanı fəth edib. O, Azərbaycanda tanınmış şəxslərdən biridir. O, sərbəst güləş və qaydasız döyüşdə də böyük uğurlar qazanıb. Lakin hazırda idmandan kənar işlə məşğuldur. Babanlı vaxtını Afrikada, Amazon meşələrində, Boliviya səhralarında, Rusiya çöllərində vəhşi heyvanların ovu ilə məşğul olaraq keçirir.

F.Babanlı "şou-rum"da 80-dən çox ölkədə ovladığı heyvanların obrazlaşdırılmış kolleksiyasını yaradıb. O, 15 ildir Safari Ov Klubu Azərbaycanın rəhbəridir. Bu gün Azərbaycan ekstremal ovçuluq sahəsindəki beynəlxalq reytinqlərdə lap öndədir.

Peşəkar ovçu olmaq üçün əsas tələblər

Faiq Babanlı deyir ki, ovçunun güclü hissiyyatı və enerjisi, həmçinin çevik reaksiya qabiliyyəti olmalıdır. Ovçudan cəngəllikdə heyvanın reaksiyasını gözləyərkən çox böyük səbir tələb edilir. Çünki heyvan sənin harada olduğunu dəqiq bilir. Başqa sözlə, əslində sən onun arealındasan. Yeri gəlmişkən, ov mexanizmləri və texnikaları ovlanan heyvandan asılı olaraq dəyişir. Bu, ovçuluq peşəsinin reallığıdır.

Faiq "Əl-Əhram" portalına müsahibəsində deyib: "Bu təcrübələri reallıqda yaşamış, lazımi təlimlər almışam. Mən ox-kaman atıcılığına, vəhşi heyvanların ovlanmasında istifadə edilən silahlara daim böyük maraq göstərmişəm. Bu peşə müxtəlif treninqlər və böyük həvəs tələb edir. Burada söhbət sadəcə, "sakit" meşələrdə ov həvəskarlığından getmir. Burada həm də ov silahlarından, fil və ya şir kimi iri heyvanları ovlamaq üçün müxtəlif  güllələrdən istifadə etmək bacarığı lazımdır".

Dünyada peşəkar ovçu ləqəbini necə əldə edirsən?

Babanlı insan ayağı dəyməmiş ən təhlükəli vəhşi təbiətdə ov edir. Halbuki, heç də tanınmış ovçuların hamısı belə yerlərə yollanmağa risk etmir. O, bunu edən az sayda insanlardandır. Babanlı cəngəlliyin dərinliklərinədək gedə bilir.

Dünyada peşəkar ovçuların reytinqi necə formalaşır?

"Bunu qızıl şlem, brilyant şlem kimi şlemlər əsasında təyin edirlər. Məsələn, bəzi ovçular dağkeçilərinin kolleksiyasını yığır. Bu səbəbədən də reytinqə düşürlər", - deyə Babanlı bildirir.

Bununla yanaşı, ovçuluqda "Dangerous game" var. Hansı ovçu Afrikanın 5 (leopard, fil, vəhşi camış, kərgədan, şir) vəhşi heyvanından birini vursa, o, dünyanın peşəkar ovçuları siyahısına salınır.

Bəs Babanlı bu reytinqə hansı cəhətinə görə reytinqə düşüb?

Həmsöhbətimiz deyir ki, o, siyahıya ekstremal ovçu olduğu üçün dacil edilib. Babanlı qeyd etdiyi 5 heyvandan 4-nü (kərgədan istisna olmaqla) ovlayıb.

Əl-Əhram, Misir

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.