Son on ildə Azərbaycan əsrlərə bərabər yol keçib

Day.Az представляет новость на азербайджанском языке

Ölkədə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət Azərbaycanın bütün sahələrdə uğur əldə etməsilə nəticələnib. Təbii ki, əldə olunan bu inkişaf həm ölkəmizin güclənməsinə, həmçinin də insanların sosial-rifah halının daha da yaxşılaşmasına öz təsirini göstərib. Azərbaycan istənilən bir sahədə əldə etdiyi tərəqqiyə, inkişafa görə bölgənin lider, öndə olan dövlətidir. Azərbaycanın istəyi və razılığı olmadan bölgədə hər hansı bir layihəni həyata keçirmək qeyri-mümkündür. Ölkəmiz yerləşdiyi regionun iqtisadiyyatının 85 faizini özündə formalaşdırır. Sözün əsil mənasında sadalanan faktlar 27 il müstəqillik tarixi olan bir ölkə üçün çox böyük uğurdur. Azərbaycan bu gün dünyada rəqabətqabiliyyətliyinə görə ön yerdə dayanır. Son illər ərzində ölkəyə milyardlarla sərmayə qoyulub. Qeyri-neft sektoru, sənayemiz uğurla inkişaf etdirilir. Bu gün Azərbaycanda neft gəlirləri insan kapitalına çevirlir, dövlət hesabına minlərlə gəncimiz dünyanın ən yaxşı ali məktəblərində təhsil alır, Azərbaycan artıq kosmik ailənin üzvlərindən birinə çevirilib. İnsanlarımızın sosial təminatı ildən-ilə yaxşılaşır.

Azərbaycanın şərəfli tarixi

Vəkil Rövşən Qasımov deyir ki, bütün bunlara birdən birə nail olunmayıb: "Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. O da etiraf edilməlidir ki, peşəkar ordusu olan ölkənin müstəqilliyi də əbədidir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər". Onun bildirdiyinə görə, son on ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin dünyadakı nüfuzu artıb. Ölkədə həyata keçirilən düşünülmüş xarici siyasət bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunub. Azərbaycanda hökm sürən daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsini tmin edib. Hazırda həyata keçirilən, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılıb. Demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmaqdadır. Heç şübhəsiz ki, bunun kökündə müasir Azərbaycanın gerçəklikləri-ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi təşkil edir".

 

***

Hazırda uğurla davam etdirilən və gələcəyə hesablanmış xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirərək söz sahibinə çevrilib. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu bir daha təsdiq edir. Azərbaycanda artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlər keçirilir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir: "Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq hiss olunur. Nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların hesabatlarında bütün sahələrdə əldə olunan uğurlar təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin on qeyri-daimi üzvündən biri seçilməsi ölkədə həyata keçirilən xarici siyasətin məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir.Təhlükəsizlik Şurasının üzvü olmaq təyinatla və növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə baş verdiyini nəzərə alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə yüksək olduğunu açıq şəkildə görərik". Qətiyyətlə demək olar ki, təkcə son on ildə Azərbaycan əsrlərə bərabər yol keçib. Makroiqtisadi sabitliyin qorunub saxlanılması və inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı və tarazlı inkişafı cəmiyyətin layiqli həyat səviyyəsinə yüksəlməsinə şərait yaradıb. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul son on ildə 3,4 dəfə artıb. Dünya Bankının məlumatına əsasən, Azərbaycan dünya ölkələri arasında ÜDM-in artım səviyyəsinə görə lider mövqedə olmaqla yanaşı, dünyanın orta artım göstəricisini 2,6 dəfə qabaqlayır. Məhz bu kimi amillər Azərbaycanın dünyaya model dövlət kimi təqdim edilməsinə imkan verir.

Olaylar.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.