Novruz bayramının dinimizdəki yeri

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda hələ qədim dövrlərdən qeyd olunan bu bayram başqa bir çox xalqlar tərəfindən də yümsək təmtəraqla keçirilir. Fars dilində "yeni gün" mənasına gələn "Novruz" kəlməsi adından da göründüyü kimi yeni ilin, yeni fəslin gəlişini bildirir.

Belə ki, İran, Əfqanıstan kimi bəzi ölkələrdə hicri-şəmsi təqvimə əsasən ilin başlanğıcı məhz Novruz bayramına təsadüf edir. Bundan başqa məhz bu gün gecə ilə gündüz bərabərləşir, təbiət oyanır və bahar fəsli yerin şimal yarımkürəsinə daxil olur. Hələ qədimdən əkinçiliklə məşğul olan bir çox xalqlar bu günü bayram kimi qeyd etmiş, torpağa bağlı olduqları üçün torpağın oyanması hadisəsini müxtəlif rituallarla şadyanalığa çevirmişlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, Azərbaycan tarixən müxtəlif etiqadların və sivilizasiyaların yayıldığı yer olduğu üçün, bu gün burada qeyd olunan Novruz bayramına da bir çox müxtəlif qatqılar olmuşdur. Xüsusilə atəşpərəstliklə bağlı ayinlərin bu bayrama daxil edilməsi də bütün bunların nəticəsidir. 


Əziz möminlər!

Bildiyimiz kimi, İslam dini humanist bir din olaraq yayıldığı ərazidəki xalqların adət-ənənəsinə böyük hörmət göstərmişdir. Əgər həmin adət və ənənələrdə dinə zidd heç bir ünsür yoxdursa, İslam dini onu rədd etməmiş, əksinə yaşaraq daha da inkişaf etməsinə kömək olmuşdur. Bu səbəbdən bugünkü Azərbaycanda da dini bayramlarımız olan Qurban və Ramazan bayramları ilə yanaşı, Novruz bayramı da milli bir bayram kimi yüksək şəkildə qeyd olunur.

Amma unutmamalıyıq ki, bu bayramı qeyd edərkən dinimiz tərəfindən bəyənilməyən əməllərdən uzaq qalmalı, xüsusilə, qapıları gəzərək başqalarının nə danışdığına qulaq asmaq, ocaqdan müxtəlif şeylər istəyərək arzuları dilə gətirmək, müxtəlif cür fala baxmaq kimi günah əməllərdən özümüzü gözləməliyik. 

Diqqətlə incələsək görərik ki, bir çox yönləri ilə Novruz bayramı özündə mənəvi-əxlaqi dəyərlər əks etdirir. Bu bayramda küsülülərin barışması, insanların bir-birləri ilə bayramlaşmaları, evlərində bişirdikləri yemək və şirniyyatlardan bir-birlərinə pay vermələri hər cəhətdən müsbət hallardır. Təsadüfi deyil ki, başqa bayramlarda (məsələn, Yeni ildə) dindən uzaq olan ailələrdə spirtli içkilərdən istifadə olunursa, Novruz bayramında bu hala nisbətən az təsadüf olunur. Bu da özü-özlüyündə bu bayramın kökündə dini-əxlaqi dəyərlərin dayandığını göstərməkdədir. 


Əziz müsəlman bacı və qardaşlar!

Bildiyimiz kimi, bayramlar, insanların bir-birlərini sevindirmələri, qohum-əqrəbaya baş çəkmək, xəstələri yoluxmaq, imkansız insanlara əl tutmaq, uşaqların üzlərini güldürmək kimi xoş davranışlar üçün səbəblər təşkil edir. Bütün bunlar İslamın da tövsiyə etdiyi gözəl əməllərdəndir. Elə isə, biz də bu bayramdan istifadə edərək öz ətrafımızda sevgi və qardaşlıq bağlarını möhkəmlədək, bayramımızı dinimizin əmrləri çərçivəsində qeyd edək. Çalışaq ki, heç bir şeydə həddi aşmayaq. Çünki Allah həddi aşanları sevmir.

Bir daha hamınızı baharın gəlişi münasibətilə təbrik edirik. 
 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.