Sumqayıtda Novruz şənliyi

Day.Az представляет новость на азербайджанском языке

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramını sumqayıtlılar da böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Heydər Əliyev Parkından start götürən bayram şənliyi bütün şəhəri əhatə edib, axşam saatlarında küçələrdə atlılar məşəllə dövrə vurub. Martın 19-da ümumşəhər şənliyi Kimyaçı Mədəniyyət Sarayının qarşısındakı meydanda davam edib.

AZƏRTAC xəbər verir ki, bahar təranələri sədası altında başlayan şənlikdə milli geyimli rəqqasların, musiqiçilərin müşayiəti ilə meydana daxil olan Dədə Qorqud və Bahar qız yazın gəlişini müjdələməklə sumqayıtlıların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.

Şəhər sakinlərinə baharın bolluq, bərəkət gətirməsini arzulayan Dədə Qorqud yağı tapdağında olan yurd yerlərində tezliklə səmənilərin cücərdiləcəyi, Novruz tonqallarının qalanacağı günün yaxında olduğunu bildirib. Qazan xanın igidləri atla meydanda dövrə vuraraq sakinlərdə bayram, qələbə ab havası yaradıb.

Mərasimdə bayram tonqalı alovlandırılıb. Keçəl, Kosa və Bahar qız şəhər sakinlərinə Novruzun ab-havasını hiss etdirib. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun, Milli Məclisini deputatları Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi şənlikdə bayram ovqatlı sərgilər, əl işlərindən ibarət nümunələr, aşıq havaları, meyxanalar, xalq oyunları, milli rəqslər, məktəblilərin ədəbi-bədii kompozisiyaları, folklor nümunələri, qədim ənənələrimizi tərənnüm edən adətlər, milli mətbəx nümunələri, Keçəllə Kosanın məzəli əhvalatları, kəndirbazların hərəkətləri, idmançıların, pəhləvanların rəngarəng çıxışları nümayiş olunub.

Bayram şənliyində bildirilib ki, Novruz adət-ənənələrimiz əsrlər boyu yaşadılaraq bu günədək çatdırılıb. Novruz bayramı bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur.

Şəhər sakinlərinin bayram sevinci respublikanın tanınmış incəsənət ustalarının ifasında musiqili bədii proqramla davam edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.