Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Day.Az представляет новость на азербайджанском языке

Martın 19-da keçiriləcək Novruz bayramı şənlikləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Day.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, martın 19-da səhər saatlarından Bakı-Ələt magistralının 14-cü kilometrliyindən, "20-ci sahə" dairəsindən, Bayıl qəsəbəsindən, Bayraq Meydanı ətrafından, "Dalğa Plaza" inzibati binasının yanından paytaxtın Azneft dairəsi, Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamətlər dəyişdiriləcək: "Bu tədbirlərin məqsədi Novruz bayramı şənliklərinə qatılan insanların təhlükəsizliyini və onların intensiv hərəkətini təmin etməkdir. Ona görə də Neftçilər prospektinə gedən, kəsişən küçələrdə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan başqa, şənliyin keçirildiyi ərazilərdə avtomobillərin park edilməsi qadağan olunacaq. Nəqliyyat vasitələrini yalnız "Azadlıq" meydanının altındakı dayanacaqda park etmək olar". 

V.Əsədov deyib ki, şənliklərə qatılmaq istəyən vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur. 

 

Onun sözlərinə görə, martın 19-u saat 13:00-da məhdudiyyət aradan qaldırılacaq və həmin küçələrdə nəqliyyatın hərəkəti bərpa olunacaq. 

Qeyd edək ki, həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qız Qalasından start götürəcək bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında başa çatacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.