"Təhqir də bir cinayətdir"

14 марта 2018 17:44

Day.Az представляет новость на азербайджанском языке

"Baxmayaraq ki, Azərbaycanda müstəqilliyimizin 27-ci ilini yaşayırıq, amma biz normal, sivil bir müxalifət formalaşdıra bilmədik. Şübhəsiz ki, müxalifətin parlamentdə təmsil olunan nümayəndələri istisna olmaqla parlamentdən kənarda qalan hissəsi yəni özlərini müxalifət partiyaları adlandıranlar hakimiyyət uğrunda mübarizəni çox qeyri-sivil, vəhşi formada hətta dövlətə qarşı mübarizə şəklində aparmağa üstünlük verirlər. Əslində, bunları heç müxalifət partiyaları da adlandırmaq olmaz".

Day.Az bildirir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, partiya odur ki, seçkilərdə iştirak edir, bələdiyyələrdə, parlamentdə yer tutur, prezident seçkilərinə qatılır və öz platforması ilə çıxış edir. Eləcə də tərəfdarlarını öz ətrafına yığır və səslər toplayır və s. Əli Kərimlinin ətrafında toplaşan insanlar və Azərbaycandan gedənlər xaricdə Vətənə xəyanət yolunu tutaraq ölkəmizə qarşı müxtəlif düşmən qüvvələrin, o cümlədən erməni və ermənilərə bağlı təşkilatların əlində alətə çevriliblər. Onların maliyyə dəstəyi sayəsində Azərbaycana qarşı düşmənçilik aparırlar.

Bəs bunların mübarizə yolları nədir?

Bunların mübarizə yolları təhqirdir, söyüşdür və qarğışdır. İndiki XXI əsrdə bütün bunlardan istifadə etmək nəinki bir siyasi əxlaqa, ümumiyyətlə mədəni əxlaqa sığmayan bir məsələlərdir. Heç şübhəsiz ki, bu insanların öz ətraflarında bir nüfuzları yoxdur. Hətta bəlkə ailə üzvləri də onların hansı yolla çörək pulu qazandıqlarını bilsələr, heç o çörəyi yeməzlər. Hesab edirəm ki, onların Azərbaycan dövlətinə qarşı bu mövqe tutması ilk növbədə onların milli naqisliyindən və mənəvi kasıblığından irəli gəlir. Digər tərəfdən görünür bu insanlarda şərəf, ləyaqət anlayışları tam deformasiya olunmuş bir şəkildədir. Bu gün Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır.

Dövlətçiliyimiz möhkəmlənir, gündən-günə yüksəlir, iqtisadiyyatımız getdikcə artır, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir və s. Belə bir dövrdə özünü Azərbaycanlı sayan insanların bu cür iyrənc yol tutması çox böyük bir naqislikdir və şərəfsizlikdir. Biz heç o insanlarsa önəm də verməli deyilik. Son dövrlərdə sosial şəbəkələrdə, bəzi saytlarda Azərbaycanın rəhbər şəxslərinə, onların ailə üzvlərinə, millət vəkillərinə, hörmətli ziyalılarımıza qarşı təhqirlər var. Təbii ki, bunlar müxtəlif Azərbaycana düşmən qüvvələrin təhriki, onların maliyyəsi ilə həyata keçirilib. Bax, bunlara qarşı mübarizə aparılmalıdır. Biz cəmiyyət, fərd olaraq da onlara öz sözümüzü deməliyik. Hesab edirəm ki, dövlətin də müvafiq qurumları bu insanların qanun qarşısında cavab vermələri üçün tədbirlər görməlidir. Təhqir də bir cinayətdir və cinayətə görə də hər kəs cavab verməlidir. İkincisi, düşünürəm ki, dövlətin müvafiq qurumları tərəfindən sosial şəbəkələrə nəzarət artırılmalıdır. Azərbaycan xalqı ağı-qaradan çoxdan seçib. Xalq özünün liderini seçir və dəstəkləyir. Yaxın günlərdə ölkəmizdə keçiriləcək prezident seçkilərində də Azərbaycan xalqı öz sözünü deyəcək. Bu söz də həmin anti-azərbaycan qüvvələrinə ölüm hökmü olacaqdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!