"Azərbaycan dövləti demokratik seçkilər keçirmək ənənəsinə və iradəsinə sahibdir"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan dövləti demokratik seçkilər keçirmək ənənəsinə və iradəsinə sahibdir". Day.Az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu günə qədər ölkəmizdə keçirilən seçkilər demokratik prinsiplərə və seçki qanunvericiliyinin tələblərinə əsaslanmaqla xalqımızın siyasi iradəsini dolğun şəkildə əks etdirib. Onun sözlərinə görə, aprelin 11-də keçiriləcək prezident seçkiləri də bu baxımdan istisna olmayacaq.

Azərbaycanda seçkilərin demokratik, azad və şəffaf şəkildə baş tutması üçün əlverişli şəraitin yaradıldığını deyən deputat söyləyib ki, seçkinin keçirilməsinə məsul olan qurumlar lazımi hazırlıq işlərini uğurla həyata keçirir, bütün texniki məsələlər həllini tapıb, müvafiq seçki komissiyalarının maddi-texniki təminatı gücləndirilib.

"Seçkilərdə iştirak edəcək namizədlərə bərabər, rəqabət mühitinin yaradılması, geniş təbliğat, təşviqat imkanlarının olması prezident seçkilərinin azad və ədalətli  keçiriləcəyinə əminlik yaradır. Bunlarla yanaşı, prezident seçkilərinə ictimai marağın, seçicilərin böyük diqqətinin olması xalqımızın bu seçkilərin Azərbaycanın inkişafı tarixində əhəmiyyətini yüksək qiymətləndirdiyini göstərir. Hazırda prezident seçkiləri ilə əlaqədar xalqımızın əhval-ruhiyyəsi olduqca yüksəkdir. Şübhə etmirik ki, Azərbaycan dövləti və xalqımız aprelin 11-də keçiriləcək prezident seçkilərini yüksək səviyyədə başa vuracaq" - deyə, deputat vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.