ABŞ-ın Qarabağ siyasəti "mavi"nin ümidinə qalıb: Vaşinqtonda erməni şousu

Day.Az представляет новость на азербайджанском языке

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan 4 nəfərlik dəstəsi ilə ABŞ-dadır.

O, Ermənistanın ABŞ-dakı səfiri Qriqor Hovannisyanla görüşüb, daha sonra Milli Maraqlar Mərkəzində (Center for the National Interest, CNİ) görüş keçirib.

CNİ hazırda ABŞ-da iqtidarda olan Respublikaçılar Partiyasındakı mülayim düşərgnin nəzarətindəki struktur sayılır.

ABŞ ermənilərinin iki ən nüfuzlu və pullu təşkilatı olan "Hay Dat" (Erməni məsələsi") Komissiyası və Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən təşkil olunmuş səfər "proqram"ı çərvəsində sonuncu görüş Konqres binasında olub.

Erməni mediası bunu "Bako Saakyan konqresmenlərlə görüşdü!" tipli "urra!" xəbərlər formasında təqdim etsə də, əslində, həmin yığnağa, sadəcə, ermənipərəst, daha doğrusu, ermənilərin pulları müqabilində onlara xidmət göstərənlər və Dağlıq Qarabağa qanunsuz səfərlər edənlər yığışmışdılar.

Həmin fiqurlarn Frenk Pallone, Ceki Speyer, Devid Valadao, Adam Şiff, Devid Çiçilline, Cim Kosta, Anna Eşu, Bred Şerman, Cek Rid, Ed Roys və Eliot Enqel idilər.

Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə rəğmən, Saakyanın Vaşinqtona səfəri erməni pulları ilə yemlənən bir dəstə konqresmenlər, habelə erməni diasporunun nümayəndələrindən savayı kimsənin diqqətini cəlb etmədi.

Görüş zamanı B.Saakyan qarabağlı separatçılara verdikləri dəstəyə görə həmin adamlara Xankəndidəki separatçı rejimin "Minnətdarlıq" medallarını da verib.

"Medal"la təltif olunanlar arasında ABŞ-da homoseksual olduğunu rəsmən etiraf etmiş ilk mer olmuş, indisə konqresmenə çevrilən Devid Çiçilline də vardı.

İki "erməni dostu", iki idiot

"Biz Dağlıq Qarabağ ermənilərinin dövlət müstəqilliyinin tanınmasına çalışmalıyıq. Yalnız bu müstəqilliyinin ABŞ tərəfdən tanınmasından sonra qarabağlı ermənilərin layiq olduqları ədalət zəfər çalacaq".

Amerikalı konqresmen, ermənilərin "çoxillik və sadiq dostu" adlandırılan Frenk Pallone Twitter-dəki mikrobloqunlda belə yazıb.

O, ABŞ Konqresindəki "Ermənistana Dəstək Qrupu"nun digər üzvləri, yəni ermənipərəst konqesmenlər və senatorlarla birlikdə ABŞ prezidenti Donald Tramp administrasiyasına yazılı müraciət edərək qarabağlı ermənilərin separatçı qurumunun rəsmi Vaşinqton tərəfindən "Dağlıq Qarabağ Respublikası" qismindən rəsmən tanınmasını xahiş edəcək.

F.Pallonenin fikrincə, yalnız Xankədinin danışıqlar prosesində tərəf kimi təmsil olunması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına imkan verəcək.

Digər "erməni dostu" olan konqresmen Cim Kosta isə Azərbaycanın erməni işğalında olan Dağlıq Qarabağ bölgəsini "Arsax" adlandıraraq Twitter-də yazıb: "Arsaxın demokratik müstəqilliyini və yerli erməni xalqın milli müqəddəratını təyin etmək hüququnu dəstəkləməliyik".

F.Pallone və D.Kosta "erməni dostları" adlandırılsalar da, onlar yalnız tamahlarının və mənafelərinin təminatına çalışaraq ABŞ-dakı erməni diasporunun faktiki olaraq marionetkalarına çevriliblər.

Onlar həm siyasi (ABŞ-dakı erməni seçicilərin səsləri), həm maliyyə (erməni diasporunun "ianə" və "lobbi fəaliyyətinin ödənməsi" qismində verdiyi pullar), həm də təşkilati (fəaliyyətlərini "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səyləri") baxımdan ermənilərdən tam asılı fiqurlardır.

Özü də beynəlxalq hüququ bilməyən, siyasi kəmsavad - bir sözlə, amerikalıların siyasi lüğətində "rednek siyasətçi" adlanan binəvalar.

Əks təqdirdə Pallone ilə Kosta Azərbaycan ərazisində "ikinci erməni dövləti"nin yaradılmasını istəməz, bu marazmın dəstəklənməsi üçün Ağ Evə müraciət etməzdilər və ən nəhayət, dövlətlərin sərhəd toxunulmazlığı prinsipinin millətin müqəddəratının həlli prinsipdən üstün durduğunu anlardılar.

Amma çətin.

Çünki bu zavallılar ermənilərin artıq bir dəfə milli müqəddəratlarını təyin etdiklərini və bunun sonucunun da Ermənistan olduğunu dərk edərdilər.

Pallounla Kosta belə "təşəbbüs"lərlə çıxış etməklə ATƏT-in Minsk Qrupunda həmsədr dövlət statusuna malik ABŞ-ın mövqelərini hansı zərbələr altına qoyduqlarının fərqinə varmırlar.

Separatçıların tələblərini tanıyan dövlət həmin separatçıların yaratdığı problemlərin həllinə yönəlmiş prosesdə vasitəçi ola bilərmi?

Məntiqlə, əsla.

Pallounla Kosta bunu bilərək ermənilərin şivən xoruna qoşulursa, yazıq amerikalı seçicilər...

Bağışlayın, amma belə davranışı yalnız idiotizm saymaq olar.

"Ermənilərə pul, azərbaycanlılara cəza"

Bu arada ABŞ Nümayəndələr Palatasının 36 üzvü Frenk Pallonenin daha bir təşəbbüsünü dəstəkləyiblər. F.Pallone Konqresin caricim yardımlar üzrə alt komissiyasının sədri Hal Rocers və bu alt komissiyanın üzvü Nit Loueyə müraciət edərək 2019-cu ildə Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejimə 70 milyon dollarlıq maliyyə yardımı göstərilməsini istəyib.

ABŞ-dakı erməni diasporunun ən nüfuzlu təşkilatı sayılan "Hay Dat" ("Erməni məsələsi") Komissiyasının icraçı direktoru Aram Hamparyan dərhal F.Palloneyə minnətdarlıq edib.

F.Pallone ABŞ-ın Azərbaycana hərbi yardımlarını dayandırmasını və "Azadlığa dəstək aktı" adlanan 907-ci qətnamənin bərpasını istəyir.

Həmin sənəd isə "Ermənistana qarşı aqressiv davranışı dayandırmayınca" Azərbaycana hər hansı formada yardımların göstərilməsini yasaqlayır.

Niyə məhz Saakyan?

ABŞ  qarabağlı erməni separatçıların lideri, terrorçu Bako Saakyanı Vaşinqtona çağırmaqla guya Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həlli yollarını aradığını və nizamlanma prosesini sürətləndirmək niyyətində olduğunu vurğulayır.

Sən demə, Vaşinqtondakı isteblişment danışıqlar prosesində mümkün, önəmli və ciddi dəyişikliklər ərəfəsində qarabağlı ermənilərin mövqelərini öyrənmək istəyir.

Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçiriləcək. Seçkilərdə sonra Dağlıq Qarabağ münaqişəsinin nihamlanma prosesində dəyişikliklər ola bilər.

Amerikalılar vurğulayırlar ki, Dağlıq Qarabağ ətrafında yerləşən, hazırda erməni işğalında olan 5 rayon azad edilərək Azərbaycana verilə bilər.

Ermənilərsə, təbii, bu "bufer zona"dan məhrum olmaq istəmirlər və deyirlər ki, həmin ərazilər "Dağlıq Qarabağ Konstitusiyasına görə qarabağlı ermənilərə məxsusdur".

Bako Saakyanın Vaşinqtona səfəri barədə onun ABŞ-a yollanmasından cəmi bir gün əvvəl məlumat verilməsi də rəsmi Vaşinqtonun vizitə hazırlıqları mümkün qədər gizlətməyə çalışmasından xəbər verir.

D.Tramp administrasiyası yaxşı bilirdi ki, rəsmi Bakı bu səfər barədə preventiv məlumat tutardısa, ABŞ-dakı diaspor qurumlarının vasitəsilə səfərə mane olacaqdı və səfər ümumiyyətlə, baş tutmayacaqdı.

"Bako Saakyanın separatçı rejimin rəhbəri olduğunun fərqindəyik. Laki Dağlıq Qarabağ problemini həll etmək istəyiriksə, qarabağlı ermənilərin mövqelərini bilməliyik", - amerikalı siyasətçilər deyirlər.

Çox zəif bəraət, primitiv və yanlış məntiqdir.

ABŞ Suriyada da münaqişəni həll etməyə çalışır, amma Suriya prezidenti Bəşər Əsədin nümayəndələri "mövqe öyrənmək" adı ilə Vaşinqtona çağırılmır.

Eritreya, Sudan, Somali, Əfqanıstan, Nigeriya, Filippindəki separatçılar da Vaşinqtona dəvət almırlar: onların mövqeləri, nə düşündükləri ABŞ rəhbərliyini əsla maraqlandırmır.

Çünki həmin separatçılar terrorçular sayılır.

Bəs "mavi" konqresmenin də qatıldığı görüşdə nədən Bako Saakyan vardı ki?

ABŞ, deyəsən, yeni səhvini etiraf etməmək üçün yenə qarışıq ifadələrlə ört-basdır etməyə çalışır.

Əslində, Dağlıq Qarabağ münaqişəsi məsələsində Vaşinqton nə zaman ikili standartlardan əl çəkib ki...

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.